Yenixeber.org: Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qüvvəyə minsə də, onun icrası ilə bağlı qaydalar hələlik mövcud deyil. Buna baxmayaraq bəzi qapalı məkanlarda artıq "Siqaret çəkənlər 30 manat məbləğində cərimə olunacaq" tipli lövhələr asılıb.
 
Ümumiyyətlə Nazirlər Kabineti qanundan irəli gələn məsələlərlə əlaqədar qərar qəbul edənə qədər kimsə cərimələnə bilərmi?
 
Qaynarinfo bu sualla millət vəkili Musa Quliyevə müraciət edib. Deputat bildirib ki, qanun artıq qəbul olunub, lakin onun tətbiqi ilə bağlı mexanizmlər hazır olana qədər heç kim cərimələnə bilməz:
 
"Prezident artıq sözügedən qanunun qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb və Nazirlər Kabinetinə 3 ay müddətində qapalı məkanlarda siqaret çəkilməsinə nəzarət mexanizminin hazırlanması ilə bağlı göstəriş verib. Ondan sonra İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olacaq və cərimələrin məbləğləri müəyyənləşdiriləcək. Qanun prinsipcə işləyir, lakin sözügedən maddə isə 3 aydan sonra tətbiq ediləcək.
 
Bütövlükdə qanun təkcə qapalı yerlərdə siqaret çəkilməsinə qarşı yönəlməyib, eyni zamanda profilaktika, marifləndirmə tədbirləri, KİV-də tütün məmulatlarının təbliğatının aparılmaması və s. də burada öz əksini tapıb. Amma sözügedən maddə dediyim kimi, mart ayında, Nazirlər Kabinetinin qərarından sonra tam gücü ilə işləyəcək. Qanunda qeyd olunub ki, sahibkarlar bununla bağlı xüsusi lövhələr yazıb yapışdırmalı, özləri də buna nəzarət etməlidirlər. Mən bildiyim qədərilə Nazirlər Kabinetindən və ya İqtisadiyyat Nazirliyindən onların hamısına məktub gedib. Vətəndaşlarımız da, sahibkarlar da bilməlidirlər ki, qapalı yerlərdə siqaret çəkmək olmaz və bu qanun artıq qüvvəyə minib. 2001-ci ildə qəbul olunan "Tütün və tütün məmulatları" haqqında qanunda qeyd olunurdu ki, onun icrasına DİN və FHN nəzarət edir. Lakin yeni qanun qəbul edildikdən sonra, artıq köhnə qanun qüvvədən düşüb. Bu səbəbdən düşünürəm ki, hələlik yeni mexanizm hazır olana qədər heç kim heç kimi cərimələyə bilməz və məncə heç bir polis əməkdaşının da hələlik cərimə yazmaq səlahiyyəti yoxdur".
 
Çingiz Səfərli