Əhliman Əmiraslanov:"Azərbaycanda donorluq demək olar ki, yox dərəcəsindədir”.
Gələcəkdə gözün buynuz qışasının transplantları ölkəmizdən ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkündür.
Yenixeber.org: Bunu Milli Məclisin (MM) Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı problemlər var idi: "Bu problemləri aradan qaldırmaq üçün gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Çox təəssüflər olsun ki, orqan transplantasiyası kifayət qədər geniş həyata keçirilmir. Azərbaycanda donor məsələsi bir daha müzakirə edilməli və qanuna yenidən baxılmalıdır. Azərbaycanda donorluq demək olar ki, yox dərəcəsindədir”.
MM-in yaz sessiyasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin edildiyini deyən Ə.Əmiraslanov qeyd edib ki, MM-in payız sessiyasında “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələrinin müzakirəsi, “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
Hələ bir necə il əvvəldən müzakirə olunmağa başlayan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin artıq tam hazır olduğunu və müəyyən iradların nəzərə alınmaqla hazırlandığını deyən komitə sədri hesab edir ki, bu qanun layihəsini yaxın vaxtlarda MM-in plenar iclasına çıxarmaq mümkün olar.
Ə.Əmiraslanov qeyd edib ki, “Psixoloji yardım haqqında” qanun layihəsi tam hazırdır. Onun fikrincə, MM-in payız sessiyasında bu layihənin I oxunuşda müzakirəyə çıxarılması mümkündür.
Ə.Əmiraslanov deyib ki, komitəyə daxil olan əsas müraciətlər xaricdə müalicə ilə bağlıdır: “Lakin çox vaxt müalicə üçün müraciət edən insanların müraciətləri əsassız olur. Çünki ölkədə səhiyyənin maddi-texniki bazası o qədər inkişaf edib ki, Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik, patologiya yoxdur. Amma ödənişlə bağlı problemlərlə rastlaşırıq, çalışırıq ki, onu həll edək.
Ə.Əmiraslanov qeyd edib ki, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı ciddi tədbirlər həyata keçirilir.