Orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq
Yaxın vaxtlarda Azərbaycanda orqan transplantasiyası üçün xüsusi klinikalar yaradılacaq.
"Xeberinfo.com": Məlumata görə, bunu Trend-ə açıqlamasında Milli Məclisin sosial-siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda bir sıra klinikalar orqan transplantasiyası əməliyyatını həyata keçirsələr də, tibb müəssisələrinin hamısında bu imkanlar yoxdur.
Millət vəkili qeyd edib ki, yeni yaradılacaq klinikalarda orqanların transplantasiyası üçün hər cür şərait təşkil olunacaq: “1999-cu ilin oktyabrın 28-də Azərbaycanda Mili Məclisdə orqan transplantasiyası ilə bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun layihəsi qəbul olunub. Hazırda ölkədə bu işi görə bilən klinikalar mövcuddur. Amma texniki baxımdan bəzi çatışmazlıqlar var. Ona görə insanlarda klinikaların bu işi yaxşı görə biləcəyinə inam azdır. Yeni yaradılacaq klinikalarda bu işi yüksək səviyyədə görmək üçün hər cür şərait formalaşdırılacaq. Artıq vətəndaşlarımızın orqan transplantasiyası üçün digər ölkələrə getməsinə lüzum qalmayacaq”.
Millət vəkilinin sözlərinə görə, bununla bağlı işlər gedir və çox qısa vaxtda sözügedən klinikaların yaradılmasına başlanılacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu qanun layihəsində bir sıra qadağalar öz əksini tapıb.
Belə ki, 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi, respiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan, həmçinin respiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan şəxslərdən, məhbuslardan, hərbi əsirlərdən orqan və ya toxumaların götürülməsi, donorların bu işə məcbur edilməsi qadağandır.
Həmçinin orqan və toxumaların alqı-satqısı, tibb işçilərinin transplantasiya haqqında məlumat yayması, ölüm vəziyyətində olan potensial donorun müalicəsində transplantoloqun iştirakına yol verilmir.
Qeyd edək ki, Bakıda M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası böyrək, Mərkəzi Gömrük Hospitalı qaraciyər, mədəaltı vəz və onun seqmentləri, böyrək, gözün buynuz qişası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi – gözün buynuz qişası, Mərkəzi Neftçilər Xəstəxanası – qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası üzrə transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələridir.