Metropoliten 6 ailəni evindən didərgin saldı
"Xeberinfo.com": Binəqədi rayonu, 7-ci mikrorayon, 3126/27-ci məhəllədə yaşayan qaçqınların evlərinin söküntüsünə başlanılıb.
Metropoliten özü ilə gətirdiyi jurnalistlərin çəkiliş aparmasına şərait yaradıb
Ərazini polislərin, ağır texnika, təcili tibbi yardım, polis və yanğınsöndürən maşınlarla əhatəyə alandan sonra söküntü işləri başlanılıb.
Sözügedən ünvanda evlər tikmiş 6 məcburi köçkün ailəsinə 2 gün öncə “Bakı Metropoliteni” QSC-nin nümayəndələri tərəfindən ərazinin boşaldılmasına dair son xəbərdarlıq edilmişdi.
Bakı Metropoliteninin rəhbərliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri də ərazidə olublar, ancaq jurnalistlərin çəkiliş aparmasına imkan verilməyib. Yalnız Metropolitenin özü ilə gətirdiyi jurnalistlərin işləməsinə şərait yaradılıb. Onlar isə hadisə baş verən ərazini deyil, söküntünü işıqlandırırdılar.
Metropoliten rəhbərliyi köçkünləri çıxmayacaqları təqdirdə evlərinin başlarına uçurulacağı, kişiləri isə həbs olunacaqları ilə hədələyiblər.
Onu da qeyd edək ki, məcburi köçkünlərin zorla köçürülməsini Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları kənardan seyr edirlər.
Metropoliten rəsmisi vətəndaşlarla razılığın əldə olunmadığını deyib
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə “Trend”-ə bildirib ki, məcburi köçkünlərə edilən son xəbərdarlığa baxmayaraq, heç bir razılıq əldə olunmayıb və artıq evlərin boşaldılmasına başlanılıb: “Biz 6 məcburi köçkün ailəsinə bütün variantları təklif etdik. Biz yenə də dediyimiz variantların üstündə durmuşuq. Avtomobillərimizi gətirərək onların əşyalarını səliqəli şəkildə yığırıq. Hələlik hər hansı evin sökülməsindən söhbət gedə bilməz. Evlərdəki bütün əşyalar nümayəndələrimiz tərəfindən aktlaşdırılır və evlər boşaldılır. Sonra həmin əşyalar məcburi köçkünlərin özlərinin istədikləri yerə daşınacaq”.
N.Paşayev onu da əlavə edib ki, məcburi köçkünlər bu qərarla razı deyillər və sərt şəkildə narazılıqlarını bildirirlər.
Söküntüylə razılaşmayan məcburi köçkünlər məhkəmələrə müraciət edərək onların evinin hər kvadratmetrinə görə kompensasiya tələbi ilə iddia irəli sürüblər. Ancaq onların bu iddiaları təmin edilməyib.
1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.
***
Uzun çək-çevirdən sonra evlər sökülüb. 4 evin əşyası polis nəzarəti altında boşaldılıb. Daha iki ev isə gün ərzində qaçqınların özləri tərəfindən söküləcək. Bu da səbəbsiz deyil. Bu iki evin sahibləri xahiş ediblər ki, onlara evlərini özlərinin sökməyinə icazə verilsin, çünki evlərinin materiallarını götürmək istəyirlər. Buna da icazə verilib.