QƏSSAB, YOXSA CƏRRAH?: DR VÜSAL ABDULLANIN ETDİYİ YARALAR NİYƏ SAĞALMIR? -TƏFSİLAT

1985-ci il təvəllüdlü Şərbət Sultanəliyeva keçən il Bakıdakı Badam klinikasında plastik əməliyyat etdirib.
Cərrah həkim Vüsal Abdullayev olub. Əməliyyatdan sonra xəstənin halı pisləşib, ağrıları çoxalıb. Müəyyən müddət keçsə də sağalma prosesi başlamayıb.
Yenixeber.org: Bu barədə özünü sosial şəkəbələrdə Dr Vüsal Abdulla olaraq təqdim edən cərraha dedikdə əvvəl səhvini qəbul etmək istəməsə də sonradan yanlış əməliyyat etdiyini etiraf edərək səhvini düzəltmək üçün Şərbət xanımı yenidən əməliyyat keçirmək üçün onu bir daha klinikaya dəvət edib. İkinci əməliyyatdan sonra bütün problemlərin həll olunacağına zəmanət verdiyini deyib. Bildirilib ki, bu əməliyyat tam pulsuz, təmənnasız olacaq.
Lakin əməliyyatdan sonra pasiyentdən ödəniş istəyiblər. Deyiblər ki, bu təkrar yox, tamam başqa əməliyyat olduğu üçün ödəniş olunmalıdır. Beləliklə, Şərbət xanım ilk əməliyyatına 4 min dollar (əlavə xərclərə də 1000 dollar), ikinci əməliyyat üçün isə 1350 dollar verib.
Amma heç bir müsbət nəticə əldə olunmayıb. Şikayətçi hələ də sağlamlağını bərpa edə bilmədiyini bildirir. Uğursuz əməliyyatın tikiş yerləri hələ də sağalmayıb. İstənilən əməliyyatdan sonra müəyyən bərpa prosesi olur.
O müddət çoxdan keçsə də heç bir irəliləyiş hiss olunmur. Əməliyyatdakı kəsiklər birləşmir. Şərbət xanım deyir ki, normal şəkildə hərəkət edə bilmir, əyilib qalxmaq əzab verir.
Sağlamlığını bərpa etmək üçün Rusiyada da müalicə prosedurları alıb. Yenə də həkim nəzarətindədir. Əmək fəaliyyətini bərpa edib işə çıxa bilmir.
Moskvada həkimlər ona tibbi baxış keçirəndə vəziyyətinin qənaətbəxş olmadığını, bədənində səhv əməliyyatın nəticəsi olaraq cürümə prosesinin başladığını bildiriblər.
Mən Şərbət xanımdan onu Moskvada müayinə edən əsas həkimin telefon nömrəsini alıb onunla danışdım. Həkim bir daha xəstəsinə dediyi sözləri, diaqnozu mənə də bildirdi. Dedi ki, xəstənin hər iki əməliyyatı ciddi fəsadlar verib. Səhv əməliyyat və müalicə nəticəsində orqanizmə klinik infeksiya düşüb, bədəndə çürümə başlayıb.
Şərbət Səfərəliyeva Badam klinikası, Vüsal həkimin ona çox böyük maddi-mənəvi ziyan vurduğunu deyir.
O, sağlamlığını, əmək qabiliyyətini pozduğuna görə “Badam Medical Center” klinikasının, həkim-cərrah Vüsal Abdullayevin cəzalandırılmasını tələb edir. Deyir ki, Moskvada bərpa prosedurları üçün çox böyük miqdarda xərci çıxıb.
Vüsal Abdullayev özünü peşəkar plastik cərrah kimi təqdim edib reklamını yaysa da əməldə çox naşı, təcrübəsiz biri kimi iş görüb.
Moskvadan dönəndən sonra Şərbət Səfərəliyeva bir daha Dr Vüsala zəng vurub ki, etdiyi iki səhv əməliyyatının fəsadını, moskvalı mütəxəssislərin rəyini ona göstərsin.
Cavabında Vüsal Abdullayev Moskvadakı həkimlərin qərarına inanmadığını bildirib. Sonra isə zənglərə cavab verməyərək tamamilə əlaqəni kəsib.
Biz də media nümayəndəsi olaraq bu şikayətə görə Vüsal Abdullayevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməsini istədik. Doktor suala cavab vermək əvəzinə bizə güc strukturlarından birinin adını çəkərək orada da həkim işlədiyini, ona görə də onunla bağlı məsələləri heç kimin ictimailəşdirməməli olduğunu bildirdi.
Dövlətin keşiyində duran həmin quruma hörmətimiz var. Rəhbəri də dövlətçiliyə bağlı, ədalətli insandır. Vüsal Abdullayev, siz o şəxsin, dövlət orqanının adından istifadə edərək öz səhvlərinizi sığortalamayın. Buna sui-istifadə deyilir.
Sizə media adından müraciət olunub müvafiq cavab istənilir. Harada işləməyinizin məsələyə aidiyyatı yoxdur. Belə davam etsə, biz media olaraq adını çəkdiyiniz quruma özümüz müraciət etməli olacayıq.
Eyni zamanda, TƏBİB-ə, Səhiyyə Nazirliyinə, Baku Medical Center-ə səslənirəm. Bir vətəndaş həkim səhvinə görə yarımcan olub.
Cavan bir qadın nə işləyə bilir, nə də normal həyatını yaşaya bilir. İki ildir əsəb, stress, ağrı-acı içində gününü keçirdir. Həkim isə pulunu alıb, aradan çıxıb. Xəstə qarşısında məsuliyyət hissini umudub. Xahiş edirəm, bu məsələni araşdırıb tədbir görəsiniz.
Sima Babayeva
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.












AZ
RU