
“Elisa” Estetik Mərkəzi adlı məkanı işlədən Zəhra Əliyeva və Nərgiz adlı gözəllik dəllallarının dünya veclərinə deyil
Yenixeber.org: Ölkəmizin səhiyyə sistemindəki çatışmazlıqlar, qanunsuzluqlar barədə vaxtaşırı tənqidi yazılarım olur. Yazmaq, çəkməklə kifayətlənməyib, hər zaman problemin həllinə çalışmışam. Bir sözlə, vətəndaş şikayətlərinə biganə qalmamışam, inad edib, nəticəsini gözləmişəm. Bu yolda hər cür təzyiqə məruz qalsam da, heç kim məni yolumdan döndərə bilməyib, bilməz də.
Çünki media təmsilçisi olaraq qanunsuzluqları yazıb aşkara çıxarmaq bizim əqidə borcumuzdur. Sağlam mühitdə yaşamaq bizim qanunla qorunan haqqımızdır. Bəzi tibb işçiləri və saxta yolla bu ada sahiblənən dələduzlar isə, bu haqqı əlimizdən almaq istəyirlər.
İndi bu cür işbazların sayı çoxalıb. Nə qədər mübarizə aparılsa, yazılsa da, nəticə ürəkaçan deyil. Deməli hardasa boşluqlar, bu dələduzların arxasında duranlar var. Şəxsən mən bu mövzuda da dəfələrlə yazmışam. Faktlarla danışmışam.
Xüsusən tibb təhsili almadan, həkim ixtisasına yiyələnmədən kosmetoloq fəaliyyəti ilə məşğul olanlar barədə yazmışam. Bakıda, Gəncədə onların obyektlərinə gedib, məsələni yerində araşdırmışam da. Elələri var, heç orta məktəbi də axıra kimi başa vurmayıblar…
Gəncədən söz düşmüşkən, bu şəhərdə “Elisa” Estetik Mərkəzi adlı məkanı işlədən “kosmetoloq” Əliyeva Zəhra və “kosmetoloq” Nərgiz adlı gözəllik dəllalları da var. Onlar barədə prokurorluğa məlumat vermişəm. Şəxsən Gəncə Şəhər Prokurorluğunda olmuşam, bildirilib ki, iş araşdırılır.
Xeyli vaxt keçsə də, adını çəkdiyim qadınlar yenə iş başındadırlar. Şəhər prokuroru Rauf Gözəlova səslənirəm: “Hörmətli prokuror, xahiş edirəm, araşdırmanın nəticəsi barədə ictimaiyyətə açıqlama verilsin!”.
Belə yerlərdə qanunsuz fəaliyyət göstərən hələ neçə bu cür diplomsuz tibb işçilərini üzə çıxarıb, aidiyyatı orqanlara müraciət etmişəm. Bu müraciətlərimə baxılıb, bəzən, guya, araşdırma aparırlar kimi görüntü yaradılıb. Amma sonradan görmüşəm ki, elə yenə “köhnə hamam, köhnə tasdır”.
Demək, yazmaq özümüzə qalır. İndi mən də bu haqsızlıqları, saymazlıqları görüb, belə qərara gəlmişəm ki, yazı-pozunu, jurnalist adını kənara qoyub, birotaqlı məkan tapım, adımın əvvəlinə “Dr” yazdırıb, özümü kosmetoloq kimi tanıdım.
Sonra yavaş-yavaş “estetik cərrah” da olaram. Onsuz da Səhiyyə Nazirliyi heç nəyə fikir vermir, hüquq-mühafizə orqanlarının gözünün qabağında qanunlar gündə nə qədər pozulur. Onlara bir söz demirlərsə, mənə də heç nə deməzlər. Necə deyərlər, “palaza bürün, elnən sürün”…
Sima BABAYEVA: arazpress.com