Redaktor seçimi
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Günün xəbəri

Şahinin şərəf tarixi:27 sentyabr

Hələ məktəb illərində tarix müəlliminə söz vermişdi ki, Xocalının qisasını alacaq

Yenixeber.org: 27 sentyabr – bu sadə rəqəmin arxasında böyük hünər, zəhmət, dövlət və xalqın birliyindən doğan möhkəm iradə, əlbətdə ki, şəhidlərimizin imzası dayanır. Bu tarix Azərbaycan Respublikasını qələbəyə aparan bir kod kimi daxilində çox mətləblər yaşadır. İki rəqəmi yavaş-yavaş addımlamaq, potensialı müəyyən etdikdən sonra qarşıya məqsəd qoyub irəliləməyi, yeddi isə uğuru və ilahi ədaləti simvolizə edən rəqəmlər olub vəhdət və bərabərliyi əks etdirir. Həmin tarixdən, II Qarabağ müharibəsində qələbənin başlanğıcına, carçısına çevrilən 27 sentyabrdan nə az, nə çox, düz 5 il ötür. Beş il bundan əvvəl, eyni tarixdə düşmənin hərbi təxribatlarına cavab verən Azərbaycan Silahlı Qüvvələri 44-cü günün tamamında (10 noyabr 2020) parlaq qələbəyə, dövlətin şanlı gələcəyinə öz imzasını atdı. Bu imzalar içərisində Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun da öz imzası var.
Azərbaycanın çoxəsrlik şərəf, zəfər tarixində iz qoyan igidlərin Vətən, torpaq, dövlət sevgisi, qəhrəmanlıq
məktəbi illər, qərinələr ötdükcə dastana dönür, araşdırmalara, xüsusilə də bioqrafik tədqiqatlara yön verir. Bu
baxımdan, Azərbaycan xalqının zəfər tarixində, torpaq uğrunda canından keçmiş şəhidlərin, şəhadət kimi ali
məqama yüksəlmiş Vətən oğullarının keçdiyi şanlı tarix təbliğ olunmalı, qəhrəmanlarımızı gənclər yaxından
tanımalıdırlar.
Şəhidlər Azərbaycanı yaşadan, onun hər zərrəsinə qarışıb Vətənə can verən oğullar olub şərəfli ömür və
döyüş yolu keçmiş igidlərdir. Müxtəlif dövrlərdə cəngavər, döyüşçü, əsgər və s. adlandırılan həmin oğullar XXI
əsrdə xüsusi təyinatlılar kimi I və II Qarabağ savaşlarında tarix yazan qəhrəmanlarımızdır. Onlar Vətənin dar
günündə, hər yerdə, hər zaman öndə gələnlərdir. Birincilər adlandırdığımız azsaylı, lakin mürəkkəb döyüşlərdə
sinələrini sipər edən igidlərin sırasında adı qürurla çəkilən qəhrəman Şahin Allahyarovun yetişməkdə olan gənc
nəsillərə örnək vətənpərvərlik yolu bu baxımdan bizi düşündürür və sabaha inamımızı artırır.
Qəhrəman qazilərin, şəhidlərin tərifə ehtiyacı yoxdur. Onlar şərəfli adları üzərində daşıyan, bunu əməlləri ilə
döyüş meydanlarında yaşayan və təsdiq edən şəxsiyyətlərdir. Lakin onların bitməyən, tükənməyən şücaətlərini
gənc nəsillərə aşılamaq xüsusilə tarixçilərin missiyasına çevriləcək qədər mühüm və diqqət çəkən məsələdir.
Sosial şəbəkələrdə çox sayda şəhid yazılarına, Vətən uğrunda canından keçən igidlərə həsr olunmuş məqalələrə,
roman və povestlərə rast gəlmək mümkündür. Həmin yazıların arasında haqqında araşdırmalarımızı davam
etdirdiyimiz Şahin kimi müharibədə xüsusi rəşadət və təşəbbüslər göstərərək onlarla əsgərin, zabitin həyatını xilas
etmiş oğullarımızın olması bizi təkcə qürurlandırmır, həm də yazmağa, faktları üzə çıxararaq təhlil etməyə,
diskussiya açmağa səsləyir. Bu səbəbdən 2020-ci ilin 27 sentyabr tarixindən, yəni Vətən müharibəsindən, o şərəfli
27 sentyabr tarixindən ötən beş il ərzində dövlət və xalq olaraq həyatımızda çox şeylər dəyişdi. Müsbət
irəliləyişlər, hərbi və diplomatik sahədə Azərbaycan Respublikasının qazandığı uğurlar dosta fəxarət, düşmənə isə
məyusluq və zəlillik gətirdi.
Şahinin Dövlət Sərhəd Xidmətinin baş giziri, çevik hərəkət qüvvələrinin kəşfiyyatçısı, xüsusi təyinatlı kimi
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrini sözlə ifadə etmək asan olsa da o anı
yaşamaq və dözümlülük nümyaiş etdirmək bir o qədər də asan iş deyil. İgidin keçdiyi qısa və şərəfli 27 sentyabr
tarixi sözün həqiqi mənasında onun və silahdaşlarının şərəf tarixinə başlanğıc verən mühüm rəqəmdir. Döyüş
yoldaşlarının, qrup komandirlərinin, digər hərbçilərin, müəllimlərinin, xüsusilə Şahinin tarix müəlliminin, sinif
yoldaşlarının, həmkəndlilərinin, uşaqlıq dostlarının, valideynlərinin, həyat yoldaşının, bacı və qardaşlarının,
qohumlarının, qonşularına qədər hər kəsin Şahinlə bağlı söylədiyi fikirləri dinləmək, əksəriyyətindən müsahibə
almaq imkanımız olmuşdur. Bir anlıq düşünün, bu bir informasiya selidir. Hər bir müsahibin qəhrəmanımızla
bağlı səsləndirdiyi kövrək xatirələr, zaman-zaman bizi də duyğulandırmış, gözlərimizi yaşardacaq qədər həzin və
eyni zamanda informativ olmuşdur.
Şəhid mövzusu insanı davamlı düşündürən və səmimi hisslərlə yazmağa həvəsləndirən mənbə olub bu gün də
hadisələri qələmə almaq əzmini gücləndirən, motivasiya edən özəl və bitmək bilməyən, davamlı araşdırmağa

ehtiyac duyulan bir məktəbdir. Bu məktəbin Azərbaycanın çoxəsrlik zəfər tarixində xüsusi yeri var. Sahib
olduğumuz milli və məni dəyərlər, babalardan ötürülən genetik yaddaş Şahin kimi mübarizlərin yetişməsində
əvəzis rol oynayır.
Vətən oğlunun döyüş qabiliyyətini, psixoloji və fiziki hazırlığını qiymətləndirən döyüş yoldaşları və zabitlər
onun XXI əsrin cəngavəri adlandırmışlar. Xüsusi təyinatlıların hər biri öz sahəsində peşəkarlığı, ayıq-sayıqlığı və
intellekti ilə digərlərindən seçilir. Təsəvvür edin, döyüş meydanında görünmədən görmək, məhv edərək, yaxud
əhəmiyyətli məlumatlar əldə edərək dönmək kimi prinsipləri şüar etmiş həmin qrupa daxil olan igidlərin saniyələr
içərisində hərəkət etməsi heç də asan məsələ deyil. Burada həm güc, həm çeviklik, həm sürətli düşünərək və qərar
vermək, həm də məntiqlə, hisslərə qapılmadan hərəkət etmək çox vacibdir. Sadalanan bütün müsbət məqamlar
DSX-nın xüsusi təyinatlı kəşfiyyatçısı Şahin Allahyarovun şəxsiyyətində bərqərar olmuş və düşmənlə mübarizə
cəbhəsində özünü göstərmişdir.
Real döyüş və sıravi hərbi xidmət bu baxımdan bir-birindən çox fərqli yanaşma tələb edən sahələrdir. Məsələ
burasındadır ki, Şahin hərbi xidməti dövründə, həmçinin xüsusi təyinatlı kurslarında da bir döyüşçü kimi önə
çıxmışdır. Anası Nərgiz Allahyarovanın övladı haqqında dediyi kimi: “Şahin müharibəni bir təlim kimi görürdü”.
Bu ifadənin özü Şahinin nə qədər yüksək nizam-intizamlı və peşəkar hərbi qulluqçu kimi yetişdiyini əks etdirən
vacib məqamlardan biridir. Yaxud Şahinin atası Hüseynbala Allahyarovla telefon danışığında “Ay ata müharibə
yoxdur, biz təlim keçirik, biz qovuruq onlar qaçır” kimi sakitləşdirici, panikadan uzaq ifadələrlə hər iki
valideyninin yanan qəlblərinə su səpməsi Vətən oğlunun yüksək ailə tərbiyəsindən xəbər verirdi. Halbuki Şahin
həmin anda müharibənin ən qaynar nöqtələrindən danışırdı. Vaxt tapan kimi ana və atası ilə əlaqə qurmağa
çalışardı, onların narahatlığını hiss edərək sakitləşdirməyə çalışardı. Bu hal Şahinin nə qədər səbrli və yüksək
psixoloji hazırlıqlı olduğunu göstərirdi. Əzizləri isə o anda fərqinə varmamış, onun sözlərindən rahatlıq tapmışlar.
Təlimlərdə göstərdiyi yüksək nəticələr, bir qədər də geriyə baxsaq, Şahin Allahyarovun hələ məktəb illərində
idmanda qazandığı uğurlar, karatedə əldə etdiyi birinciliklər, təltiflərindən – medalları, diplom və fəxri fərmanları,
kubokları onun haqqında müsbət fikir formalaşdırmaqla yanaşı, 27 sentyabr şərəf tarixindən şəhid olduğu 31
oktyabra və Qubada doğma kəndi Zizikdə torpağa əmanət edildiyi 3 noyabra qədər keçdiyi döyüş yolunu
gözlərimizin önündə canlandırır.
Şahinin döyüş yolunu Şuşasız təsəvvür etmək mümkün deyil. Vətən oğlu mürəkkəb döyüşlərin getdiyi, çətin
relyefi olan Vətən dağlarından elə Şahin kimi düşmənin üzərinə hücum çəkmiş, qəsbkarlara həddini bildirmişdir.
İgidimizin Şuşa istiqamətində gedən son döyüşlərdə şəhadət mərtəbəsinə yüksəlməsi indi həmin torpaqlarda onun əziz xatirəsini yaşadır. Həyat yoldaşı Kəmalə Allahyarova Şuşaya səfərindən danışarkən kövrələrək Vətən
torpağında Şahini axtardığını, “Şahin mən gəlmişəm, bəs sən özün haradasan” deyərək qəhərlənmişdi. Gözləri hər tərəfdə Şahini axtarmış, sanki onun ruhu ilə qarşılaşaraq həyacan və göz yaşları ilə övladlarının atası ilə
görüşdüyünü dilə gətirmişdir. Belə kövrək məqamları qələmə almaq nə qədər çətin və hüzünlü olsa da biz
yazmağa və qəhrəmanımızı tanıtmağa davam etməliyik və bunu edirik. Çünki qəhrəmanlar ölmür, onlar dsatana
dönüb əbədiyyət yolçuluğuna çıxır və yaşadıqca da Vətən var olur.
Şahin həmçinin qohumları və qonşuları arasında da sevilərdi. Bir ömür sürdüyü, qısa və şərəfli həyat yaşadığı
kəndində elə bir şəxs yoxdur ki, onun Şahinlə bağlı xatirələri olmasın. Hər kəsin razılıq ilə yad etdiyi şəhidin
yüksək əxlaqı, yardımsevərliyi, valideynlərinə, xüsusilə anası Nərgiz Allahyarovaya və bacısı Kübraya bağlılığı
onların xatirlərində öz əskini tapır. Vaxt gələcək mənimlə fəxr edəcəksiniz, qürur duyacaqsınız deyən Şahin bunu
əməli ilə təsdiq etdi. Şahində Vətənə və bayrağa aşırı ehtiram var idi. Bacısı ilə söhbətlərinin birində:
“İstəməzsənki evimiz bayraqlarla bəzənsin, gözəl, yaraşıqlı olsun” deyən Şahinin əslində şəhadətə hazırlşadığını
əzizləri təxmin etməmişdi. Vətən oğlunun həmin sözləri ailəsinə son anda bəlli oldu, Şahinin əbədiyyətə
ucaldığından sonra gün kimi aydınlığa qovuşdu.
Üç rəngli Azərbaycan bayrağı – uğrunda uzun illərdir canını fəda edən şəhidlərimizin, Şahinlərimizin and
yeri olub. Öpüb gözlərinin üzərinə, alınına qoyduğu Vətənin bir parçası, mühüm atributu olub igidlərimizi
yaşadan uca bayrağımız indi Azərbaycanın hər yerində, Qarabağın ürəyi Şuşada və ətraf rayonlarda qürurla
dalğalanır. Şahin bayrağımızı yerə düşməyə, düşmənin əlinə keçməyə imkan və fürsət vermədi, onu daim ürəyinin

üzərində gəzdirdi. Xain düşmən Şahini qəlbindən vuraraq şəhid etsə də bayraq sevgisini, anaya, torpağa dərin
hörmət və məhəbbətini ürəyindən əsla qopara bilmədi. Belə mühüm vətənpərvərlik nümunələri gələcək nəsillərə
örnək olmalı və məktəblərdə şagirdlərə, universitetlərdə tələbələrə aşılanmalı, gələcəyimiz sağlam ruhda boy
atmalıdır.
Söylədiklərimiz əlbətdə ki, bir əfsanə deyil, əksinə qəhrəmanımızın şərəf tarixindən sadəcə kiçik bir
fraqmentdir. Şahinin Vətən qarşısında, onun ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi əvəzsiz xidmət
dövlət tərəfindən yüksək qiymətləndirilmiş və şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən
Vətən Müharibəsi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Həmin təltif az sayda, xüsusi hünər, yüksək
döyüş tapşırıqlarını qüsursuz yerinə yetirən hərbi qulluqçularla yanaşı onun da qürurlu ailəsinə təqdim
olunmuşdur. Həmçinin Şahinin digər təltifləri, ailəsinə göstərilən yüksək dövlət dəstəyi onun adının
əbədiləşdirilməsi istiqamətində atılan addımlar hər bir şəhid ailəsinin arxasında dövlət qayğısının dayandığını əks
etdirir.
Şəhidin diqqətə, onun ailə üzvlərinin isə hər gün, hər saat təsəlliyə ehtiyacı var. Onların torpaq uğrunda
göstərdikləri şücaətlərin miqyasını ölçmək demək olar ki, mümkün deyil. Çün ki, Şahin kimi oğulların ön
cəbhələrdə nümayiş etdirdikləri əzm, rəşadət və igidlik ölçüyə gəlməz dərəcədə yüksəkdir. Bu səbəbdən, Qurani
Kərimdə şəhidlərin ölü olmadıqları, diri olduqları, lakin insanların bunu dünyəvi ağılla dərk etmələrinin mümkün
olmadığı da on dörd əsr bundan əvvəl insanlara bildirilmişdir.
İllər ötür, lakin qəhrəmanlarımızın zəngin döyüş və ömür yolu haqqında yazılan xatirələr bitmir. Onların
arasında Şahin kimi oğulların də öz yeri və rolu var. Şəhidlə bağlı sayca yeddinci məqaləmiz olan hazırki yazı
Vətən oğlunun rəşadətinə nəzər salmaq üçün sadəcə bir cəhd olub, araşdırmalarımızın daha geniş boyutda davam etməsinin vacib olduğunu əks etdirir.
İgidimizin ömür və döyüş səhifəsini kitaba daşımağın vaxtı yetişib və bu istiqamətdə çalışmalarımız davam
edir. Əslində isə Şahinin şərəf tarixini, döyüş yolunu səhifələrə, məqalələrə və kitablara sığdırmaq mümkün deyil,
şəhidimizin şücaətlərini çərçivəyə salıb təhlil etmək isə heç mümkün deyil. Mövzu o qədər dərin və çoxqatlıdır ki,
onu qələmlə yazıb bitirməkdə yazar olaraq çətinlik çəkirəm. Mən deyərdim ki, Şahinin azğın düşmənlə üz-üzə
gəldiyi hər an, hər saniyəni qələmə alsaq, qarşımızda cild-cild kitablar görərik. Onun silahdaşları, ümumilikdə
Vətən uğrunda canından və qanından keçən hər bir igidimiz haqqında mən belə düşünürəm.
Azərbaycan xalqının Zəfərinə başlanğıc verən 27 sentyabr şərəf tarixindən bir igidin ömrü qədər uzun illər
keçməsə də ötən beş il şəhidlərimiz haqqında yeni məlumatların, maraqlı döyüş səhnələrinin, xatirələrin davam
etdiyini, dövlətin hərbi və iqtisadi qüdrətinin artdığını, regionda və eləcə də müasir beynəlxalq münasibətlərdə
aparıcı rolunu hər kəsə göstərmiş oldu. İndi Azərbaycan dövlətinin qarşısında yeni hədəflər, perspektivlər, inkişaf
və əməkdaşlıq konsepsiyası dayanır. Cənubi Qafqaz regionunda söz sahibi olan Azərbaycan Respublikasının
davamlı sülh və əmin-amanlıq yolu yeni investisiya mühiti formalaşdırmış və genişləndirmiş, nəhəng layihələrin
gerçəkləşməsi üçün əsas olmuşdur. Burada dövlət başçısının ali iradəsi həlledici rol oynayır.
27 sentyabr Anım Günü artıq bizi birləşdirən bir dəyərə çevrilib. Bu günün fəlsəfəsini və tarixini alimlərimiz
hələ uzun illər tədqiq edəcək. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən oğulların
sırasında Şahin Allahyarov şəxsiyyəti də hər zaman xatırlanacaq. Onun və silahdaşlarının göstərdikləri misilsiz
şücaətlər, şəhidlərin bizlərə aşıladığı torpaq və bayraq sevgisi qəlblərimizdə xoş xatirə kimi daim yaşayacaq!

Dos.Dr. Aqil P. ƏHMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam