İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? -TƏFƏRRÜAT
Ölkənin böyük idxalçı və paylayıcı şirkəti olan “Mazarina Trade Company” ölkədən pul çıxarmaqda günahlandırılır. Şirkət böyük məbləğdə cərimələnə bilər.
Yenixeber.org xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Şirkətlə bağlı işə 14 fevral tarixində Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, “Mazarina Trade Conpany” şirkəti “Yaçno Solınşko”, “Henkel”, “Garnier”, “Soffione”, “Ernet”, Tibet”, “Off”, “Salloon”, “Canbebe”, “Raid”, “Synergetic”, , “Pronto”, “Utenok”, “MR Muscle”, “Seni”, “Heinz”, “Elfbar”, “Kodak”, “Glade”, “Camsil”, “Avon” “Altın”, “Kodak”, “Bella”, “Belgua”, “Ontex”, “Tzmo”, “Arnier”, “Kenton” kimi məhsulları ölkəmizə idxal edir və marketlərə paylayır.
“Mazarina Trade Company” MMC 12.05.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Məmmədov Qədir Şirsoltan oğludur.(Tribunainfo.az )