Dərmanların qiymətini süni şəkildə kim və niyə qaldırır?
Dərman inhisarçısı İlham Əliyevi necə qəzəbləndirdi...
"Xeberinfo.com": Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığını bildirib, dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
Azərbaycan prezidentinin ölkənin dərman bazarındakı vəziyyətə müdaxilə etməsi bəlkə də bir çoxları üçün gözlənilməz hesab oluna bilər.
Lakin virtualaz.org saytı dərman inhisarçılarının haqsız qazanc əldə etmək üçün hansı yollara əl atdığına dair məlumatlara malik idi və prezidentin bu vəziyyətə müdaxilə edəcəyi təxmin olunurdu.
Məsələ burasındadır ki, hər şey fevralın 21-də manatın 34 faiz devalvasiyasından sonra başlayıb. Devalvasiya prosesindən isə bəzi əliəyrilər və möhtəkirlər öz ciblərini doldurmaq üçün fürsət kimi yararlanmağa çalışıblar. Onların sırasında Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə malik olan “Avromed Company” ASC-nin rəhbərliyi də yer alırdı (mötəbər mənbələrdən alınan məlumata görə, deputat Cavanşir Feyziyev bu şirkətdə 75 faiz paya malikdir).
Xatırladaq ki, “Avromed” dünyanın aparıcı dərman firmalarının məhsullarının Azərbaycana idxalı ilə məşğul olur. Şirkətin ölkəyə idxal etdiyi dərmanların, tibbi pereparatların və parafarmasevtika məhsullarının sayı 15 mindən çoxdur.
Bu dərmanların keyfiyyəti başqa mövzudur. Lakin məlumdur ki, imkanlı azərbaycanlılar dərmanları xaricdən almağa üstünlük verirlər, dərmanları yerli apteklərdən almağa məcbur olanlar isə onun saxta olub-olmadığını xeyli araşdırmalı olurlar.
Əvəzində isə bizim apteklərimizdəki qiymətlərin dünyada analoqu yoxdur. Manatın devalvasiyasından sonra isə “Avromed” qiymətləri yenidən qaldırdı, vətəndaşlar apteklərdə yeni qiymətləri görüb dərindən ah çəkdilər.
Və belə görünür ki, bu ahları ən yuxarıda eşitdilər - prezident İlham Əliyev vəziyyətə şəxsən müdaxilə etməli oldu.
Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi apteklərdə monitorinq aparanda qiymətlərin 30 faizdən çox artdığına əmin oldular.
Bu dövlət strukturları şirkətin rəhbərliyini yola gətirməyə çalışdılar ki, heç olmasa qiymətlərin artımını müvəqqəti dayandırsın. Onlar “Avromed”in rəhbərliyinin nəzərinə çatdırdılar ki, 10 ildir fəaliyyət göstərən şirkət onsuz da dərman biznesindən yaxşı gəlir götürüb, ona görə də müvəqqəti olaraq az gəlirlə işləsə fəlakət baş verməz. Məhz müvəqqəti, çünki dərmanların hətta köhnə qiymətlə satışı da “Avromed”i gəlirlərdən məhrum etmirdi.
Şirkət dövlət qurumlarının bu çağırışı ilə razılaşdı. Amma sözdə. Çünki ən çoxişlənən dərmanlar, hətta korvalol və uşaq pampersləri də bundan az sonra apteklərdən yoxa çıxdı. Buradan artıq sabotaj idi gəlirdi.
Bu işlə yenidən Səhiyyə Nazirliyinin və Antiinhisar Xidmətinin əməkdaşlarından ibarət komissiya məşğul olmağa başladı. Lakin dərmanları apteklərin boş rəflərinə qaytarmağa onların da gücü çatmadı. Onda komissiya dərmanlara vahid qiymət qoyulması təşəbbüsü ilə çıxış etdi.
Tanış termindirmi? Bəli, sovet sistemindən qalma metodu xatırladır, amma komissiya hələ başqa çıxış yolu görmür. Axı dərmanların apteklərdən tam yoxa çıxmasına, yaxud onların qiymətinin əlçatmaz həddə qədər yüksəlməsinə yol vermək olmaz. Səhiyyə Nazirliyi xarici əczaçılıq şirkətləri ilə danışıqlar zamanı üzə çıxara bildi ki, onlar dərmanları və tibbi ləvazimatları başqa ölkələrlə müqayisədə Azərbaycana 240-250 faiz baha satırlar. Daha nə gözləyəsən?!
Bizim jurnalist araşdırmalarımızın üzə çıxardığı həqiqət budur. Onu da aydınlaşdıra bildik ki, dərmanlara vahid qiymət tətbiq edilməsi qərarı artıq qəbul olunub. Nazirlər Kabinetinin müvafiq qərarı bu günlərdə veriləcək. Onda “Avromed” nəinki təkcə inhisarçılıq statusundan məhrum olacaq, həm də ciddi gəlirləri əlindən çıxacaq. Necə deyərlər, bu şirkət özü özünə quyu qazıb. Acgözlük və tamah təkcə hərifləri yox, inhisarçı deputatları da məhv edir.