Parlamentdə Komitə sədri ilə Şeyxin qudası arasında qarşıdurma
Milli Məclisin bu gün keçirilən Regional Məsələlər Komitəsinin iclasında çıxış edən komitə sədri Arif Rəhimzadə ilə komitə üzvü Hacı Qalib Salahzadə arasında mübahisə yaranıb.
"Xeberinfo.com": Məlumata görə, İclasda çıxış edən millət vəkili Hacı Qalib Salahzadə deyib ki, bir sıra bələdiyyə sədrləri camaat tərəfindən seçilmədən, kimlərinsə vasitəsilə gəlib vəzifə tutublar: “Onlar nə cür yollasa gəlib seçiliblər. Nə yollasa gəlib ora çıxıblar. İndi nə edilməlidir?”
Hacı Qalib Salahzadə onu da qeyd edib ki, bəzi bələdiyyələr doğru fəaliyyət göstərə bilmir: “Mən sözümün üstündə dayanan adamam və bir daha deyirəm ki, artıq bu adamlar seçiliblər. İndi camaat necə etməlidir? Gedib o bələdiyyələrlə mübarizə aparmalıdır? Sual verirəm ki, həmin bələdiyyə nə etməlidir?”
Komitə sədri Arif Rəhimzadə isə bu cür cavab verib: “Siz hüquqşünassınız, uzun illər bələdiyyə sahəsində çalışmısınız, bu cür sualların verilməsi yersiz olmaqla bərabər, sizin bu sahədə biliyinizin çox səthi olduğunu göstərir”.
Bu zaman Hacı Qalib Salahzadə komitə sədrinin çıxışını kəsərək ona doğru danışdığını və səthi biliklərə malik olmadığını söyləyib: “Xahiş edirəm, sözlərimə hörmət edəsəniz”.
A.Rəhimzadə isə deputata cavabında bildirib ki, əgər hər hansı şikayəti varsa, bu barədə müraciət edə bilər:
“Bir dəqiqə, xahiş edirəm, çıxışımı gözləyin, mən sizi təhqir etmirəm. Siz 4 ildir ki, bu komitənin üzvüsünüz, hüquqşünassınız, bələdiyyə işində işləyirsiniz. Əgər indiyədək bu məsələləri bilmirsinizsə, bu sizə heç də başucalığı gətirmir”.
Hacı Qalib Salahzadə öz növbəsində bildirib ki, bələdiyyənin kəsdiyi başa söz olmamalıdır: “İndiyədək bələdiyyələrin səlahiyyəti elə vəziyyətdədir ki, onlar normal fəaliyyət göstərə bilmirlər. Bu gün Türkiyədəki bələdiyyələrin fəaliyyəti o səviyyədədir ki, bu qurum istənilən obyekti bağlasa, kimsə ona söz deyə bilməz. Necə deyərlər, onun kəsdiyi başa söz yoxdur. Bu, Azərbaycanda da belə olmalıdır. Amma bu gün Azərbaycanda bələdiyyələrin sərbəst fəaliyyətinə mane olan qurumlar yaradılır. Bu gün bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var. Bu cür davam edə bilməz. Bir çıxış yolu tapılmalıdır”.(publika.az)
Qeyd edək ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan Hacı Qalib Salahzadənin ilk belə sensasion siyasi bəyanatı deyil. Hələ ötən ilin oktyabrında- bələdiyyə seçkilərindən qabaq Hacı Qalib Salahzadə nəticələrin saxtalaşdırılacağına işarə vurmuş, sensasiyalı bir bəyanatla çılxış etmişdi.
“Bakı bələdiyyələrinin xəritəsi yoxdur. Torpaqlarla bağlı cinayətlər burdan ortaya çıxır. Nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr yalandandır” deyən Hacı Qalib seçkinin formal xarakter daşıdığını söyləmişdi : “Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər”.
Yekunda isə o, “bir az cürətli danışdım, ancaq düz danışdım” – deyə, əlavə etmişdi.
O vaxt Hacı Qalib Salahzadə faktiki olaraq Prezident Adminstrasiyasınının ünvanına yönələn bu bəyanatı geniş müzakirə olunmuşdu. O da çıxıb dediklərinin səhv başa düşüldüyünü söyləmiş, hətta Prezident Adminstrasiyasının rəhbərindən üzr istəmişdi.
Hacı Qalib Salahzadə bu dəfə də faktiki olaraq seçkinin nətiçələrinin saxtalaşdırıldığını söyləməklə, yeni bir qalmaqallı siyasi bəyanata imza atıb. Maraqlıdır, yenə təkzib edəcək, yoxsa sözünün üstündə duracaq?!
Azpolitika