"Bakıda Rusiyanı tənqid etməyə imkan vermirlər"
“Mən nə edim, çıxım deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər?
Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?”
"Xeberinfo.com": Məlumata görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. Diplomat bu fikirlərini politoloq Elxan Şahinoğlunun “Maydandan Maydana” əsərinin təqdimat mərasimindəki çıxışında səsləndirib.
A.Mişşenko çıxışı zamanı əsas diqqətini Rusiyanın işğalçı siyasəti üzərində cəmləyib. Səfir həmçinin bu yaxınlarda AŞ PA-da keçirilmiş müzakirələrə və onun nəticəsində Rusiyanın səsvermə hüququndan mərhrum edilməsinə toxunub.
A.Mişşenko Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı həmin müzakirələr zamanı tutduğu mövqedən təəssüfləndiyini gizlətməyib.
“Azərbaycan Ermənistanla birgə AŞ PA-da Rusiyanı dəstəklədi. Niyə? Özü də erməni deputatları heç səsvermədə də iştirak etmədilər, yəni daha diplomatik davrandılar. Azərbaycan həmişə ikili standartlardan şikayətlənir. Ədalət Azərbaycanın tərəfindədir. Bəs Ukraynanın günahı nədir? Yaxşı, onda gəl belə edək, AŞ PA-nın növbəti iclasında qoy Ukrayna da Azərbaycanın əleyhinə səs versin. Sonra da siz yenidən bizi dəstəkləməyin. Hə, nə olsun? Bu yol bizi heç yerə aparmır” – deyə səfir A.Mişşenko bildirib.
Ukraynalı diplomat deyib ki, o, həmişə iki ölkənin səylərini beynəlxalq aləmdə birləşdirməyə çağırıb: “Mən razıyam, Ukrayna Azərbaycanın problemlərinə kifayət qədər diqqət göstərməyib. Diplomatam, bunu başa düşürəm. Amma gəlin televiziya xəbərlərində Azərbaycanın Rusiyanı dəstəklədiyini eşidən sadə ukraynalının vəziyyətini düşünək. Məni yalnız o sakitləşdirir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən istənilən qətnaməni dəstəkləyir. İndi müxtəlif nağıllar danışırlar ki, bəs, diskussiya üçün də meydança qalmalıdır və s. Yaxşı, onda gəl biz də Dağlıq Qarabağ ətrafındakı 7 rayonu unudaq. Belə olarmı? Yox, biz belə demərik”.
A.Mişşenko bildirib ki, rəsmi Bakının üzləşdiyi riskləri də anlayır: “Amma AŞ PA-da Ukrayna əleyhinə səs verməyin Azərbaycana nəyi qazandıracağı mənə bəlli deyil. İndi mən rəsmi Kiyevi inandırmalıyam ki, buna əsaslar və səbəblər olub? Bakıda mənə deyilənlərin hamısını danışmalıyam? Ukraynaya sadəcə bir çadırla kömək edin. Gürcüstan kömək edir, Litva kömək edir. Bizə milyardlar lazım deyil…”
Virtualaz.org