Prezidentlərin görüşündə mühüm mesajlar
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 14-də Türkiyəyə başlayan səfəri dünən davam edib.
"Xeberinfo.com": Məlumata görə, səfərin birinci günü ölkə rəhbəri Türkiyə baş naziri Əhməd Davudoğlu ilə bir araya gəliblər. Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Prezidentlə baş nazir iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq olduğunu vurğulayıb, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar. Eyni zamanda Qarabağ münaqişəsi ilə bağlı danışılıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi bildirilib.
Eyni gündə İlham Əliyev Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. Yanvarın 15-də isə Azərbaycan dövlət başçısının Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanma mərasimi olub. Mərasimdə 16 türk dövlətinin döyüş geyimində olan əsgərlər də yer alıb. Musavat.com-un məlumatına görə, törən yeni Prezident Sarayında təşkil olunub. İlk dəfə olaraq gələn qonaq sarayın içində deyil, həyətində qarşılanıb.
Daha sonra prezidentlərin təkbətək görüşü başlayıb. Bu gün həmçinin, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçirilib. İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tiflis-Qars, TANAP layihələri ilə bağlı işlərin gedişi, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdən sonra prezidentlər mətbuat konfransı keçiriblər. TRT telekanalı ilə canlı yayımlanan mətbuat konfransında onlar iki dövlət arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluqlarını dilə gətirib və qarşılıqlı tərəfdaşlığın, strateji əməkdaşlığın daha da inkişaf edəcəyindən danışıblar. Ərdoğan açıqlamasında deyib: “Azərbaycanla aramızdakı münasibətləri daha da inkişaf etdirəcəyinizdən hər hansı şübhəmiz yoxdur. Siyasi baxımdan iki dövlət arasında heç bir sıxıntı yoxdur. İqtisadi baxımdan isə 5 milyard dollar həcmində ticarət əlaqəsi mövcuddur. Hədəfimiz 2023-cü ilə qədər bu məbləği 15 milyarda çatdırmaqdır”.
İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: “Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı “G20” toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib. Azərbaycana göstərilən bu diqqətə görə əziz qardaşıma minnətdaram. Əminəm ki, dostluq-qardaşlıq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu gün (dünən-red.) bir çox məsələ müzakirə edildi, qərarlar verildi, nazirlərin öz aralarında görüşləri keçirildi. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha yaxın edəcək”.
Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: “Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Belə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq”.
Azərbaycan prezidenti bu xüsusda Ermənistana xüsusən də uydurma “soyqırımın” yaxınlaşan 100 iliyi ilə bağlı bəzi mühüm mesajlar da çatdırıb: “Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü Çanakkala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə öz və Azərbaycan xalqı adından sizə minnətdaram… Görüşdə Qarabağ məsələsi də müzakirə olundu. Türkiyəyə öz mövqeyini dəyişmədiyi, haqqın, ədalətin, beynəlxalq hüququn, qardaşının yanında olduğu üçün minnətdaram… Ermənistan sülh istəmir, Minsk Qrupunun fəaliyyəti də nəticə vermir. Keçən il müəyyən irəliləyiş əldə olundu, lakin Ermənistan təxribat xarakterli davranış nümayiş etdirdi. Xüsusən noyabrda hərbi təlimlər keçirdi, Azərbaycan mövqeyinə hücum çəkdi, lakin Azərbaycan tərəfindən layiqli cavabını aldı. Ermənistanı yerində oturtduq”.