“Kasıb və bədbəxt Ermənistan əhalisi...” - Qərb nəşrindən şok yazı
Britaniya nəşrinə görə, Paşinyan öz vədlərinin girovuna çevrilir; işğalçı ölkə yeni təlatümlər astanasında; Ermənistanın polis naziri də istefaya göndərildi...
Yenixeber.org: Ermənistanda daxili ictimai-siyasi durum 8 may 2018-ci il “məxməri inqilab”ından sonra bunca gərgin olmamışdı. Bu fonda “xalq baş naziri” Nikol Paşinyanın reytinqi davamlı şəkildə enməkdədir.
Xatırladaq ki, təxminən iki ay öncə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) ölkədə keçirdiyi rəy sorğusu aşkar etmişdi ki, Paşinyanın reytinqi inqilabdan sonra ilk dəfə prezident Armen Sərkisyanınkından geri qalır - müvafiq olaraq 56 və 61%. Ümumiyyətlə isə bu ilin yanvarı ilə müqayisədə Paşinyan 31%-lik reytinq itkisinə məruz qalmışdı. İndi bu rəqəm yəqin ki, daha da böyüyüb.
Səbəb əlbəttə ki, ilk növbədə inqilab dalğasında hakimiyyətə gələn Nikol Paşinyanın əhalinin ondan gözləntilərini doğrulda bilməməsi ilə bağlıdır. Düşmən ölkədəki vəziyyətə Qərb KİV-ləri də getdikcə daha çox diqqət yetirməkdə və ictimai-siyasi proseslərin mümkün nəticələrini analiz etməkdədir.
*****
“Bu alovlu inqilabçı natiqin tərəfdarlarının İrəvanda hakimiyyətə gəlişindən ilyarım ötür. Amma Ermənistanın kasıb və bədbəxt əhalisi getdikcə daha aydın şəkildə dərk etməkdədir ki, onu, sadəcə, barmağa dolayıblar. Çünki Paşinyanın həmin vaxt küçə və meydanlarda ucadan bəyan etdiklərinin, demək olar, HEÇ BİRİ (seçdirmə nəşrə məxsusdur - ”YM") yerinə yetirilməyib".
Bu barədə Böyük Britaniyada rusca çıxan “THEUK One” nəşrindəki məqalədə deyilir.
Məqalədə Paşinyan hökumətinin bu müddətdə iqtisadi sferada hər hansı inkişafa nail olmadığı vurğulanır: “Heç bir iqtisadi yüksəliş, hətta onun əlamətləri belə yoxdur. Əhalinin güzəranı yaxşılaşmayıb. Belə vəziyyətdə Rusiya ilə müttəfiqlik münasibətlərindən hətta qismən imtina belə, ağılsızlıq olardı. Paşinyan isə hansısa Qərb silah nümunələrini əldə eləmək arzusunu bəyan eləməklə məhz elə bununla məşğuldur. Tanınmış politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) professoru Andranik Miqranyan deyir ki, Nikol Paşinyanın hərəkətlərində demokratiyaya işarə belə yoxdur. ”Zamanında öz hakimiyyətini qorumaq üçün o, sərt diktatura qurmaq zorunda qalacaq" - politoloq bildirir",
Müəllif ardınca qeyd edir ki, erməni cəmiyyətinin özündə vəziyyət getdikcə daha da gərginləşməkdədir: “Üstəlik, Nikol Paşinyanın başçılıq elədiyi populistlər, diletantlar və avantüristlər hökuməti əlindən gələni edir ki, daha çox konflikt və narazılıq yaransın. Məsələn, ”Amulsaran" dağ mədəni ətrafında ehtiraslar getdikcə qızışmaqdadır. Yerli əhali qəti şəkildə burada qızıl istehsalının əleyhinədir. Narazılıq o həddə çatıb ki, Cermuk kəndinin sakinləri vətəndaş itaətsizliyi aksiyalarına hazırlaşırlar və “Çiçəklənən Ermənistan” Partiyasının başçısı Qaqik Tsarukyan da onlara qoşulmaq fikrindədir. Beləcə, qızıl yatağı ilə bağlı epopeya Paşinyanın rəhbərliyi dövründə bir ildən çoxdur davam edir".
Məqalədə daha sonra deyilir: “Hökumət hansısa ekspertizaların aparılmasına 400 min ABŞ dollarından artıq pul xərcləyib. Bu ekspertizalar mədənin istismarının tam təhlükəsizlik olmasını təsdiq eləməli idi. Bütün bu zaman ərzində isə internetdə və sosial şəbəkələrdə yatağın ”tam ziyansız" olması haqda postulat aktiv şəkildə təbliğ edilirdi. Ancaq bu hərəkətin təşkilatçıları və icraçıları unudublar ki, onlar həmin mədəndən çox-çox uzaqda oturublar, hər gün belə “ziyansızlıq”da əmin olan Cermuk sakinləri və onların uşaqları isə güclü şəkildə asqırır və öskürürlər. Ərazidə ağciyər xəstəliklərinin artması müşahidə edilir. Və bu zaman Nikol Paşinyan mədənin işinin bərpa edilməsi haqda qərar verir..."
“Nəsə mənə pıçıldayır ki, getdikcə Ermənistan Nikol Paşinyan tərəfindən daha çox spontan və ağılsız hərəkətlərə şahidlik eləməkdədir. O halda burada hansısa strategiyadan, Ermənistan əhalisinin yaşayışının yaxşılaşmasından necə danışmaq olar?”, - deyə sonda müəllif sual edib.
*****
Bu arada isə Nikol Paşinyan çat vermiş komandasını yenidən qurmaq zorunda qalıb. Xəbər verildiyi kimi, iki gün öncə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan istefaya göndərilib. Dünən isə prezident Armen Sərkisyan baş nazir Nikol Paşinyanın təqdimatı əsasında ölkənin polis rəisi Osipyanı da istefaya göndərib.
Erməni mediası yazıb ki, az öncə general-mayor Valeri Osipyan baş nazir Nikol Paşinyanla Təhlükəsizlik Şurasının iclasında sərt mübahisə edib. Bildirilir ki, mübahisə “Amulsaran” qızıl yatağına gedən yolun ətraf mühit fəalları tərəfindən blokadaya alınması ilə bağlı olub (Virtualaz.org).
Baş nazir qızıl yatağına gedən yolun açılmasını tapşırıb. Lakin Osipyan deyib ki, yolun açılmasına dair əməliyyatın hamar keçəcəyinə inanmır və fəallara qarşı güc tətbiq edilsə müəyyən nəticələr doğuracaq. Bu cavab Paşinyanı qəzəbləndirib. O deyib ki, əgər Osipyan yolu açmağa qadir deyilsə, kənara çəkilsin, onun əvəzindən yolun açılması əməliyyatını polis qoşunlarının komandanı, general Vaqe Kazaryan həyata keçirəcək. Gərgin tonda gedən söhbət onunla nəticələnib ki, polis rəisi istefa ərizəsi yazıb və Paşinyana təqdim edib.
Beləcə, işğalçı ölkədə 8 may 2018-ci mil inqilabından dolayı kütləvi məyusluq və ac-yalavac kütlənin artan narazılığı fonunda Paşinyan getdikcə daha güclü şəkildə öz vədlərinin girovuna çevrilməkdədir... (Yeni Müsavat)