Azərbaycan-Türkiyə hərbi alyansı... - 2019-un baş hədəfi və Qarabağ
2018 düşmən üzərində hərbi üstünlüyümüzün daha da artması və qardaş ölkə ilə hərbi ittifaqın güclənməsi ilə yadda qaldı; erməni nəşri Paşinyan hakimiyyətini aprel müharibəsindən nəticə çıxarmağa çağırdı...
Yenixeber.org: Başa çatan 2018-ci il Azərbaycanın öz hərbi qüdrəti və ordusunun döyüş potensialını artırmaq baxımından ən uğurlu il sayıla bilər. Ötən il Bakıda keçirilən iki möhtəşəm hərbi parad (26 iyun və 15 sentyabr), habelə sentyabrda paytaxtda reallaşan “ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisi ordumuzun arsenalındakı müasir hərbi sistemlər və döyüş maşınlarını düşmənə və onun havadarlarına əyani nümayiş etdirdi. Əsl ”əzələ nümayişi" oldu.
Bundan əlavə, Azərbaycan hər hansı ölkədən silah asılılığına düşməmək üçün ötən il silah tədarükündə şaxələnmə siyasətini davam etdirdi. Rusiya, İsraillə yanaşı, qardaş Türkiyə, Belarus, Pakistan və bəzi Avropa Birliyi ölkələrindən də silah-sursat tədarük elədi. Eyni zamanda özünün hərbi-sənaye kompleksini daha da inkişaf etdirən Azərbaycanda bir neçə yeni hərbi zavod açıldı. Ölkə artıq bir sıra atıcı silahlar və İsrail texnologiyası əsasında pilotsuz uçan aparatlar (PUA) istehsal edir.
Bütün bunların sayəsində işğalçı Ermənistan üzərində hərbi üstünlüyümüz daha da böyüyüb. Keçən ilin ölkəmiz üçün mühüm yekunlarından biri məhz budur. Söhbət xüsusən də hava hücumundan müdafiə sistemi və hərbi aviasiya sahəsində üstünlükdən gedir. Hərbi ekspertlər isə hesab edirlər ki, havada üstünlüyü olmayan ölkənin müharibədə qalib gəlmək şansı yoxdur. Bu da o anlama gəlir ki, Bakı məqbul siyasi şərtlərin yetişəcəyi halda, öz ərazilərini qısa müddətdə işğaldan azad edəcək.
*****
Diqqətçəkicidir ki, 2018-ci ildə Azərbaycanın qardaş Türkiyədən aldığı silah-sursatın həcmi də xeyli artıb. Belə ki, Türkiyə qaynaqlarının məlumatına görə, Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının alışını 85,7% artırıb. Türkiyə İxracatçılar Assambleyasının (TİM) məlumatında belə deyilir.
“Əgər 2017-ci ildə Azərbaycanın Türkiyədən aldığı müdafiə və aviasiya məhsullarının qiyməti 34,143 milyon dollar təşkil etmişdisə, 2018-ci ildə bu göstərici 63 milyon 409 min dollara bərabər olub. Ümumilikdə, Türkiyə ötən il 2 milyard 35 milyon dollarlıq müdafiə və aviasiya məhsulu ixrac edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 17% çoxdur”, - deyə məlumatda qeyd olunur.
Yəni qardaş dövlət öz hərbi sənaye kompleksini ilbəil gücləndirir və silah alıcısından artıq silah satıcısına çevrilməkdədir. Bu da qürurvericidir, çünki Türkiyənin artan gücü Azərbaycanın gücü, artan hərbi qüdrəti Azərbaycanın hərbi qüdrətidir.
Bundan əlavə, iki qardaş ölkə bu il də döyüş vəziyyətinə maksimum yaxınlaşdırılmış ortaq hərbi təlimlər keçirəcək. Həmçinin türkiyəli hərbi mütəxəssislərin Azərbaycan üçün zabit kadrları hazırlaması davam edəcək. Ən əsası, silahlı qüvvələrimizin NATO standartları əsasında qurulmuş Türkiyə ordusunun göstəricilərinə yaxınlaşması yönündə növbəti, mühüm praktik addımlar atılacaq. Bütün bunlar isə iki qardaş ölkə arasında hərbi alyansın reallaşmasını yaxınlaşdırır. Belə bir alyans isə sülh danışıqlarında güc faktoru kimi Qarabağ konfliktinin həlli üçün də əlverişli zəmin yaradardı...
*****
Bu fonda işğalçı Ermənistan ordusu ilə bağlı “qara” statistika açıqlanıb. Rəsmi rəqəmlərə görə, keçən il 39 erməni hərbçisi ölüb ki, bunun da yarıdan çoxu qeyri-döyüş şəraitində baş verib. Təkcə ötən ilin dekabrında, yəni bir ayda 7 erməni hərbçisi dünyasını dəyişib. Bu, bir yandan əgər işğalçı orduda nizam-intizamsızlığın və başıpozuqluğun baş alıb getdiyini göstərirsə, digər yandan, Ermənistanda 8 may “məxməri inqilabı”ndan sonra da düşmən ordusunda vəziyyətin yaxşıya doğru dəyişmədiyinin, əksinə, daha da ağırlaşdığının təsdiqidir.
Yeri gəlmişkən, az öncə baş naz əvəzi Nikol Paşinyan erməni ordusundakı kritik durum, o sırada əsgərlərin zəif qidalanması barədə acı etiraflarda bulunmuşdu. Hətta onu da demişdi ki, hərbi xidmətdə olan oğlu vaxtaşırı evə zəng edərək, ona yemək göndərilməsini istəyir.
“Açıqlanan rəqəmlər təşviş doğurur və ondan xəbər verir ki, orduda mahiyyət etibarilə keyfiyyət dəyişikliyi baş verməyib - baxmayaraq ki, inqilabdan sonra Nikol Paşinyan bu mövzuda bir neçə bəyanat vermişdi”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1in.am erməni portalının dünənki baş məqaləsində deyilir.
Redaksiyada məqaləsində daha sonra deyilir: “Əlbəttə ki, dünyanın heç bir ordusu belə insidentlərdən və fors-major vəziyyətlərdən sığortalanmayıb. Lakin hətta bu da bizim Müdafiə Nazirliyimiz üçün alibi rolunda çıxış edə bilməz - əgər müharibə vəziyyətində olan bir ölkənin silahlı qüvvələrində qeyri-döyüş itkilərinin sayı döyüş itkilərinin sayını 5 dəfə üstələyirsə. Bu, ondan xəbər verir ki, orduda ”daxili düşmən" daha qəddar və məkrlidir, nəinki istənilən an genişmiqyaslı müharibəni qızışdırmağa hazır olan düşmən".
Redaksiya bu xüsusda hüquq müdafiəçisi Janna Aleksanyanın da tənqidi fikirlərinə yer verib. Hüquq müdafiəçisi deyib: “Orduda David Tonoyandan (yeni müdafiə naziri - red.) savayı heç bir dəyişiklik yoxdur. Ölüm halları artmaqda davam edir. Onların təhqiqatı isə əvvəlki kimi pis aparılır, cinayətlər açılmır. Orduda cəzasızlıq mühiti qalır”.
Müəllif sonda yeni hakimiyyəti 2016-cı ilin aprel müharibəsindən nəticə çıxarmağa çağırıb. “O vaxt hamının gözü qarşısında erməni ordusunun döyüş qabiliyyəti haqda tezis dağıldı: onlarla gənc ordunun döyüşkən olmamasının və mənəvi aşınmasının qurbanı oldu. İnqilabdan sonra daha bir neçə qalmaqallı korrupsiya ifşasındansa institusional islahatlara diqqət yönəldilməlidir - hansı ki, Ermənistan islahlı qüvvələrinin yeni keyfiyyət səviyyəsi qazanmasına imkan verərdi”.
*****
Ancaq məsələ ondadır ki, ordunun yüksək keyfiyyəti və döyüş qabiliyyəti bilavasitə ölkənin iqtisadi göstəriciləri və maliyyə imkanlarından asılıdır. Bu isə hakimiyyət dəyişikliyi baş versə də, Ermənistan üçün əlçatmaz olaraq qalır. Çünki həll olunmamış Qarabağ problemi, izolyasiya rejimi, əsas qonşularla sərhədlərin bağlı qalması işğalçı ölkədə istənilən iqtisadi islahatı və tərəqqini mümkünsüz edir. Populist bəyanatlar verməyi xoşlayan Nikol Paşinyan da bir azdan buna əminlik hasil edəcək...