Kreml İrəvana yenə “diş” göstərdi - işğalçıya Yeni il öncəsi hədə kimi ismarış
Putinin Paşinyana 4 ağır şərti, “srok”u keçmiş təbriki və... tərs şilləsi - erməni baş nazir əvəzinin kritik Moskva səfərinin əsas yekunu; Moskva-İrəvan əlaqələrində böhran təzə ilə keçdi...
Yenixeber.org: Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın iki gün öncəki Moskva səfərinin nəticələri ermənilərin ümidlərini alt-üst elədi. Əslində gözlənilməz bir şey baş vermədi. Səfərlə bağlı isə nəticəsizlikdən danışmaq lazım gəlir, nəinki hansısa konkret nəticədən. Bunu Ermənistan mediası ilə yanaşı, Paşinyanın özü də etiraf edir.
Əvvəla, Rusiya prezidenti Vladimir Putin görüşdən sonra erməni baş nazirlə birgə mətbuat konfransı keçirib birgə bəyanat verməyə lüzum görmədi. Verilən açıqlamalar isə yalnız növbətçi xarakterli oldu. Bu, o anlama gəlir ki, tərəflər arasında soyuq küləklər davam edir. Daha dəqiqi, mətbuatın da yazdığı kimi, əsas problemlər dəyişməz qalır və bütünlüklə təzə ilə adlayır.
Söhbət Ermənistanın yeni rəhbərliyinə qarşı Moskvanın, Putinin bəslədiyi etibarsızlıq və etimadsızlıqdan, Nikol Paşinyanın gizli qərbpərəst olmasına olan dərin inamın ikitərəfli əlaqələrdə yaratdığı dərin çatdan, Ermənistana satılan təbii qazın qiymətindən, KTMT-yə baş katib məsələsindən, Ermənistan daxilində Rusiyaya sadiq tanınmış simaların təqibindən gedir.
Belə qənaət hasil olur ki, Moskvada onların heç biri ilə bağlı anlaşma əldə olunmayıb və quru ibarələr çıxılarsa, tərəflər bütövlükdə öz əvvəlki mövqelərində qalıblar. Ümumiyyətlə, Ermənistan mətbuatının da qeyd etdiyi kimi, hakimiyyətdə olduğu 8 ayda Paşinyan Putinlə çoxsaylı görüşlər keçirməsi ilə öyünsə də, bu görüşlər zamanı hələ bircə sənəd belə imzalanmayıb. Halbuki Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarının görüşlərinin hamısı olmasa da, əksəri yeni və vacib sənədlərin qəbulu ilə başa çatıb. Onlardan biri də Xəzərin hüquqi statusu haqda konvensiyadır. Sözsüz ki, bu da bir göstəricidir.
Moskva görüşü zamanı Putin, nəhayət ki, Paşinyanı 9 dekabr seçkilərindəki qələbə münasibəti təbrik edib. Seçkilərdən düz 18 gün sonra! Yəni bu əslində təbrikdən çox təhqir sayla bilər. Həm də o səbəbə ki, onu almaq üçün Paşinyan 3 min km yol qət edib Kremlə gəlməli oldu. Bu azmış kimi, səfər bitər-bitməz, Kreml başçısı sadiq dostu, Nikolun həbs elədiyi eks-prezident Robert Köçəryana Yeni illə bağlı təbrik məktubu göndərib. Bu da Moskva səfərindən sonra belə, Putinin Paşinyana qəzəbli olduğunun təsdiqi, eyni zamanda xəbərdarlıq sayıla bilər. Qucaqlaşıb şəkil çəkdirməklə deyil ki. Putin beləcə, Paşinyana faktiki, tərs şillə vurdu.
*****
Kəsəsi, erməni baş nazir əvəzi bu dəfə də əli ətəyindən uzun geri dönməli oldu. Nə qazın qiyməti, nə də digər problemli mövzularda əsas hədəflərinə çata bildi. Bunu onun öz “tvit”ləri də təsdiqləyir. Ən əsası, Rusiya qazının qiymətində endirim cavabsız qaldı: tərəflər ümumi qərara gələ bilmədilər. Paşinyanın özünün Facebook səhifəsində yerləşdirdiyi bəyanatından bu qənaətə gəlmək olar.
“Qazla bağlı qərar yoxdur, lakin müzakirələr davam edir. Əlbəttə, görüşdə qeyd olundu ki, hər iki tərəf üçün bu, həssas məsələdir” - Paşinyan qeyd edib. “Ümid edirəm ki, nəticələr bizim üçün arzuedilən olacaq, ən azından, arzuolunmaz nəticələr olmayacaq” - danışıqlara yekun vurarkən Ermənistan hökumətinin başçısı qeyd edib. Xatırladaq ki, hazırda Ermənistan Rusiyadan qazı sərhəddə 1000 kub metri 150 dollara alır.
“Baqramyan 26" teleqram-kanalı isə (Ermənistan baş nazirinin iqamətgahının yerləşdiyi ünvan belədir - red.) Putinin Paşinyan qarşısında qoyduğu şərtlərdən yazıb (virtualaz.org). ”Kreml mesaj verib ki, İrəvanın energetika sferası tamamilə baş nazirin sözəbaxımlığından asılı olacaq. Ermənistan üçün qaz bahalaşmayacaq, bir şərtlə ki, Paşinyan bir daha KTMT-nin işini qəlizləşdirməsin, Robert Köçəryanı azad etməyə razılaşsın (girov əvəzində zaminə buraxsın), Moskvanın vasitəçiliyi altında İlham Əliyevlə Qarabağa dair danışıqları intensivləşdirsin, Ermənistandakı bioloji laboratoriyalarda xarici mütəxəssislərin və hərbçilərin iştirakını istisna edən sənədi imzalasın", - deyə həmin mənbə iddia edib.
O da bildirilir ki, Putinlə dostluq edən Robert Köçəryanın azadlığa buraxılması məsələsində tərəflər razılıq əldə edə bilməyiblər. Sözünün yekununda Nikol Paşinyan onu da diqqətə çatdırıb ki, tərəflərə “ikitərəfli gündəliyin bütün məsələlərinə” toxunmaq müyəssər olmayıb.
*****
Beləcə, Ermənistandakı “məxməri inqilab”dan sonra Moskva-İrəvan münasibətlərində yaranmış böhranlı durum qalır və 2019-cu ilə adlayır.
Əlavə edək ki, Rusiya prezidenti ilsonu keçirdiyi mətbuat konfransında, Nikol Paşinyanın tezliklə Moskvaya səfər edəcəyini anons verməklə yanaşı demişdi ki, “tərəflər arasında nə uçub-dağılıb ki, bərpa da edək”. Yəni xeyli pozitiv görünmək istəmişdi. Artıq məlum olur ki, bərpa ediləsi həqiqətən çox şey varmış.
Yəqin Putin həmin açıqlama ilə Paşinyanla Moskva görüşü zamanı anlaşacağını düşünürmüş. Çünki Rusiya lideri onu da demişdi ki, “dünyada və regiondakı real cari vəziyyəti nəzərə almaq lazımdır, biz bunu Paşinyanın gələn həftə gözlənilən səfəri zamanı müzakirə edəcəyik”.
Müzakirələr bitdi. Ancaq anlaşma yenə olmadı. Anlaşma olsaydı, birgə mətbuat konfransı, birgə bəyanat olardı. Əvəzində fiasko oldu. Ən çox da Paşinyan üçün. Ən önəmlisi, Kreml Yeni il öncəsi İrəvana bir daha “diş” göstərdi...(müsavat)