Generallar Trampı tərk edir:“Böyük Orta Şərq” bitdi?
Tramp biznesmen təfəkkürlü prezident olduğuna görə hərbçilərlə dəfələrlə münaqişəsi olub.
Yenixeber.org: Bu sözləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Ceyms Mettis Pentaqonun rəhbəri kimi 2017-ci ildən fəaliyyət göstərir:
“Mettis dünyanın bir sıra dövlətlərində keçirilən hərbi əməliyyatların iştirakçısı olan praktik generaldır. Onun istefa məsələsi həm hərbçilər, həm də Denokratlar və Respublikaçılar partiyaları tərəfindən birmənalı qarşılanmır. ABŞ-da siyasi proseslər ordunun daxilinə təsir edə bilmir. ABŞ üçün milli, regional və qlobal təhlükəsizlik birinci yerdə dayanır. Orada hərbçilərə olan münasibət tamam başqadır”.
Politoloq vurğulayıb ki, Rusiya və İran Suriyada öz maraqlarını qoruyur. Amma ümumi qlobal təhlükəsizliyə təhdidin qarşısını almaq üçün ABŞ orada çox iş görmüşdü:
“ABŞ ordusu Suriyda İŞİD-i məhv etmək ərəfəsində idi. Burada ABŞ-ın hansısa qruplaşmaları nəzarətdə saxlaması, onlara yardım etməsi normaldır. Maraqlı məqam ondan ibarətdir ki, Mettis elə bir vaxtda postunu tərk etməyə çalışır ki, ABŞ-da vəziyyət doğrudan da ürəkaçan deyil. Pentaqon şefi Putinin düşməni, Ukraynanın dostu kimi özünü göstərib. İndi onun vəzifədən getməsi ABŞ siyasi sistemi üçün qorxulu tendensiya yaradıb. Güclü hərbçilərin Trampın verdiyi bəyanatlara, onun şəxsi keyfiyyətlərinə görə öz postunu tərk etməsi ABŞ-ın təhlükəsizlik sisteminin zəifləməsinə gətirib çıxara bilər. Yəni bu gün ABŞ-da bu cür problemlər var”.
Politoloqun sözlərinə görə, tam şəkildə Trampın Suriyadan nəzarətini çəkəcəyi inandırıcı görünmür:
“Çünki Suriyadan tam şəkildə nəzarət çəkilsə, bu, heç də xoş sonluqla nəticələnməz. Nə Rusiya, nə də İran öz inhisarlarında olan qruplaşmalara yardım etməkdən əl çəkir. Ona görə də tam şəkildə ABŞ-ın Suriyanı tərk edəcəyi inandırıcı deyil. Çünki Böyük Orta Şərq layihəsi hələ başa çatmayıb”.
Qeyd edək ki, Pentaqonun rəhbəri Ceyms Mettis gələn ilin fevral ayının sonunda istefaya gedəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.(axar.az)