Qüdrətdir də... Gah iqtidardır, gah da oyuncaq
Azərbaycanın siyasi isteblişmentinin nümayəndələrinin məntiqinə təəccüblənməyə bilmirəm. Ən çox isə, əlbəttə ki, müxalifətçilərin həyat fəlsəfəsi heyran qoyur. Bax, bu gün məni Azərbaycan Xalq Cəbhəsi partiyasının bəyanatı narahat etdi. Yox, söhbət Əli Kərimlidən getmir. Halbuki, o da Xalq Cəbhəsinin sədridir. Ölkəmizdə düz beş Xalq Cəbhəsi var və bunların hamısı Elçibəy AXC-sinin şinelindən çıxıb. Qəribə prezidentin müavinləri və tərəfdaşları öz patriarxlarının şinelini bölüşdürüb qurtara bilmədilər. Bu gün söhbət ikinci Xalq Cəbhəsinin sədri Qüdrət Həsənquliyev barədədir.
Yenixeber.org: Bəziləri deyir ki, o iqtidaryönlüdür. Digərləri iddia edirlər ki, yox, müxalifətçidir. Üçüncülər onun oyuncaq əl müxalifətçisi olduğunu bildirirlər. Etiraf edim ki, Qüdrət Həsənquliyevin siyasi məfkurəsini dərk etmək çətindir – telefonda bir söz deyir, parlamentin tribunasından isə tamam başqa söz, lakin Rusiya prezidenti Vladimir Putinin Bakıya çox şey vəd edən əlamətdar səfərindən dərhal sonra Həsənquliyevin son çıxışı Azərbaycanda və onun hüdudlarından çox uzaqda geniş rezonans doğurdu.
Əsas mətləbə keçənə qədər daha bir heç də az vacib olmayan aspektə toxunum. Rusiya ətrafında parlament debatlarının qızğın çağında Qüdrət Həsənquliyev özündə cəsarət taparaq onu haqlı olaraq tənqid edən həmkarı Araz Əlizadəyə iradla müraciət edib. Q.Həsənquliyev Araz Əlizadəyə nə cavab verdi? O dedi ki, A.Əlizadə dönükdür – 90-cı illərin əvvəllərində Mütəllibovu müdafiə edirdi, indi isə iqtidaryönlü siyasi düşərgəyə keçib. Həsənquliyevin məntiqinə əsaslansaq, görünür, o, özündən başlasa pis olmaz. Axı Q.Həsənquliyev Əli Kərimlinin yaxın dostu idi və hətta 1993-cü ilin Gəncə hadisələrindən sonra lideri uğrunda həyatını riskə atmışdı. Canlı salnamə hamını xatırlayır!
İndi isə Həsənquliyevin bəyanatının mahiyyəti haqqında. Gah iqtidaryönlü olan, gah da müxalifətçi deputat çox sərt anti-Rusiya bəyanatı ilə çıxış edərək, strateji müttəfiqimizi və Kremli son 25 ildə Azərbaycanın başına gələn bütün bəlalarda ittiham etdi. Deputat qarşısıalınmaz şəkildə elə ekstaza girdi ki, prezident İ.Əliyevin regionda əsas sabitləşdirici amil adlandırdığı Rusiyanı Azərbaycanın ərazi bütövlüyünün pozulmasında ittiham etdi. Bizim saytımızdan hələ çox əvvəl bütün Azərbaycan KİV-ləri Q.Həsənquliyevin çıxışını tirajladılar. Lakin bu saytlar Azərbaycan dilindədir, müvafiq olaraq, kiçik ölkəmizdən kənarda onları heç kim oxumur.
Çox fikirləşdim – deputatın belə rezonans yaradacaq bəyanatını saytımızda dərc etməyə dəyərmi. Parlament müxbirimiz Rasim Babayev bunda israr edirdi. Qəribə deputatın qəribə bəyanatı çox qızğın müzakirələrə səbəb olmuşdu. Lakin qərar verdim. Axı biz kütləvi informasiya vasitəsiyik və vəzifəmiz xəbəri ötürməkdir. Oxucular isə qoy özləri mühakimə etsinlər. Biz dərc etdik. Təbii ki, cəsarətli deputatın qalmaqallı bəyanatı Rusiyadakı həmkarlarımızın böyük marağına səbəb oldu. Az qala bütün Rusiya KİV-ləri deputat Həsənquliyevin bəyanatını dərc etdilər. Bu bəyanat Rusiya ekspert cameəsində və sosial şəbəkələrində şok reaksiyası doğurdu. Yalnız Lenta.ru portalında 500-ə (!!!) yaxın xoşagəlməz şərh yazıldı ki, burada Həsənquliyev parlament masasının arxasındakı kimi cəlbedici görünmürdü. Qüdrətin adı, onun özü üçün belə gözlənilmədən MDB-nin ucu-bucağı görünməyən bütün diyarlarını dolaşdı. Və bu ad mənfi tərzdə hallandı.
Həsənquliyev qorxdu və qorxusundan mənə zəng etdi. Mətni yumşaltmağı xahiş etdi. Mən ona bütün KİV-lərin yazdıqlarını yolladım, lakin o, məhz bizdə dəyişdirilməsini istəyirdi. Axı biz rusca yazırıq və bizi xaricdə oxuyurlar. Görünür, Həsənquliyev bu işdə yenidir (orijinalda “noviçok”). Və “noviçok” sindromu öz işini görür...
Mən hirsi soyumuş deputatın xahişini yerə salmadım və bəyanatın stenoqramını yumşaltdım. Xidməti cinayətə getdim! Lakin Həsənquliyev 3 saatdan sonra mənə bir də zəng etdi. Bu dəfə də bəyanatın mətnini dəyişməyi, daha da yumşaltmağı xahiş etdi. Daha bir cinayət! Yenə yumşaltdım. Deputat rahat nəfəs aldı, mən də yatmağa yollandım...
Güman edirdik ki, söhbət burda bitdi. Pərdə qapandı. Lakin səhər tezdən Xalq Cəbhəsi partiyasının mətbuat xidmətinin döyüşkən bəyanatını görəndə xeyli təəccübləndim. Yox, söhbət Əli Kərimlinin rəhbərlik etdiyi partiyadan getmir. Halbuki, üzdə olan odur. Söhbət özü partiyasından məşhur olan Qüdrət Həsənquliyevin AXC-sindən gedir.
Q.Həsənquliyev Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulinin cavab bəyanatından hiddətlənib. Bəs Zatulin nə deyib? Son aylar, Rusiya-Azərbaycan münasibətlərinin çiçəkləndiyi dövrdə Azərbaycana qarşı hücumlarla özünə ad və varidat qazana bilmiş Zatulin özünün azərbaycanlı həmkarının axmaq bəyanatından istifadə edərək, yenidən rəsmi Bakıya hücum edib. O, hakimiyyəti səmimi olmamaqda ittiham edib. Özü də təkcə o yox. Bütün əsas Rusiya KİV-ləri və bir çox məşhur ekspertlər reaksiya verdilər. Həsənquliyev strateji tərəfdaşımıza oturduğumuz yerdə hücum edib. Lazımsız hay-küy qaldırıb. Boş yerdə qalmaqal!. Bəlkə, başına qapaz da dəyib. Budur, bu gün səhər özünün hiddətli bəyanatında Həsənquliyev... tapın görək kimi ittiham edir? Haqqin.az-ı! Guya biz günahkarıq ki, Zatulin onun bəyanatını oxuyub və ona deyil (onu heç böyüdücü şüşə altında da görmək mümkün deyil), Azərbaycana cavab verib. Bunun günahkarı isə bizim saytdır. Əgər biz Həsənquliyevin bəyanatını dərc etməsəydik, Zatulin və Rusiya azərbaycanlı deputatın şpaqatını nəzərdən qaçıracaqdılar.
Günahkar bizik? Yaxşı. Günahı boynumuza götürürük. Lakin yalnız bir şeydə. Onda ki, Həsənquliyevin adı saytımızda görünüb. Söz veririk ki, bir də təkrarlanmayacaq. Güzgümüz sizin sifətiniz üçün deyil!
Eynulla Fətullayev