Tehran görüşü:Türkiyə-İran-Rusiya üçlüyünün qırılma nöstəsi
Bu gün İranın paytaxtı Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.
Yenixeber.org: Görüşün əsas gündəm mövzusu Suriya məsələsi olacaq.
Liderlərin xüsusilə İdlibdəki vəziyyəti müzakirə edəcəkləri gözlənilir. Qeyd edək ki, hazırda 3.5 milyon insanın yaşadığı İdlib Suriya rejiminə qarşı döyüşən müxaliflərin son qalasıdır. Suriyanın müxtəlif şəhərlərindən, əsasən də Hələbdən bu əyalətə süpürülən silahlı müxaliflər indi növbəti dəfə Əsəd rejimi və Rusiya hərbi qüvvələrinin hücum təhlükəsi altındadır. Məlumatlara görə, Rusiyanın havadan, Əsəd ordusunun qurudan bombalamağa hazırlaşdıqları, hətta artıq qeyri-intensiv əməliyyatların başlandığı İdlibdə ciddi humanitar fəlakətlər yaşana bilər.
İdlibdəki müxalif qüvvələrin bir zamanlar Türkiyə və Qərb dövlətləri tərəfindən dəstəkləndiyini nəzərə alsaq, hərbi əməliyyatlar intensivləşdikcə bu vilayətdə toplanan milyonlarla insanın Türkiyəyə sığınması ehtimalı istisna deyil. Onsuz da 3 milyondan artıq suriyəli qaçqını barındıran Türkiyənin gözlənilən son köçdən narahatlığı başa düşüləndir. İdlib əməliyyatı Türkiyədəki qaçqınların sayını 2 dəfə artıra bilər. Nəzərə alsaq ki, İdlib əməliyyatıyla Türkiyəyə sığınacaq qaçqınlar arasında terrorçular da yer alacaq və onlar “aldanılmışlıqlarının” qisasını öz metodlarıyla almağa cəhd göstərəcəklər, bu da qardaş ölkədə əmin-amanlığın və stabilliyin pozulmasına gətirib çıxara bilər. Məhz bu səbəbdən də, 3 regional dövlət liderinin Tehran görüşünün xeyli gərgin keçəcəyi gözlənilir. Zira nə Rusiya, nə də İran İdlibdə hazırlaşdıqları əməliyyatları təxirə salmaq fikrində deyillər. Eyni sözləri Suriya rejimi üçün də demək mümkündür.
Xüsusilə Rusiyanın İdlib əməliyyatına böyük önəm verdiyi beynəlxalq müzakirə masalarındakı mövqeyindən aydın olur. Son zamanlar BMT TŞ-da dəfələrlə keçirilən toplantılarda Rusiya birmənalı olaraq Suriya rejimini dəstəklədiyi, hətta ona qarşı keçirilməsi göslənilən hərbi əməliyyatların qarşısını almaq üçün bir sıra addımlar atdığı gözlərdən yayınmır.
Məlumata görə, Rusiya özünün Qara dənizdəki hərbi filotunun önəmli hissəsini Aralıq dənizinə göndərib. 20-dən artıq rus hərbi gəmisi və 30 savaş təyyarəsi İdlib sahillərində yerləşdirilib. ABŞ və Fransanın da xeyli hərbi gəmiləri döyüş nöqtəsindədir. Türkiyə dəniz donanması da cəbhə xəttində gözləyir. İsrail də boş dayanmaq fikrində deyil. Dünən Tel-əvivdən qalxan döyüş təyyarələrinin Suriyanın cənub-qərbində yerləşən hərbi bazalara hücum etdikləri barədə məlumatlar dünya mətbuatında yayıldı. Həmin hərbi bazalarda İrana məxsus qüvvələrin yerləşdiyi bildilir. Mütəxəssislərin fikrincə, İsrailin bu qəfil hücumu Suriya və Rusiyanın diqqətini İdlib əməliyyatından yayındıqmağa hesablanıb.
ABŞ və bəzi Qərb dövlətləri kimyəvi silahlardan istifadə olunacağı bəhanəsilə Suriya və Rusiyanın İdlib əməliyyatına müdaxilə edəcəkləri barədə artıq öz xəbərdarlıqlarını səsləndiriblər. BMT TŞ-da gündəmə gətirilən bu iddialara görə, Suriya rejiminin İdlibdə kimyəvi silah istifadə edəcəyi təqdirdə, Qərb ölkələri buna laqeyd qalmayacaqlar. Rusiya isə bu iddialara qəti şəkildə etiraz edir və əslində Qərb ölkələrinin öz agentləri vasitəsilə təxribat hazırladıqlarını, məqsədlərinin İdlib əməliyyatının qarşısını almaq və Suriyaya növbəti hücum üçün “zəmin” hazırlamaq olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, bu təxribatın arxasında “Ağ dəbilqəlilər” deyilən təşkilat dayanır. ABŞ və Qərb ölkələri tərəfindən maliyyələşdirilən və humanitar yardımçılar kimi görünən “Ağ dəbilqəlilər”in Suriyadakı bazasında kimyəvi silahlar hazırlanıb, İdlibdəki bir terror təşkilatına verildiyi iddia olunur.
Astana üçlüsünün Tehrandakı görüşündən bir neçə saat öncə BMT TŞ-da növbəti İdlib iclası keçirilib. Bu gecəki müzakirələrdə də mübahisələr yaşanıb. Məlumata görə, Rusiyanın BMT TŞ-dakı daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın Suriyada kimyəvi silah istehsalı və ya toplanması ilə bağlı iddia etdiyi obyektləri açıqlamasını və iddiaların səhihliyini yoxlamaq üçün Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) nümayəndələrinin oraya göndərilməsini təklif edib.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri də İdliblə bağlı bəyanatlar verib. O, bəyanatında regionda kimyəvi hücum hazırlandığına dair bir çox dəlillərin olduğunu deyib.
Göründüyü kimi, beynəlxalq münasibətlərin xeyli isinməsinə səbəb olan İdlib məsələsi asan həll olunana oxşamır. Rusiyanın israrlı mövqeyi, Türkiyənin milli maraqları və təhlükəsizlik qayğıları İdlib düyünündə toqquşur. İran da məsələyə onu gözləyən beynəlxalq hesablaşmaları öz sərhədlərindən uzağa daşımaq fürsəti kimi baxır. Güclü Qərb dövlətləri isə İdlib əməliyyatına qarşı çıxdıqları üçün Türkiyə ilə eyni nöqtədə birləşirlər.(ovqat.com)
Bu ziddiyyətli vəziyyət Ankara ilə Moskva arasında son zamanlar yaşanan yaxınlaşmanın da son nöqtəsi ola bilər.