Müsavat seçkilərə gedir?
"Xeberinfo.com": Noyabrın 2-də Cəlilabad şəhərində Müsavat Partiyasının Biləsuvar, Masallı, Cəlilabad rayon təşkilatları üzvlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirə iştirakçıları sonda bəyanat qəbul edib.
Bəyanatda deyilir:
“Müşavirə iştirakçıları Bələdiyyə seçkilərinə rəsmi start verildiyi və partiya Məclisinin Bələdiyyə seçkilərində iştirakının məqsədəuyğunluğu haqda qərarını əsas götürərək bu seçkilərdə partiya üzvlərini fəal iştirak etməyə çağırır. Təəssüflə qeyd edir ki, növbəti Bələdiyyə seçkiləri də hakimiyyətin təyin etdiyi və indiyədək keçirilən seçkiləri saxtalaşdıran seçki komissiyaları tərəfindən həyata keçirilir. Müşavirə iştirakçıları həmçinin Müsavat Partiyasının VIII Qurultayının yüksək səviyyədə baş tutduğunu, alternativ əsaslarla azad, ədalətli və demokratik seçkilərlə partiya Başqanı, sərbəst Məclis üzvləri və MNTK üzvlərinin seçilməsini müsbət hal kimi qiymətləndirir. Eyni zamanda, partiya Nizamnaməsində nəzərdə tutulan bir nəfərin ardıcıl iki dəfədən artıq partiya Başqanı seçilməsini yasaqlayan müddəanı tətbiq etməklə, ölkədə fəaliyyət göstərən partiyalara (o cümlədən hakimiyyətə) örnək ola biləcək mütərəqqi ideya vermişdir. Seçki Komissiyası Başqanlığa namizədlərin irəli sürdükləri nümayəndələrdən paritet əsaslarla təşkil olunması, Qurultayadək bütün namizədlərə təbliğatlarını qurmaq, partiya üzvləri ilə görüşmək üçün bərabər şərait yaradılması, xüsusilə Qurultay günü səsvermənin keçirilməsi və səslərin sayılmasını aşkar şəkildə, media nümayəndələrinin müşahidəsi altında aparılmasını partiyanın uğuru və demokratik prinsiplərə sədaqətinin nümayişi kimi qiymətlədirilməlidir. Seçkilərin nəticələrini Seçki Komissiyası yekdilliklə təsdiq etmiş, yekun Protokol komissiyanın bütün üzvləri tərəfindən imzalanmışdır. Bütün bunlara rəğmən Qurultaydan sonra bəzi qurultay nümayəndələrinin və partiya üzvlərinin seçkilərin nəticələrini şübhə altına alma cəhdlərini əsassız və partiya maraqlarına ciddi zərbə kimi qiymətləndiririk. Biz hesab edirik ki, partiyadaxili demokratiyanın inkişaf etdirilməsi baxımından fikir plürazminin olması təbii və çox vacibdir. Lakin bu imkanlardan qərəzli formada lstifadə edib, guya partiyada ciddi problemlər olduğu görüntüsü yaratmaq cəhdlərinin yolverilməz olduğunu və bu kimi cəhdlərin Müsavat Partiyasını, bütövlükdə demokratik düşərgənin maraqlarına deyil, daha çox hakimiyyətin maraqlarına uyğun olduğu qənaətindəyik. Bizim düşüncəmizə görə, partiyanın gücləndirilməsi, onun qarşıya qoyduğu əsas hədəflərə çatmasına yardımçı olmaq arzusunda olanların partiya strukturlarında təmsil olunması daha effekli və məqbul yoldur. Biz - müşavirə iştirakçıları hamını bu söz söhbətlərə son qoyub, Müsavat Partiyasının öz hədəflərinə çatması uğrunda mübarizəyə səfərbər olmağa çağırırıq”.