Azərbaycana görə anti-Rusiya isterikası –İrəvana “yeni aprel” siqnalı
Ermənistanın üç dərdi - bahalaşma, Bakıya verilən Rusiya silahları, bir də...; işğalçı ölkədə əhali həm də Moskvaya qarşı küçələrə çıxmağa çağırılır; düşmən oturduğu budağı kəsir? Yerli siyasilərdən və ekspertlərdən bədbin proqnozlar...
Yenixeber.org: İşğalçı Ermənistan, onun siyasi elitası və əhalisi Yeni ilin gəlişi ilə daha kritik aylar yaşamağa başlayıb. Yanvarın 1-dən gündəlik tələbat mallarının, benzin və maye qazın bahalaşmasının yaratdığı ictimai-siyasi gərginliyin üzərinə neçə gündür Azərbaycanın Rusiyadan aldığı və artıq cəbhə bölgəsinə yola salınmış yeni partiya silahların doğurduğu xof da əlavə olunub.
Bu yandan da Azərbaycan prezidenti İlham Əliyevin az öncə Davosdan bəyan elədiyi “Rusiya ilə yeni hərbi müqavilələr imzalanacaq” açıqlaması ermənilər daha da qəzəbləndirib və təlaşa salıb. Erməni mediasında davam edən şərh və rəylər bu qənaətə şübhə saxlamır.
Diqqət çəkən məqamlardan biri də bu kimi yazılarda təklif edilən əcaib çıxış yollarıdır. Bir az da dəqiq desək, faktiki surətdə ermənilər “oturduqları budağı” kəsməyi təbliğ eləməyə başlayıblar. Kremlin könüllü vassalı və marioneti olan, bütünlüklə onun təhlükəsizlik çətiri altında olmaq hesabına öz mövcudluğunu saxlayan, xarici sərhədlərini belə rusların qoruduğu Ermənistanda Rusiyaya qarşı özünü göstərən yeni isterika və şantaj dalğasının bir adı da budur.
*****
“Yeni Müsavat” erməni mediasına istinadən bu xüsusda düşmən ölkədə ictimai-siyasi ovqatı bilmək baxımından faydalı ola biləcək rəylərin təqdimatını davam edir.
Məsələn, bahalaşma əleyhinə kütləvi etiraz aksiyalarının əsas təşəbbüsçüsü olan “Yelk” (“Çıxış”) deputat blokunun üzvü Edmon Marukyan təklif edib ki, Azərbaycana Rusiya silahlarının verməsi məsələsi parlamentdə müzakirəyə çıxarılmalıdır. Bu barədə Lragir.am erməni saytı şimal qonşumuzun Azərbaycana tədarük elədiyi son partiya silahlara həsr elədiyi məqalədə deyilir.
“Rusiya Ermənistana münasibətdə ikiüzlü, mənəviyyatsız siyasət aparır. Bunu Rusiya isteblişmentinin hansı hissəsi həyata keçirir, artıq heç kim üçün maraqlı deyil, çünki silahı Azərbaycana Rusiya verir. Əgər o, Ermənistan qarşısında öz öhdəliklərinə sadiq olsaydı, heç olmazsa, Bakı ilə yeni hərbi sazişlər imzalamazdı. Amma Əliyev bəyan edir ki, təzə anlaşmalar üçün heç bir əngəl yoxdur. Demək, Ermənistan da Rusiya üçün yoxdur”, - deyə məqalədə qeyd olunur.
Yazıda daha sonra deyilir: “Təsəvvür eləmək çətindir ki, Ermənistanın hazırkı hakimiyyəti Rusiya-Azərbaycan sövdələşməsini əngəlləyə bilər. Buna da qəti şübhə yox ki, Ermənistan həm daxili həm də xarici məkanda təhlükəsizlik alternativləri formalaşdırmaq bacarığı nümayiş etdirməli, bununla da Rusiyaya onun hesablaşacağı situasiyanı diktə eləməlidir - necə ki, aprel müharibəsindən sonra məhz belə olmuşdu. Bu da aydındır ki, İrəvan dəqiq və aydın şəkildə öz narazılığını ortaya qoymalı və bəyan eləməlidir ki, Rusiya Azərbaycanı erməniləri qətlə yetirmək üçün silahalandırır. Bu mənada Edmon Marukyanın məsələni parlamentin gündəliyinə gətirmək təklifi olduqca mühümdür”.
Hərçənd yazı müəllifi şübhə edir ki, parlamentdə məsələni gündəliyə salmağa cəsarəti çatan qüvvələr ola bilər. “Ancaq bu, ”Yelk" blokunu dayandırmamalıdır. Əgər o, parlamentdə dəstək tapmasa, o zaman insanları Rusiya səfirliyi qarşısında etirazlar üçün küçələrə çıxmağa çağırmağa hazır olmalıdır" - nəşr əlavə edib.
*****
“Baş verən son hadisələr proseslərin iki il öncəki kimi nəzarətdən çıxacağı yönündə həyəcan yaradır - nə vaxt ki, Azərbaycan Rusiyanın kart-blanşı ilə müharibəyə başlamışdı. Hər halda Nalbəndyan və Məmmədyarovun Krakovda ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisini genişləndirmək haqda anlaşması fonunda yanvarın 19-da Azərbaycan Rusiyadan yeni partiya silahlar alıb. Ölkənin prezidenti İlham Əliyevin bu ərəfədə Davosdan verdiyi bəyanat isə faktiki Bakının yeni ”aqressiv siyasəti" barədə (dırnaqlar bizimdir - A.X.) siqnaldır".
“Yeni Müsavat”ın məlumatına görə, bu sitat 1 in.am saytının aparıcı siyasi şərhçisi Sərkis Arsruninin yazısındandır. O, təəssüflə qeyd edir ki, yeni Rusiya hərbi texnikasının Azərbaycana verilməsi nə İrəvanda, nə də Xankəndində adekvat reaksiya doğurmayıb.
“Öz növbəsində Ermənistan hər şeyi edir ki, hərbi balansı saxlasın. Qəribədir ki, dünən (srağagün - red.) məsələ barədə danışan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərlə söhbətində sətiraltı hətta Rusiyanı müdafiə etdi. Bildirdi ki, Ermənistan Rusiyadan daha ucuz qiymətə silahlar alır. Halbuki İrəvanda ən yüksək səviyyədə Moskvaya onun müttəfiqlik öhdəlikləri və vasitəçilik missiyası haqda xatırlatmalar edilməli, Azərbaycana silah tədarükünü dayandırmaq tələb olunmalı idi” - erməni siyasi təhlilçi qeyd edib.
O da belə hesab edir ki, yaranmış vəziyyətdə Ermənistan Moskvanın acığına paralel şəkildə və ya alternativ olaraq, Avropa Birliyi, NATO (?!-red.), Çin, İranla hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir: “Fəqət, bizim diplomatiya əvvəli tək dişsiz olub...”
*****
Bu qəbildən yazı-şərhlərə nə əlavə etmək qalır? Əlbəttə ki, yalnız bunu: ayaq altında olan qarışqanın filə hədə-qorxu gəlməsi, onu şantaj eləməsi. Eyni zamanda klassik sual yada düşür: nə ilə, hansı iqtisadi-maliyyə və insan resursları ilə Ermənistan Rusiyaya etiraz edir? Erməni KİB-lərində gedən bu kimi şərh və çağırışlar oturduğun budağı kəsmək cəhdindən savayı bir şey deyil...