Torpaqlar 2019-cu ildə qaytarılacaq -Moskvanın 5 mərhələli PLANI
“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”
Yenixeber.org: Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb.
“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.
Həmçinin o əlavə edib ki, bütün Donbasın Ukraynanın nəzarəti altında olacağı, yaxud da münaqişənin dondurulacağı sözügedən qətnamədən asılıdır. Bundan başqa, nəşrin həmsöhbətinin sözlərinə görə, hazırda danışıqların Ukraynasız aparılması çox ciddi məsələdir.
“Apostrof” nəşri hakimiyyətə yaxın mənbəyə istinadən daha əvvəl yazıb ki, Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi ilə bağlı Rusiya qətnaməsi uyğunlaşdırılacağı halda, prosesin inkişafının ehtimal edilən ssenari beş addımdan ibarət olacaq.
- Tərəflər arasındakı təmas xətti üzərində nəzarət təmin ediləcək.
- Donbasda seçkilərin keçirilməsi üçün Ukrayna parlamentində yeni seçki qanunvericiliyi qəbul ediləcək.
- Seçkilər keçiriləcək və BMT missiyası Donbasın bütün ərazisində genişləndiriləcək.
- Seçkilərin keçirilməsindən sonra faktiki olaraq yerli hakimiyyət legitimləşdiriləcək.
- Sülhməramlılar çıxarılacaq, Ukrayna qoşunlarının sərhədə girişi təmin ediləcək və Donbasın ayrı regionları Ukrayna qanunlarına uyğun olaraq fəaliyyət göstərməyə başlayacaq.
“ABŞ və Suriya faktiki olaraq, artıq bu məsələdə razılaşıb”, - nəşrin mənbəyi vurğulayıb.
Onun sözlərinə görə, sülhməramlılar yalnız təmas xəttində yerləşdiriləcəyi, yaxud da Ukrayna Ali Radasında seçki qanunvericiliyi və amnistiya barədə qanun layihələrinə səs verilməyəcəyi halda, problemlər yarana bilər. Bu halda münaqişə faktiki olaraq dondurulmuş olacaq.
“Bu, ən böyük təhlükə olacaq. Bizim girişimiz olmadan seçkilərin keçirilməsi faktiki olaraq indi orada baş verənlərin qanuniləşdirilməsi deməkdir. Bu, böyük təhlükədir”, - o vurğulayıb.
Xatırladaq ki, noyabrın 13-də Belqradda Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla (Rusiyanın Donbas üzrə “kuratoru” adlandırılır –red.) ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker arasında görüş keçirilib. ABŞ tərəfi Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi üzrə Rusiyanın təklif etdiyi qətnamə layihəsinin variantına əlavələri təqdim edib.