"Bu qədər itki Müdafiə Nazirliyi üçün utancvericidir"
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Müdafiə Nazirliyini sərt tənqid etdi: “Bu qədər itki Azərbaycan Müdafiə Nazirliyi uçun utancverici bir hadisədir”; “Azərbaycan Ordusu hələ də Sovet sistemindədir - dəyişmək lazım”
"Xeberinfo.com":NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov müsavat.com-a son hadisələr və cəbhədəki itkilərin səbəbləri barədə eksklüziv açıqlama verib. Həmin açıqlamanı təqdim edirik:
“NATO Əməkdaşlıq İnstitutu bir necə ildir ki KIV-lər vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyini Silahlı Qüvvələrdə islahatlar keçirtməyə dəvət edirdi. Çox təəssüflər olsun ki, Azərbaycan ordusu hələ de köhnə Sovet sistemində işləyir. Baxmayaraq ki, 20 ildir NATO ilə tərəfdaşıq. Orduda baş alıb gedən korrupsiya, özbaşınalıq, intihar hadisələri və s. bunlara misal çəkmək olar. Cəbhədə bu qədər itki verməmizin əsas günahkarı məhz Müdafiə Nazirliyidir. Hadisənin çoxsaylı itki vermə səbəbi MN tərəfindən əməliyyat şəraitinin düzgün qiymətləndirilməməsi¬, rəqibin manevr imkanlarının ehtimal olunan istiqamətlərdən dəqiqləşdirilməməsi və yerli şəraitə səhlənkar yanaşaraq, məsələlərə qeyri - ciddi tövür sərgiləmələri olub. Bu kimi halda gərək Müdafiə naziri ya Baş Qərargah rəisini və yaxud da ordu kəşfiyyatına rəhbərli edən məsul şəxsi istefaya göndərsin. Bu kimi halların baş verməsi və itki sayının çox olması Azərbaycan Müdafiə Nazirliyi uçun utanc verici bir hadisə sayılmalıdır. Ön cəbhədə xidmət edən əsgərlərimizin heç bir kəşfiyyat təcrübəsi yoxdur; lakin düşmən tərəf isə ön cəbhəyə xüsusi təyinat keçmiş hərbçiləri yerləşdirib. Bunları hər dəfə diqqətə almaq lazımdır. 2014 cü ilin başlanğıcından bu yana gedən proseslər hərbi sferada heç bir şeyin dəyişmədiyini yenə gözlər önünə sərdi. Əgər orduda sıravi deyil, peşəkar xüsusi təyinat keçmiş zabit və əsgərlər ön cəbhədə keşik çəkərsə düşmən heç zaman bir addım belə irəli gələ bilməz. Azərbaycan dövləti bir şeyi hər zaman xatırlamalıdır və unutmamalıdır ki, düşmən ordusunu arxa planda dəstəkləyən Rusiya Kəşfiyyatı və zabitləri var. Həmçinin, düşmən ordusunda xüsusi təlim keçmiş əsgərlərdən istifadə olunur. Onları da Rusiya Hərbi Kəşfiyyatı Peyk kəşfiyyat materialları ilə təmin edir – lojistik dəstək verir. Bunları əgər göz ardı edirsə, Azərbaycan Müdafiə Nazirliyi sistemində nələrinsə yaxşılığa dəyişəcəyini görməyəcəyik!"