Moskvadakı Qafqazla bağlı müzakirələrin pərdəarxası
Hikmət Hacızadə: “Plan eynidir: rus ordusunu ölkəmizə qaytarmaq”
Yenixeber.org: Ötən həftə Rusiya paytaxtında “Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda konfrans keçirildi. Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinin və inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş tədbirlə bağlı qəzetimizə geniş müsahibə verən deputat Fazil Mustafa bir sıra maraqlı fikirlər səsləndirib.
Deputat belə tədbirlərin keçirilməsini normal qiymətləndirib. Bildirib ki, Rusiyada belə bir konfransın keçirilməsi təşəbbüsü Rusiyadakı vətənpərvərlik və dövlətçilik mövqeyindən çıxış edən, bu ölkənin Türk dövlətləri ilə münasibətlərini avrasiyaçılıq platforması üzərində yenidən qurmasına çalışan Proxanov, Duqin kimi tanınmış simalar tərəfindən səsləndirilmişdi. “Onların da mövqelərinin birbaşa təmasda öyrənilməsi bizim marağımıza uyğun gəldiyinə görə, tədbirin formatı Azərbaycan tərəfindən də təbii ki, razılıqla qarşılandı. Çünki belə bir konfransın keçirilməsi Rusiya ilə münasibətlərimiz barədə mövqeyimizin daha açıq şəkildə səslədirilməsinə fürsət yaradırdı. Belə bir təşəbbüs Rusiyadakı istənilən başqa ciddi siyasi qüvvə tərəfindən gəlsəydi belə, yenə də buna müsbət baxılacaqdı. Çünki bizim öz haqlı mövqeyimizi aydınlatmaq üçün qarşımıza çıxan bütün platformalardan istifadə etməyimiz zəruridir. Heç bir halda müzakirə mühitindən yayınmaq olmaz, hər yerdə sözünü, mövqeyini deməlisən, etirazını bildirməlisən, öncədən formalaşmış yanlış fikirləri dəyişdirməyə çalışmalısan”.
Deputat özü də təsdiqləyib ki, “President-hotel”də Rusiya hakimiyyətinin iradəsindən kənar hansısa ciddi siyasi proses baş vermir: “Eyni zamanda hamıya aydındır ki, hər bir tədbirin mütləq hansısa məqsədi olur. Eləcə də burada iştirak edən tərəflərin də konkret məqsədi olur. Rusiya kimi bizim də məqsədimiz var. Rusiyanın məqsədi keçmiş postsovet ölkələrini öz cazibəsində saxlamaqdır. Kimini silah gücünə, kimini dolaşıq problemlərlə, kimini də dostluqla. Hər bir halda Rusiya bizdən qat-qat güclü dövlət olduğuna görə ilk öncə onun məqsədi önə çıxır. Bizim isə əsas məqsədimiz müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumaqdır. Ermənistan öz işğalçılığı ilə bizə böyük problem yaradıb, Rusiya da bir müttəfiq kimi bu prosesdə Ermənistanı dəstəkləyir. Bizim məqsədimiz Rusiya ilə münasibətlərimizi məhz dostluq müstəvisinə yönəltmək olmalıdır. Müstəqilliyimizə, ərazi bütövlüyümüzə xələl gətirməyən dostluq! Ona görə də hər bir tərəf öz məqsədini gerçəkləşdirmək üçün çalışır. Burada isə ancaq müzakirələr yolu ilə nə istədiyimizi geniş rus auditoriyasına çatdırmaq mümkündür”.
Qeyd edək ki, konfransda çıxış edən Geosiyasi Ekspertiza Mərkəzinin sədri Aleksandr Duqin tədbirin Rusiyada Azərbaycan, Azərbaycanda isə Rusiya obrazının müəyyən olunmasında mühüm rol oynadığını vurğulayıb. Qarabağ münaqişəsinin həlli yollarına toxunan rusiyalı ekspert bu münaqişənin Moskva ilə Bakı arasında əməkdaşlığın möhkəmləndirilməsinə mane olduğunu bildirərək, Azərbaycanın gömrük ittifaqına girməməsinin başlıca səbəbi kimi göstərib. Yazıçı-publisist Aleksandr Proxanov isə Bakının müstəqil xarici siyasət yürütməsinin Moskva üçün çox önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, bu məqam Azərbaycanın Rusiya ilə münasibətlərində mühüm rol oynayır.
Tədbirdə Qarabağ məsələsinin həlli üçün ilkin olaraq 5 rayonun işğaldan azad edilməsi zərurətindən bəhs olunub. Rusiya bu kimi tədbirlərə ev sahibliyi etməklə hansı məqsədlər üçün çalışır: Azərbaycanı yenidən öz orbitinə qaytarmaq istəyir, yoxsa digər planları var?
Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, bu tədbir Proxanov, Duqin və Azərbaycanın rəsmi dairələri tərəfindən təşkil olunmuş lobbiçilik cəhdidir: “Plan isə eynidir: rus ordusunu ölkəmizə qaytarmaq! Başqa plan yoxdur”. Maraqlıdır, doğrudanmı Rusiyanın bəzi rayonları qaytarmaq planı var, yoxsa o da olmayacaq? Çünki ermənilər bir kəndi belə qaytarmayacağını deyir. H.Hacızadə: “Bəzi rayonları qaytarmaq, bununla yanaşı, təmas xəttinə rus sülhməramlı qüvvələrini yeritmək plani var. Ancaq əvəzində Dağlıq Qarabağ əbədi gedir, bizdən ayrılır. Necə ki, Abxaziya Gürcüstandan ayrıldı”.
Musavat