“Moskva İrəvanı Qarabağla cəzalandıracaq” -sensasion gözlənti
Rusiya nəşri: “Ermənistan riskli oyuna girib, özünü dalana salıb”; İrəvanın xarici siyasətdə iki və daha çox “stulda oturmaq” siyasəti ona baha başa gələ bilər - şimaldan hədə gəldi; Rusiya baş naziri düşmən ölkəyə gedir; Medvedyev nankor müttəfiqə hansı mesajı aparır?..
Yenixeber.org: İşğalçı Ermənistan Rusiyanın regionda yeganə hərbi forpostu ola-ola son vaxtlar Qərbə, NATO-ya reveranslar eləməsi, Avropa Birliyin ilə saziş imzalamağa hazırlaşması artıq siyasi təhlilçilərin əsas diqqət verdiyi mövzulardan birinə çevrilib. Rəsmi Moskva İrəvanın bu kimi gedişlərinə hələlik susqunluq göstərsə də, gözlənildiyi kimi, ən azından Rusiyanın ekspert dairələrində məsələ sürətlə gündəmə daşınmaqdadır.
Ortaq qənaət belədir ki, xüsusən də Rusiya ilə ABŞ, NATO arasında münasibətlərin sürətlə gərginləşməyə üz tutduğu indiki dönəmdə cırtdan Ermənistan faktiki surətdə Kremli güclü şəkildə qıcıqlandırmaqla olduqca riskli bir oyun oynayır. O üzdən İrəvanın bu qəbildən şıltaqlıqlarına, daha doğrusu, nankorluğuna Moskvanın cavabının kifayət qədər sərt və qeyri-proporsional ola biləcəyi vurğulanır.
***
Rusiyanın tanınmış Rosbalt nəşrində dünən bu mövzuda dərc olunmuş analitik məqalə diqqət çəkir. Musavat.com-un məlumatına görə, məqalədə deyilir: “Ermənistanda az qala, hamı Rusiya ilə ABŞ arasında seçim problemini müzakirə edir. Parlament mühitində ölkənin ən azı, Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxmaq çağırışları səslənir. Xalqın (elə hakimiyyətin də) içində isə anti-Rusiya və anti-İran sanksiyalarının respublikaya təsirindən panik şəkildə qorxurlar və nəfəslərini içəri çəkərək, Ermənistanın NATO ilə indiyədək görünməmiş yaxınlığını müzakirə edirlər”.
Məqalə müəllifinə görə, Ermənistanın həssas mövqeyini başa düşmək əslində mümkündür: “Bu ölkə Rusiyanın strateji müttəfiqi ola-ola, təkcə Moskva ilə deyil, İran və Avropa Birliyi ilə, NATO ilə də əlaqələr qurmağa çalışır. Belə bir siyasət özünü hardasa doğruldub, ancaq indi o, bir çox səbəblərdən təhlükə altındadır. Birincisi, Rusiya öz ”müttəfiqinə" münasibətdə ciddi səhvlərə yol verib ki, bu da İrəvana incik pozası tutmağa və yeni “dostlar” axtarmağa (Moskvanı şantaj elementləri ilə birgə) imkan yaradıb. İkincisi, Kremlin Qərblə konfrontasiyası elə bir yüksək səviyyəyə çatıb ki, Ermənistan xarici siyasətdə iki və daha çox “stulda oturmaq” müyəssər olmayacaq.
Bu arada İrəvana həm Qərb, həm də Rusiya təzyiq göstərir. Və belə bir şəraitdə, KTMT-nin üzvü ola-ola, Azərbaycanla həll olunmamış münaqişə yaşaya-yaşaya Ermənistanın ağlına məhz ABŞ və NATO ilə sürətlə yaxınlaşma tövrü göstərmək gəlib. Rusiyalı politoloq Qriqori Trofimçuk bu yerdə haqlıdır deyəndə ki, Cənubi Qafqazın problemi zonalarında vəziyyət daha çox “Rusiya-Amerika balansı”ndan asılıdır".
Məqalədə daha sonra deyilir: “Ermənistanın Rusiyaya qarşı sanksiyalar sarıdan narahatlığı boşuna deyil. İki qüdrətli dövlətin Ermənistan kontekstində məntiqi tamamilə fərqlidir. Amma nəticə birdir və Ermənistan üçün ağırdır - hansı nəticə ki, İrəvanın onsuz da kasad imkanlarını daha da daraldacaq. Beləcə, Ermənistan özünü dalana salıb”.
Rusiya nəşri ardınca Ermənistanın Avropa Birliyi ilə payızda çərçivə sazişi imzalamağa hazırlaşdığını yada salaraq yazır: “Bu sazişin məzmunu açıqlanmır. Hələ ki Ermənistan Rusiyaya düşmən blok olan NATO-nun təlimlərində addımlayırkən - o Rusiya ki, hələlik Bakıya öz qonşusunu məhv edib, işğal altındakı əraziləri geri qaytarmağa izn vermir - Azərbaycan öz müdafiə naziri Zakir Həsənovun timsalında jurnalistlərə bəyan edir ki (nazirin son Moskva səfəri nəzərdə tutulur -red.), Bakı Rusiya ilə hərbi-texniki əməkdaşlığı hərtərəfli genişləndirmək niyyətindədir. Azərbaycanlı nazir həmçinin, bu yaxınlarda Xəzər dənizində Rusiya ilə birgə hərbi təlimlərin keçirildiyini yada salıb. Onu da deyib ki, hazırda çoxlu sayda azərbaycanlı zabit və kursantlar Rusiyanın ali hərbi məktəblərində təhsil alır, Azərbaycan ordusunun sərəncamında isə çoxlu Rusiya hərbi texnikası var”.
Məqalə deyilir: “Belə görünür ki, Ermənistan bu kimi ”xəbərdarlıqları" eşitmək istəmir. Hərgah, Dağlıq Qarabağ ətrafında olduqca mürəkkəb qüvvələr balansı formalaşıb. Söhbət həm də Qarabağ məsələsində Azərbaycan maraqlarının lobbiçisi olan Türkiyə ilə Rusiyanın təzədən “dostlaşmasından” gedir. İkinci tərəfdən, Moskva öz nizamlama variantını həyata keçirməyə çalışır. Həmin varianta görə, öncə Azərbaycana Ermənistanın işğalı altında olan 7 rayondan 5-i qaytarılır - hansına ki, İrəvan müqavimət göstərir, hərçənd, başqa bir həll yolu ona böyük itkilər hesabına başa gələ bilər. Üçüncüsü, hazırda Azərbaycan Rusiyanın gözündə daha etibarlı tərəfdaşdır, nəinki öz xarici siyasət oriyentasiyasında sürüşkən olan və Moskva çoxlu iradlar irəli sürən Ermənistan".
Müəllifin qənaətincə, Ermənistanın bu oyunu olduqca risklidir: “Ona görə ki Rusiya şantaj xoşlamır. Bu üzdən Kreml olduqca sərt, hətta qeyri-proporsional cavab verə bilər. Yəqin ki, bu xüsusda Ermənistan üçün ”ev tapşırığı" da artıq hazırlanıb - əgər İrəvan öz oyunları ilə daha uzağa gedib çıxsa. O zaman Ermənistandan nə qalacaq? NATO və ABŞ ona kömək etməyəcək, onlar Ermənistan uğrunda vuruşası da olmayacaqlar - burası dəqiqdir. Həmçinin KTMT-nin türkdilli dövlətləri və Belarus də qarışmayacaq. Hələ ki Rusiya xeyli dərəcədə onun özü tərəfindən yaradılan bu situasiyaya dözür. Kəsəsi, Ermənistan getdikcə daha “cəsarətli” olur. Amma çətin ki, onun bunca “tərifə layiq” davranışını Moskva əlində İrəvana qarşı bunca ciddi kozır sayılan Qarabağ kartı (erməni-Azərbaycan qarşıdurması) ola-ola cavabsız qoysun. Yəni əsas Ermənistanın təhlükəsizliyidir - nəyin uğrunda ki, Qərb öz əsgərlərinin qanını tökməyəcək, İrəvanın Avropa və ABŞ-la, NATO ilə əlaqələri nə qədər “xoşməramlı” olsa belə. Bütövlükdə istər Amerika sanksiyaları olsun, istərsə də olmasın, Ermənistan Moskvadan sonuncunun icazə verdiyi məsafədən uzağa getmək imkanından uzun müddətə məhrumdur".
Məqalənin sonunda Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistana səfərə hazırlaşdığı anons edilib. Ən maraqlısı da yəqin elə budur, Görəsən, baş nazir İrəvanın nankor hakimiyyətinə hansı ayıldıcı mesajı aparacaq? Qarabağ ətrafındakı situasiyaya da bu səfərdən sonra əhəmiyyətli aydınlıq gələ bilər.
Əlavə edək ki, Medvedyevin Bakıya da səfər edəcəyi barədə məlumat verilmir.