Kremllə İrəvan arasında gərginlik:Moskvanın cəza siyasəti...
Moskva son zamanlar İrəvanla çox təkəbbürlü davranaraq sanki Ermənistana Rusiyanın himayəsinin nə demək olduğunu başa salmağa çalışır
Yenixeber.org: Sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, erməni mətbuatında Rusiya ilə Ermənistan arasındakı narazılıqların olması ilə bağlı gedən yazılarda həqiqət payı var:
“Rusiyanın iqtisadi çətinlikləri getdikcə artır. Neftin bahalaşmasına baxmayaraq, büdcəni lazımı vəsaitlə təmin etmək mümkün olmur. Elə məhz bu səbəbdən də Rusiya bu il ilk dəfə hərbi xərcləri azaldıb. Bu hərbi xərclərin içərisində həmçinin sərhəd qoşunlarının da payı var. Ermənistan sərhədlərinin qorunması kifayət qədər böyük vəsait aparır. Əgər hərbi xərclər azaldılırsa, o zaman Rusiya Ermənistandakı sərhəd mühafizə qoşunlarının bir hissəsini ixtisara sala da bilər. Hətta Rusiya bunu Ermənistana xəbərdarlıq etmədən də həyata keçirə bilər. Bu isə Ermənistan siyasilərinin Rusiya ilə razılaşdırmadığı addımlarla bağlıdır. Moskva son zamanlar İrəvanla çox təkəbbürlü davranaraq, sanki Ermənistana Rusiyanın himayəsinin nə demək olduğunu başa salmağa çalışır. Söhbət Ermənistanın Avropa Birliyi ilə yaxın qonşuluq müqaviləsi imzalaması və bu səbəbdən də Kremlin qəzəbinə tuş gəlməsindən gedir. İrəvan AB ilə müqavilə imzaladıqdan sonra Moskva Ermənistanın adını çəkmədən tərəfdaşlıq proqramının postsovet məkanındakı və Kremlə yaxın ölkələrin Rusiyanın təsirindən çıxarılması məqsədi güddüyünə və proqramın Rusiyaya qarşı çevrildiyinə eyham vurdu. Hesab edirəm ki, Ermənistanın AB ilə tərəfdaşlıq proqramına girməsi Rusiya ilə sona qədər razılaşdırılmayıb. Bu səbəbdən də Rusiya Ermənistana gözdağı verməklə İrəvanı bir növ sınağa çəkir. Xüsusilə son dövrlərdə Rusiya-İran, Rusiya-Türkiyə yaxınlaşması sərhədin qorunması məsələsinin zəruriliyini az qala sıfıra yaxınlaşdırıb”.
Politoloqun fikrincə, gələcəkdə Rusiya ilə Ermənistan arasında davam edən narazılıq daha da dərinləşə bilər:
“Bunu həm də Sərkisyanın nüfuzdan salınması və Baş nazir Karen Karapetyanın ölkəyə rəhbərliyi yolunun açılması məşqləri kimi də qəbul etmək olar. Sərkisyan hər vəchlə baş nazir postunu yiyələnmək və yenidən Ermənistana ağalıq etmək istəyir. Ancaq Rusiya Sərkisyanın bu layihəsinin həyata keçməsini istəmir və Karapetyana stavka edir. Əgər həqiqətən də Ermənistan-Türkiyə sərhədini qoruyan rus sərhədçiləri işğalçı ölkədən çıxarılarsa, onda Sərkisyanın ölkədə nüfuzdan salınması ilə bağlı böyük layihənin bir hissəsi də reallaşmış olacaq”.
Qeyd edək ki, ötən gün Ermənistanın “Jamanak” qəzeti Ermənistan-Türkiyə sərhədini qoruyan rus sərhədçilərinin xidmət yerlərini tədricən tərk etməsi haqqında məlumat yayıb. Məlumatda rusların artıq müşahidə qüllələrini sökdüyü, sərhəd xidmətlərini dayandırdığı bildirilib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi isə xəbəri təkzib edərək, hazırda plana uyğun olaraq mühəndislik strukturlarının modernləşdirilməsinin aparıldığını və köhnə qüllələrin yeniləri ilə əvəzləndiyini bildirib.