“Qarabağ ilin sonuna qədər qaytarılacaq”
Markovun dedikləri erməniləri vahiməyə salıb; Elxan Şahinoğlu: “Rusiya danışıqlarla bağlı yekun qərarını verməyib...”
Xeberinfo.com: Son üç ayda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm gəlişmələr müşahidə olunur. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin yaxın adamı sayılan, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun son açıqlamasından bu, açıq şəkildə görünür.
Politoloq bu ilin sonuna qədər Dağlıq Qarabağ probleminin həll ediləcəyinin anonsunu verib. Markov deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq. Putinin yaxın adamı onu da qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və bu il ilk Azərbaycan ailəsi dağıdılmış evlərinə qayıda biləcəklər.
Politoloq Elxan Şahinoğlu Markovun açıqılamalarının Azərbaycanın xeyrinə olduğunu düşünür: “İndiyə qədər bu tipli açıqlamaların dəfələrlə şahidi olmuşuq. Amma istənilən halda Markovun dedikləri xeyrimizədir. Ermənistan cəmiyyətində bu açıqlamalar çaşqınlıq yaradır. Düşünürlər ki, bəlkə Rusiya doğrudan Azərbaycanın xeyrinə addımlar atacaq. Lavrov Bakı səfəri çərçivəsində prezident və xarici işlər naziri ilə görüşlərində xeyli optimist açıqlamalar verdi. Erməni tərəfinin Lavrovun dedikləri ilə bağlı reaksiyalarını izlədim. Sanki özlərini itirmişdilər. Maraqlı reaksiyaları da oldu. Sərkisyan ərəb kanallarının birinə müsahibəsində dedi ki, bütün dünya Qarabağ əhalisindən Azərbaycanın tərkibində qalmaq üçün tələb etsə, xalq buna yenə də müqavimət göstərəcək. Sərkisyan demək istəyir ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və Azərbaycanın tərkibində qalmasını istəyir. Bunun özü onu göstərir ki, Ermənistan hakimiyyətində Rusiya və digər dövlətlərin mövqeləri ilə bağlı bir narahatlıq var. Amma bu, o demək deyil ki, biz arxayınlaşmalı, Markovun dedikləri kimi ilin sonuna qədər münaqişənin həll olunacağına inanmalıyıq. Belə dövrlər çox yaşamışıq. 30 ildir bu hadisələri müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, hər 5-10 ildən bir optimist fikirlər səslənir. Aprel döyüşlərindən sonra ab-hava bizim tərəfədir. Danışıqlar nəticə verməsə belə, Azərbaycanın hansı addımları atacağını ermənilər anlayır. Bu, Ermənistan cəmiyyətini qorxudur. Bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirlər, digər tərəfdən də bilirlər ki, bunları etməsələr, danışıqlar nəticəsiz qalacaq və Azərbaycan ordusu hücuma keçəcək. Bizim cəmiyyət savaşa yenə də hazırdır. Təsadüfi deyil ki, "Gallup" mərkəzinin müharibəyə hazır olan ölkələr arasında keçirdiyi sorğuda Azərbaycan 6-cı sıranı tutmuşdu. Ya sülhə razılaşıb, rayonları qaytarmalıdırlar, ya da ordumuzun gücü ilə üzləşməlidirlər. Onsuzda bir neçə yüksəklik əldən veriblər. Azərbaycan ordusu hücumlarının miqyasını genişləndirə bilər. Ermənilər səksəkə içərisindədirlər. Bir tərəfdən Rusiyanın hansı siyasəti yürüdəcəyindən ehtiyat edirlər, digər tərəfdən danışıqların nəticəsiz olacağını bilirlər, üçüncü tərəfdən də müharibə riskini gözə alırlar. Bizdən fərqli olaraq, onlar müharibəyə hazır deyillər".
Politoloq münaqişənin həlli prosesini sürətləndirə biləcək yeganə ölkənin Rusiya olduğunu qeyd etdi: “Üç həmsədr ölkə içərisində nə Amerikanın, nə də Fransanın Azərbaycan və Ermənistana təsir imkanları var - yalnız Rusiyadan başqa. Əgər Rusiya hakimiyyəti qərar versə ki, bölgədə sülh lazımdır, Azərbaycan strateji müttəfiqinə çevrilməlidir, situasiya tamam dəyişəcək. Bu, Türkiyənin də maraqlarına uyğundur. Bu halda biz deyə bilərək ki, ilin sonuna qədər olmasa da, bir il ərzində münaqişənin həllində ciddi addımlar atılacaq. Əgər Rusiya indiyə qədər apardığı siyasəti davam etdirsə, atəşkəsi qorumağa çalışsa, erməniləri incitmək istəməsə, onda münaqişə ilə bağlı aparılan danışıqlarda ilin sonuna qədər ciddi bir nəticə qazanılmayacaq. Ən həssas aylar iyul-avqustdur. Bu aylarda atəşkəs intensiv şəkildə pozulur. Rusiya danışıqları sürətləndirməklə, bu ayların sakit keçməsini istəyir. Amma bu görüntü bir neçə ay çəksin, sonda bunun itməsi baş verəcək. O halda atəşkəs pozulacaq”.
Politoloq Markovun dili ilə Rusiyanın verə biləcəyi mesajlara da toxundu: “Kremlə yaxın yüzlərlə ekspert, o cümlədən ermənilər də var. Markovun Azərbaycana müsbət münasibəti var. Məsələləri obyektiv qiymətləndirir. Amma məsələni başqa tərəfdən qiymətləndirən Kremlə yaxın başqa ekspertlər də var. Bu baxımdan Rusiyanın Markovun dili ilə Azərbaycan və Ermənistana mesaj göndərdiyini demək çətindir. Kremlin problemə baxışı tam formalaşmayıb. Azərbaycan və Ermənistanı bir araya gətirmək çətindir. Bunun üçün konkret ya Azərbaycanın, ya da Ermənistanın tərəfini tutmaq lazımdır. Bu baxımdan Rusiya danışıqları hansı istiqamətdə aparmaqla bağlı yekun qərarını verməyib”.
Musavat.com