AĞ Partiya yaradılır - FOTOLAR
Bu gün AĞ Partiya özünün yaradılmasını elan edəcək.
Xeberinfo.com: Musavat.com xəbər verir ki, Vahid Azərbaycan Partiyasının VHP-nin qərargahında keçirilən qurultayında partiyanın adını dəyişdirilməsi və AĞ Partiya adlandırılması nəzərdə tutulur. Bununla bağlı keçirilən tədbirdə “Ağ Blok”un üzvləri, keçmiş müsavatçılar, həmçinin Ümid, AXP, VİP, ADP, İslam Partiyası kimi partiyaların sədrləri və təmsilçiləri, ADR Hərəkatının rəhbərliyi, D-18 Hərəkatının təmsilçiləri, QAT-ın təmsilçiləri, ziyalılar, ictimai-siyasi xadimlər, gənc fəallar iştirak edirlər.
Vahid Azərbaycan Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Tural Abbaslı partiyanın qurultayının keçirilmə səbəbindən danışıb. Mandat Komissiyasının sədri Elşən Həsənov isə deyib ki, qurultayda 143 nəfər mandatlı şəxs iştirak edir və bu, qurultayın keçirilməsinə kifayət edir. Beləliklə, qurultay dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra şəhidlərin ruhu, o cümlədən milli-azadlıq hərəkatının həyatını itirmiş üzvlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra qurultayın işinin davam etdirilməsi üçün sədarət, katiblik seçilib. Partiyanın gündəliyinə adının dəyişdirilməsi, sədrin, Ali Məclisin seçilməsi kimi məsələlər salınıb.
Vahid Azərbaycan Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Əhəd Məmmədli ölkə siyasətinə yeni bir qüvvənin, gəncliyin çıxmasının vacibliyini vurğulayıb. Səsvermə nəticəsində partiyanın adı dəyişdirilərək AĞ Partiya adlandırılıb. Tural Abbaslı isə qeyd edib ki, yeni ad yeni uğurlar gətirəcək. T.Abbaslı qeyd edib ki, yeni partiyanın nizamnaməsi köhnədən bir qədər fərqlənir.
Sonra dəvət edilən qonaqlar çıxış ediblər. ADP sədri Sərdar Cəlaloğlu çıxş edərək partiyanın yaranmasını xalqın, ölkənin tarixində mühüm hadisə hesab edib. O, AĞ partiyanın xalqın siyasi tələbatından meydana gələn partiya olduğuna inamını ifadə edib.
AXP sədri Pənah Hüseyn də AĞ Partiyaya uğur arzulayıb. O, bildirib ki, ölkədə bir çox partiyaların sadəcə adı var: “Olanların əksəriyyəti ələ alınmış, cibə qoyulmuş təşkilat kimi mövcuddurlar. Belə bir mühitdə siyasi fəaliyyətə başlamaq o deməkdir ki, millətin, dövlətin mənafeyinə yad olan məsələlərlə mübarzə aparacaqsınız”.Keçmiş müdafiə naziri Rəhim Qazıyev partiyanın yaradılmasını cəsarətli addım hesab edib və uğur arzu edib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə ölkədə siyasi fəaliyyət göstərməyin çətinliyini qeyd edib:“Belə çətin dövrdə özünüzdə inam tapıb yeni partiya yaratmaq cəhdiniz müsbət haldır. Bu şərtlər daxilində yeni partiya yaratmaq çox çətindir. Bu cəsarətinizə, inamınıza görə, Azərbaycanın gələcəyinə, demokratikləşməsinə töhfə verəcəyinizə inanıram. Adınıza uyğun olaraq Azərbaycan siyasətində üzüağ partiyalardan olacaqsınız”.
VİP sədri Əli Əliyev isə deyib ki, ölkədə siyasi maarif işinə çox böyük ehtiyac var: “İstənilən partiya yarandıqca, siyasi maarif işinin davamı gedir. Bu gün yaranan partiyanın da dövltəçilik üçün böyük əhəmiyyəti var. Bu cür insanları qəhrəman qismində görmək lazımdır”. ADR Hərəkatının təmsilçisi Vurğun Eyyub isə bildirib ki, gənclik öz məmləkətinə sahib çıxmalıdır.
QAT Ali Məclisinin sədri Barat İmani, İslam Partiyasının sədr müavini Rəşad Əliyev də AĞ Partiyaya uğurlar arzulayıblar. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə Rəsul Quliyevin təbrikini səsləndirib. Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə isə deyib ki, ölkədə azadlıq çəmbərinin daha da azaldığını nəzərə aldıqda, yeni partiyanın yaradılması kifayət qədər cəsarətli addımdır: “Məhz cəmiyyətdə gənclər söz deməlidir, bunu hər partiya nəzərə almalıdır. Gənclər söz haqqına birinci sahib olmalıdırlar. Yeni ənənələrin gəlməsi üçün bu, vacibdir”.
D-18 Hərəkatının rəhbəri Ruslan İzzətli isə deyib ki, Ordu gününün olduğunu xatırladaraq, AĞ Partiyaya ordu kimi nizam və intizam arzu edib. Araşdırmaçı jurnalist Sərdar Əlibəyli, “125-lər” Siyasi Klubunun təmsilçisi Tamilla Qulami və digərləri də çıxış edərək AĞ Partiyaya uğur arzu ediblər.
Keçirilən səsvermənin nəticəsi olaraq isə T.Abbaslı 78 səslə AĞ Partiyanın sədri seçilib. Həmçinin Məclis və MNTK üzvləri də müəyyəb ediliblər. T.Abbaslı çıxış edərək etimada görə təşəkkürünü bildirib. O, AĞ Partiyanın gələcəkdə Azərbaycan siyasi düşərgəsində önəmli rol oynayacağına inamını ifadə edib. Qurultay dövlət himninin səslənməsi ilə də başa çatıb.