"Hökumətdə gəlişimə mane olan qüvvələr kifayət qədərdir"
ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyevin adının İnterpolun axtarış sistemindən çıxarılması haqda məlumat vermişdik.
Xeberinfo.com: Məsələ ətrafında müxtəlif iddialar, fikirlər səslənir. Deyilir ki, sabiq MM sədri bu qərardan sonra ölkəyə gələ bilər.
Eks-spiker facebook üzərindən səslənən fikirləri musavat.com-a şərh edib.
R.Quliyev qərarın onun üçün gözlənilən olduğunu bildirib: "Həyatımda gözlənilməz hadisələr ya çox nadir halda olur, ya da ümumiyyətlə olmur. Məsələn, demokratiyaya sadiqliyinə çox inandığın şəxsin vəziyyət dəyişəndə 180 dərəcə dəyişməsi mənim üçün qismən gözlənilməz olur. Dost, silahdaş saydığın insanın öz xeyrinə tam dəyişməsi gözlənilməzdir. Və mənim həyatım bu gözlənilməklərlə zəngindir. İnterpol məsələsinə gəldikdə, bu, mənim üçün gözlənilməz bir hadisə deyil. Çünki mən İnterpolla artıq 10 ildir yazışırdım. Onlar heç vaxt mənə mənfi cavab verməyiblər. Birinci dəfə uzun müddətli yazışmadan sonra onların cavabı təxminən aşağıdakı kimi oldu. "Biz hiss edirik ki, burada siyasi sifariş var, ancaq bizim vəzifəmiz ölkələrin İnterpolunun müraciətini bütün ölkələrin İnterpoluna göndərməkdir. Ölkələrin İnterpol şöbələrinin bu müraciəti səhifələrinə qoyub- qoymaması o ölkənin işidir". Və həqiqətən bu, belə idi.
Avropanın 90 faiz ölkələri bu axtarış mürəciətini öz səhifələrinə qoymamışdı və mən Avropaya sərbəst gedib-gələ bilirdim. Müraciəti birinci səhifələrində yerləşdirən bizim ‘’dost,qardaş’’ ölkələrimiz Rusiya və Türkiyə oldu. Avropanın aparıcı dövlətləri Almaniya və Böyük Britaniya fikrimcə, bu müraciəti heç oxumadı. İnterpolla işi son 5 ayda intensivləşdirdim. Son vaxtlar İnterpolun rəhbərliyi insan azadlığı və hüquqlarının qorunması ideyasına sadiq olanlardan formalaşıbdır. 5 aylıq müzakirələr, yazışmalar bir ay bundan öncə mənim axtarışa verilməyimin siyasi sifariş olduğunun komissiya tərəfindən təsdiqləməsi ilə nəticələndi. Ona görə ola bilər kimlər üçünsə gözlənilməz oldu, amma mənim üçün burda gözlənilməz bir şey yoxdur".
Sabiq spiker vətənə gəlişi ilə bağlı səslənən iddialara da münasibət bildirib: "Mən Azərbaycan vətəndaşıyam, 20 il ABŞ-da yaşamağıma baxmayaraq, nəinki ABŞ vətəndaşlığım, heç "Qrin kart"ım yoxdur. Sözsüz, qayıtmaq istəyirəm. Bu, daha çox Azərbaycanın dövlət başçısının iradəsindən asılıdır. Yəni mənim barəmdə açılmış qondarma cinayət işlərinin hamısına xitam verilməlidir ki, qayıtmağım mümkün olsun.
Mən ölkədə bəlkə də yeganə adamam ki, heç vaxt konstitusiya qanunlarının əleyhinə getməmişəm. Buna prinsipial ideyam imkan vermir ki, bundan sonra da bu işi görəm. Yəni mən bu rejim üçün qeyri-konstitusion yolla heç bir təhlükə törətməyən adamam. Hökumətdə gəlişimə mane olmaq istəyən qüvvələr (xüsusilə inzibatı orqanlarda) kifayət qədərdir. Prezidentin iradəsi dedikdə bu qüvvələrə qulaq asmamaqdan söhbət gedir. Mənim Azərbaycana buraxılmamağımı yubada bilərlər, amma qarşısını almaq mümkün deyil. Beynəlxalq Məhkəmələr də İnterpol kimi qərarlar qəbul edəcək. Bu problemi beynəlxalq səviyyəyə çıxarmadan öz aramızda həll etsəydik, yaxşı olardı".
R.Quliyev bu qərarın üzərindəki cinayət işinə xitam verilə biləcəyi ehtimallardan da söz açıb:
"İnterpol mənə qarşı iddianın cinayət yox, siyasi sifariş olduğunu təsdiqlədi. Ümid edirəm ki, həmin işi BMT-nin məhkəməsi də görəcək. BMT məhkəməsinə müraciət etməyəcəyəm, çünki müraciətim çoxdan oradadır".
Müsahibimiz qərarın verildiyi tarixi də açıqladı:"
Qərar mayın 4-də verilib. Adətən qəzet və internet səhifələrindən kimlərsə daima BMT məhkəməsinə, İnterpol səhifələrinə daxil olub nə baş verdiklərini öyrənirlər və sonra xəbər yayırlar. Və bu, həmin jurnalistə plyus sayılır. Bu iş görülmədiyinə görə, adi bir xəbər kimi bu barədə söylədim.
İnterpolun qərarının ardından barəmdə ölkəyə gəlişimlə bağlı yaranan suallara heç bir əsas yoxdur. Bunlar arasında da heç bir əlaqə yoxdur. Məgər mən bu günə gədər İnterpolun axtarışına görə Azərbaycana dönə bilmirdim?".