“Sərkisyanın “öz müqəddəratını təyin etmə” iddiası Rusiyaya qarşıdır”
“Sərkisyanın saxta tezislərə söykənən bu sərsəm açıqlaması Moskvanı böyük təhlükəyə ata bilər. Avrasiya İttifaqına üzv olan ölkələr çox yaxşı bilirlər ki, ”xalqların öz müqəddəratını təyin etmə" prinsipi işə salınsa, onda ilk növbədə Rusiya dağılacaq".
Xeberinfo.com: Bu barədə Axar.az-a sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb.
Politoloq bir neçə gün öncə Sərkisyanın dilindən səslənən “öz müqəddəratını təyin etmə” hüququnun hazırda tamamilə köhnəlmiş bir prinsip olduğunu bildirib: “Dünyada 5500 xalq var və bunun yalnız 200-ü öz müqəddəratını təyin edib. Bu prinsip ön plana keçərsə, onda gərək dünyadakı bütün xalqlara da eyni hüquq verilsin. Ermənilər bir dəfə məhz bununla Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaradıblar. İndi isə həmin saxta tezisdən istifadə edərək torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəyirlər. Dünyada hələ heç bir xalq ikinci dövlətini yaratmayıb. Bu, beynəlxalq hüquqa ziddir. Bu gün Dağlıq Qarabağda heç 50 min erməni yoxdur. Əgər Rusiyada yaşayan 10 milyonluq tatar xalqı bu hüquqdan istifadə edə bilmirsə, ikinci dəfə Azərbaycanda 50 min erməniyə öz müqəddəratını təyin etmə hüququnun verilməsi ideyası çox absurd, başdan-ayağa nonsens və gülüncdür.
Bu bir daha göstərir ki, Sərkisyan kimi boşboğazlar qəyyumlarının köməyi ilə torpaqlarımızı işğal ediblər. Avrasiya İttifaqına üzv olan ölkələr çox yaxşı bilir ki, bu prinsip işə salınsa, onda ilk növbədə Rusiya dağılacaq. Yəni Rusiya ən azı 200 xalqa bu haqqı tanımalıdır”. Politoloqun sözlərinə görə, bu məsələ qlobal bir prosesə çevrilsə, onda dünyanın siyasi xəritəsi yenidən cızılmalıdır.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan mayın 31-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Avrasiya İqtisadi Şurasının Ali iclasında bildirib ki, Ermənistan “Dağlıq Qarabağ xalqlarının şəxsi taleyinə göstəriş vermək hüququ və müqəddəratını təyin etmə” prinsipi üzrə sülh nizamlanmasının axtarışı üzərində işləmək niyyətindədir.