"Təmas xəttində vəziyyət gərgindir və bu gərginlik ötən ilin yayından yaranıb"
“Təmas xəttində vəziyyət kifayət qədər gərgindir və bu gərginlik ötən ilin yayından yaranıb. Səbəbləri bizə məlumdur, ancaq bu səbəblərin arasında mən Ukrayna hadisələrinin təsirini qeyd edə bilmərəm”.
"Xeberinfo.com": Məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan “Al Jazeera”, “Reuters”, “CNN Turk”, BBC və “Russia Today” jurnalistlərinə verdiyi müsahibədə deyib.
“Ukrayna böhranının təsirini başqa kontekstdə nəzərdən keçirmək olar, lazım olsa, mən bu haqda danışaram”- deyə Sərkisyan jurnalistlərin Ukraynadakı hadisələrin Qarabağ münaqişəsinə təsiri haqda sualına cavab olaraq bildirib.
Ermənistan prezidenti Azərbaycanı “danışıqları ləngitmək üçün istifadə etdiyi bütün metodları tükətdiyi üçün təmas xəttində gərginlik yaratmaqda” günahlandırıb: “Ötən il biz Azərbaycan prezidenti ilə Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə üç görüş keçirdik. Həmin görüşlər zamanı Azərbaycan prezidenti demək olar açıq şəkildə dedi ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bizə təklif etdiyi nizamlama prinsiplərini qəbul etmir. Həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında əksini tapan prinsiplər və elementlər “Madrid prinsipləri” adı alan sənədin özəyini təşkil edir: problem güc tətbiqi olmadan nizamlanmalı, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququna əsaslanmalıdır”.
Sərkisyanın sözlərinə görə, bu prinsiplər əsasında münaqişənin həllini tapmaq olar. Və mühüm məqam budur ki, həmsədrlər, prezidentlər bu prinsiplərin və elementlərin vahid təşkil etdiyini, onların bir-birindən ayrı nəzərdən keçirilməsinin mümkün olmadığını bildirirlər.
Ermənistan prezidenti deyib ki, Azərbaycan münaqişənin dinc yolla nizamlanması prinsipini qəbul etmir, çünki bu prinsipdən həmişə “əgər” kateqoriyasında danışır.
“İkincisi, Azərbaycan öz müqəddəratını təyin etmə prinsipini qəbul etmir, və ya öz bildiyi kimi qəbul edir. İndi onlar danışıqlar formatını dəyişməyə və ya danışıqları başqa müstəviyə keçirməyə çalışırlar. Məhz bu səbəbdən gərginlik yaradılır” - Sərkisyan iddia edib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı baza prinsiplərinin razılaşdırılmasını gözləmədən Böyük Sülh Sazişi üzərində işə başlamağa, bu məqsədlə işçi qrup yaratmağa çağırıb. Rəsmi Bakının həmsədrlər vasitəsilə İrəvana etdiyi bu təkliflərə dəfələrlə rədd cavabı verilib. Ermənistan baza prinsipləri üzərində dalana dirənmiş danışıqları mümkün qədər uzatmağa çalışır. Hansı ki, əgər bu prinsiplər razılaşdırılmış olsa belə onların əsasında sülh sazişi hazırlamaq üçün yenidən eyni məsələləri müzakirə etmək lazım gələcək.
Bu səbəbdən Azərbaycan danışıqları daha konkret müstəviyə keçirməyə çağırır.
Virtualaz.org