Deputatlardan Almaniyaya "soyqırım" etirazı
Xəbər verdiyimiz kimi, bu gün Almaniya Bundestaqı qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni qəbul edib.
Xeberinfo.com: Almaniya bununla da uydurma “erməni soyqırımı”nı tanımış oldu. Heç şübhəsiz ki, Almaniyanın bu addımı Türkiyənin haqlı etirazına səbəb olacaq. Ölkələr arasında münasiblərin kəskin pisləşəcəyi qaçılmazdır.
Azərbaycan Parlamentinin deputatları Bundestaqın bu qərarına münasibət bildiriblər.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Rövşən Rzayev azvision.az-a bildirib ki, Bundestaqın bu qərarı qərəzli və tarixə əsaslanmayan hadisədir.
“Almaniyanın “erməni soyqırımı”nı tanıması Türkiyəyə qarşı qərəzli münasibətdən irəli gəlir. Burada şəxsi ambisiyalar əsas götürülüb. Cem Özdəmir Türkiyənin mövqeyini ifadə edə bilməz”
Deputat bildirib ki, Almaniya gerçək həqiqəti axtarırsa, tarixi faktlara əsaslanmalıdır: “Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanındadır. Bundan sonar da qardaşlarımıza dəstək olacağıq”
Millət vəkili, politoloq Rasim Musabəyov isə bildirib ki, bu heç bir əhəmiyyəti olmayan və vəziyyəti dəyişməyən qərardır. Politoloqun sözlərinə görə, Bundestaqın qərarı ölkələrin ikitərəfli münasibətlərinə xələl gətirəcək: “Bu qərar Türkiyəyə informasiya təzyiqi etmək üçün qəbul olunub. Türkiyə güclü və qüdrətli dövlətdir. Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil. Amma bu ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Türkiyə buna soyuqqanlı yanaşmalıdır. Çünki Fransa, İtaliya bu qərarı qəbul etmişdi. Bununla nə əldə etdilər?
Onlarda olduğu kimi Almaniyanın da bu qərarının heç bir hüquqi nəticəsi olmayacaq. Bir müddətdən sonra belə bəyənatları yada salan olmur. Ermənilər bunu bayraq edib, bəlkə də bir ay özlərinə təsəlli verəcəklər”.
R.Musabəyov qeyd edib ki, Almaniya Parlamentinin qərarı Merkel-Ərdoğan əlaqələrinə mənfi təsir edəcək: “Bundan sonra Angela Merkel Ərdoğana necə zəng edib, nəisə xahiş edəcək? Amma bundan sonra xahiş etməli çox şey olacaq. Almaniya Türkiyədən ehtiyat etdiyi üçün bu addımı atdı. Bu qərarı 50 il bundan qabaq da qəbul edərdilər. O zaman Türkiyədən ehtiyatlanmırdılar. Amma indi Türkiyədən çəkindikləri üçün belə bir addım atıblar. Türkiyə əvvəllər hansısa kredit üçün xahiş edirdi. İndi isə Türkiyə heç kimdən heç nə istəmir. Düşünürlər ki, bu kağız parçasını qəbul etməklə Türkiyəyə təsir edəcəklər. Bu ikitərəfli münasibətlərə mənfi təsir edəcək və pislik onların özünə qalacaq”.