Prezidentin kadr siyasətinin dəqiqlik nümunəsi: REALLIQ
Xeberinfo.com: Erməni işğalçılarının aprelin 1-dən 2-sinə keçən gecə qoşunların təmas xəttində törətdikləri təxribat Azərbaycan ordusunun gücü, xalqın öz ordusuna inamı ilə yanaşı, prezident İlham Əliyevin kadr siyasətinin dəqiqliyini, doğruluğunu da nümayiş etdirdi. Cəbhə bölgəsində, Ağdam rayonunda əhalinin təşvişə düşməməsi xalqın orduya inamı ilə yanaşı yerli icra orqanlarının proseslərə tam nəzarət etməsinin də göstəricisi idi. Erməni mətbuatı ağır döyüşlərin getdiyi günlərdə nə qədər əks təbliğat aparsa da,nəticəsi olmadı. Həmin günlərdə cəbhəyanı rayonlara yolu düşənlər də bunu tam təsdiq edə bilərlər.
Qeyd edək ki, cəbhə xəttində ağır döyüşlərin getməsinə baxmayaraq əhalinin yaşayış yerini tərk etməməsi, döyüş ruhunda olması həm də Ağdam rayon icra hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun fəaliyyəti ilə bağlıdır. Onun daima əhali ilə bir yerdə olması da öz nəticəsini verdi. İnsanlar icra başçısının onlarla bir yerdə olduğunu görəndən sonra daha da ürəklənir, yüksək döyüş ruhuna köklənirlər. Bütün bunlar isə prezident İlham Əliyevin təhlükəsizlik zabiti Raqub Məmmədovun icra başçısı təyin etməsinin nə qədər doğru olduğunu göstərdi.
Qeyd edək ki, iki il əvvəl Ağdam rayon icra hakimiyyətinin başçısı təyin edilən Raqub Məmmədov qısa müddətdə bir sıra uğurlu layihələr həyata keçirə bilib. Buna nümunə olaraq rayonun bir neçə kəndini birləşdirən yolun tikintisi, Quzanlı qəsəbəsində salınan park və bir sıra inzibati binaların inşasını misal kimi göstərmək olar. Bəllidir ki, bütün bunlar heç də asan başa gəlmir. Çünki, Ağdamın böyük bir hissəsi işğal olunub, erməni işğalçıları ilə çox geniş bir məsafədə cəbhə xətti mövcuddur. Üstəlik rayonun işğal olunmuş ərazisindən məcburi köçkün düşən 70 minə yaxın insan Ağdamın işğal olunmamış ərazilərində məskunlaşıb. Onların sosial-iqtisadi problemləri çox böyük, gərgin fəaliyyət tələb edir. Belə bir vəziyyətdə abadlıq-quruculuq işləri başqa rayonlara nisbətən daha çətin olur ki, bu da yerli icra orqanından ikiqat fəaliyyət tələb edir. Raqub Məmmədovun icra başçısı olduğu iki il ərzində məhz belə çalışdığını söyləmək olar. Bu gün Ağdam rayonunda insanlar təsərrüfatlarını daha da genişləndirməyə, yeni evlər tikməyə çalışırlarsa deməli, cənab prezident İlham Əliyevin tapşırıqlarına tam əməl olunub.
Yeri gəlmişkən qeyd edək ki, bəzən yanlış məlumatlar əsasında fərqli məlumatlar da mediaya yol tapa bilir. Ancaq qeyd etdiyimiz kimi, son hadisələr tamamilə başqa vəziyyətdən xəbər verirdi. Xeberinfo.com saytında bəzi yanlış, tam dəqiqləşdirilməmiş məlumatlar da olub ki, buna görə təəssüf edirik. Təəssüf ki, həqiqəti dərk etmək istəməyən rayonun bəzi sakinləri Raqub Məmmədovla bağlı son zamanlar redaksiyamıza qərəzli məlumatlar ötürürdü. Lazımı dəqiqləşdirmələr apara bilmədiyimizdən biz saytımızda bu məlumatlarla bağlı bir neçə yazı da dərc etmişdik. Lakin sonradan rayon sakinləri kütləvi şəkildə redaksiyamızla əlaqə saxlayıb, yazdıqlarımıza etirazlarını bildirdilər. Və bizə əsl həqiqətlərdən bəhs etdilər. Əldə etdiyimiz məlumatlar və apardığımız araşdırmalardan məlum oldu ki, hörmətli icra başçısının “qanunazidd” əməlləri ilə bağlı yazdıqlarımız həqiqətdən uzaq imiş. Əksinə bu vəzifəyə başladığı ilk gündən Ağdamda quruculuq-abadlıq işləri, sosial problemlərin həlli həmişə diqqət mərkəzində olub.
Xalid