“Müxalifət partiyaları populizmlə məşğuldular”
Bu təkliflərin biri də müxalifət tərəfindən hakimiyyətə rəsmi şəkildə göndərilməyib”
Xeberinfo.com: İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji Düşüncə Mərkəzi (MSDM) Azərbaycanda böhrandan çıxış yollarına dair xüsusi layihəsinin müzakirəsinə həsr olunan Dəyirmi Masa keçirib. Ölkənin düşdüyü böhranlı durumdan çıxması üçün “Böhrandan İmkana Yol Xəritəsi” adlı sənəd hazırlanaraq cəmiyyətə açıqlanıb.
“Böhrandan İmkana Yol Xəritəsi”nin Təcili sosial tədbirlər bölümündə böhranın zərbələri altında əzilən əhaliyə, xüsusən aztəminatlı təbəqələrə yardım məqsədi ilə zəruri qərarların qəbul edilməsi, devalvasiya nəticəsində kəskinləşmiş işsizlik, aşağı maaşlar, kredit borcu və digər problemlərin həlli üçün təxirəsalınmaz addımların atılması təklif edilir.
Təcili iqtisadi tədbirlər bölümündə korrupsiya və inhisarçılığa son qoyulmasına, azad iqtisadiyyatın formalaşmasına, kiçik və orta biznesin dirçəldilməsinə, kənd təsərrüfatı, turizm və digər qeyri-neft sahələrinin inkişafına münbit şəraitin yaranmasına yönəlmiş ilkin addımlar atmaq təklif edilir.
Sənədin Təcili siyasi tədbirlər bölümündə isə siyasi məhbusların azad edilməsi, siyasi azadlıqların bərqərar edilməsi, qeyri-hökumət təşkilatlarının və medianın normal fəaliyyəti, siyasi partiyaların azad, bərabər hüquqlu rəqabətinə imkan yaradacaq addımlar həyata keçirmək təklifi verilir. Eyni zamanda bildirilir ki, xarici siyasət sahəsində beynəlxalq birliyə yönəlmiş prinsipial mesajlar verilməsi, Azərbaycanda əsas siyasi və iqtisadi azadlıqların bərqərar edilməsi ilə bağlı kursun bəyan edilməsi, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq ölkəmizin avroatlantik məkana inteqrasiya istiqamətində addımlar atacağının bəyan edilməsi, Avropa İttifaqına, NATO-ya üzvlüklə bağlı müraciət edilməsi və Ümumdünya Ticarət Təşkilatı ilə üzvlük danışıqlarının sürətləndirilməsi zəruridir.
Sənədin sonunda isə 2016-cı ilin fevralda yeni konstitusiya və ya ölkənin ana qnununa əlavə və dəyişikliklər layihəsinin hazırlanması məqsədilə konstitusiya komitəsi yaradılması,
2016-cı ilin yazında yeni konstitusiya və ya konstitusiyaya əlavə və dəyişikliklər üçün referendum keçirilməsi, 2016-cı ilin ikinci yarısında parlament seçkiləri keçirilməsi, 2017-ci ildə prezident seçkiləri keçirilməsi təklifi irəli sürülür.
Qeyd edək ki, manatın ikinci devalvasiyasından keçən müddətdə müxalifətdə olan partiyalar və təşkilatlar tərəfindən çoxsaylı təkliflər paket halında olan sənədlər qəbul edilərək ictimaiyyətə açıqlanır. Bütün irəli sürülən sənədlərdə iqtisadi böhrandan çıxmaq istiqamətində müəyyən təkliflər irəli sürülür.
Bəs, həmin təkliflər paketləri müvafiq hakimiyyət strukturlarına, hakim Yeni Azərbaycan Partiyasına təqdim edilibmi? Müxalifətdən irəli sürülən təkliflərdən hakimiyyət istifadə edəcəkmi?
YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirib ki, ara-sıra müxalifət partiyalarından bəziləri Azərbaycanın bugünkü iqtisadi çətinlikləri ilə bağlı öz təkliflərini səsləndirirlər. Ancaq onlar hesab edirlər onların hansısa bir təklifi səsləndirməyi kifayətdir ki, artıq o təklif dövlət üçün proqram xarakteri daşısın: “Yaddan çıxarırlar ki, onlar müxalifətdirlər. Yəni bu gün hakimiyyət onlarda deyil. Müxalifətin vəzifələrindən biri bu və ya digər məsələlərə dair hökumətə proqram təklif etməkdədir. O başqa məsələdir ki, təkliflər piar məqsədilə cəmiyyətə açıqlanır. Ancaq bu təkliflərin biri də müxalifət tərəfindən hakimiyyətə rəsmi şəkildə göndərilməyib. Nə Prezident Administrasiyasına, nə Nazirlər Kabinetinə, nə Yeni Azərbaycan Partiyasına bu təkliflərdən biri də daxil olmayıb. Ona görə də müxalifət təşkilatlarının təkliflər məsələsində mövqeyini sadəcə populist mövqe adlandırmaq olar. Çünki onlar doğrudan da hansısa bir təklifin praktikliyində maraqlıdırlarsa, həmin təklifi rəsmi şəkildə müvafiq rəsmi orqanlara təqdim etməlidirlər, həmin təkliflərlə bağlı görüş istəyib bunları müzakirə etməkdə maraqlı olmalıdırlar. Bütün bunların hamısı yoxdur. Bu isə Azərbaycan müxalifətinin sözügedən məsələdə yetkin olmadığını göstərir”.
A.Mirzəzadə eyni zamanda bildirib ki, hakim partiya olaraq onlar müxalifət düşərgəsi adından mətbuatda yayılan təkliflərlə tanış olurlar: “Açığını deyim, tanışlıq göstərir ki, həmin təkliflərin böyük bir hissəsi siyasi bəyannamədir. Yəni konkret olaraq hansısa təklif çox az bir hissə tutur. Sadəcə olaraq, sanki bir seçkiqabağı marafonda iştirak kimi cəmiyyəti nəyəsə inandırmağa çalışırlar. Aydın məsələdir ki, ya üçün üstünə bir gəldin, ya da ikinin üstünə iki gəldin nəticəsi dörd olacaq. Bu gün ABŞ dollarının bahalaşması və neftin qiymətindən asılı olaraq Azərbaycanda manatın devalvasiyası və qiymətlərin qalxması aydın məsələdir. O başqa məsələ ki, bu problemi nə cür yumşaltmaq olar. Bu gün ortada olan real proqram hakimiyyətin təqdim etdiyi proqramdır. Bu, ciddi struktur islahatlarının keçirilməsidir, iqtisadiyyatın liberallaşdırılmasıdır, cəmiyyətlə sıx təmasda olmaqdır və islahatlar həyata keçirilərkən ortaya çıxan hansısa bir çətinliyə operativ reaksiya verməkdən ibarətdir. Məsələn, axırıncı həftə diqqətdə hökumət üzvlərinin ayrı-ayrı bölgələrdə cəmiyyətlə görüşü kimi yadda qaldı.
Gəlin görək, manatın iki dəfə devalvasiyasından sonra hansı müxalifət lideri hardasa cəmiyyətlə demirəm, özünün bir əyalət təşkilatının üzvləri ilə görüşüb? Onların sanki bütün vəzifəsi qəzetlərə və saytlara müsahibələr verməkdən ibarətdir. Hakimiyyət isə doğrudan da xalqın etimadına layiq olduğunu, xalqın problemləri ilə yaşadığını və ortaya çıxan problemləri həll etmək iqtidarında olduğunu göstərdi, göstərir. Bugünlərdə Beynəlxalq Valyuta Fondunun sədri Azərbyacan neftinin qiymətinin dəyişməsi ilə bağlı apardığı islahatları çox yüksək qiymətləndirdi. Hesab edirəm ki, Azəbaycan bunu yüksək qiymət almaq üçün yox, özünün iqtisadi dayanıqlığını təmin etmək, əhalinin sosial vəziyyətini yüksəltmək üçün edir”.
“Qeyd etdiniz ki, mediadan müxalifət təşkilatlarının irəli sürdüyü bütün təklifləri hakim partiya olaraq oxuyursunuz. Həmin təkliflərin sırasında hakimiyyətin götürüb istifadə edə biləcəyi təkliflər yoxdurmu? Varsa həmin təklifləri rəsmi olaraq yazı şəkildə təqdim eləsələr qəbul edilərmi?” - suallarına Aydın Mirzəzadə belə cavab verib: “Qoy təqdim eləsinlər, görüş istəsinlər, fikir mübadiləsi etmək istəsinlər. Hakimiyyətin qapıları bu məsələlərə həmişə açıqdır. Ancaq onlarda bu istək yoxdur. Digər tərəfdən müxalifət təşkilatlarının etdiyi təkliflərdə qeyd olunan məsələlər indiyə qədər hakimiyyət tərəfindən həyata keçirilib və indi də keçirilir. Məsələn, iqtisadiyyatın neftdən asılılığını azaltmağı təklif edirlər. Əgər onlar bunu indi təklif edirlərsə, bu siyasət hələ ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı zamanlarda həyata keçirilib. Bu gün də davam etdirilir”.
YAP rəsmisi müxalifət düşərgəsindən irəli sürülən təkliflər paketində konstitusiya islahatlarının aparılması, referendum keçirilməsi, 2016-cı ilin sonlarında növbədənkənar parlament, 2017-ci ildə prezident seçkilərinin keçirilməsi məsələlərinin qoyulmasına da münasibət bildirib. O, qeyd edib ki, bu kimi təkliflər populizmdən başqa bir şey deyil: “Parlament seçkiləri bir neçə ay əvvəl keçirilib. Prezident seçkiləri iki ildən sonra-2018-ci ildə olacaq. Həmin təklifləri irəli sürənlər indidən seçkilərə hazırlaşsınlar. Belə təkliflərin mahiyyətindən görünür ki, onlar bugünkü iqtisadi məsələlərlə bağlı təkliflər vermək fikrində deyillər. Onları ancaq bir məsələ maraqlandırır - istənilən yolla hakimiyyətə gəlmək. Amma hakimiyyətə gəlmək qanuni seçkilər və xalqın səsi ilə olmalıdır. 23 illik tarix göstərir ki, Azərbaycan müxalifəti istənilən məsələdə sonu gətirib növbədənkənar seçkiyə bağlayır. Biz də deyirik ki, növbədənkənar seçki keçirməkdənsə, növbətisində iştirak edin və gücünüzü göstərin”.