İranda məcburi hicab tarix olur – Tehran təməl prinsipini qurban verir -ŞƏRH
İran Məsləhət Şurasının üzvü Məhəmməd Rza Bahonərin hicabın tətbiqi ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb. O, İslam Respublikasının 46 ildir tətbiq etdiyi hicabın məcburiliyi zərurətinə inanmadığını və onun məcburiliyi haqqında qanunun artıq ölkədə qüvvədə olmadığını bildirib. Tehranda keçirdiyi mətbuat konfransında şura üzvü deyib: "Bəzi insanlar hicabı məcburi etməyə çalışırlar. Mən nə əvvəl, nə də indi inanıram. Hicabın məcburiliyinə inanmışam".
Yenixeber.org: M.R.Bahonər sistemin milli qərarlarına istinad edərək vurğulayıb ki, hicabın məcburiliyi haqqında qanun məcburi deyil. O, məcburi hicaba qarşı olduğunu vurğulamaqla yanaşı, qeyd edib ki, bütün ölkələrdə geyimlə bağlı adət-ənənələr var və onlara riayət etmək lazımdır: "Ancaq buna əməl etmək əlçatan olmalıdır. "Hicab və İffət haqqında" qanuna əməl etməyə daha gərək yoxdur. Hüquqi baxımdan bu qanun icra edilə bilməz. Bundan sonra hicaba əməl etmək məcburiyyəti olmayacaq. Ona əməl etməyənlərə cərimə, cəza tətbiq edilməyəcək, onlar qanunla mühakimə olunmayacaqlar. Bunu polisə də çatdırmaq lazımdır".
M.Bahonərin üzvü olduğu Məsləhət Şurası 1987-ci il fevralın 17-də ölkənin ovaxtkı ali rəhbəri Ruhullah Xomeyninin təşəbbüsü ilə təsis edilib. O, İslam Respublikasının əsas institutlarından biridir. Onun ən vacib vəzifəsi parlamentlə Dini Ekspertlər Şurası (ali rəhbəri (indi bu vəzifəni ayətullah Seyid Əli Xamənei tutur) təyin edən -S.İ.) arasında mübahisələri həll etməkdir. Bu şuranın üzvlərinin sayı 48-dir. Onlardan 35-i daimi, 13 üzv isə hüquqçulardır. Daimi üzvlər hər beş ildən bir İslam Respublikasının ali rəhbərinin fərmanı ilə təyin edilir.
Şura Tehran hakimiyyətinin əsas qurumlarından sayılır. Xomeyni bunu o vaxt ölkədə hakimiyyətdaxili mübahisəli məsələləri həll etmək üçün yaratmışdı.
Bu baxımdan, Şura üzvünün açıqlamasını iki qurumun, yəni parlament və Dini Ekspertlər Şurasının da razılığı kimi qəbul etmək olar. Çünki Bahonər belə bir ciddi bəyanatı hakimiyyət daxilində razılaşdırılmadan verə bilməzdi.
Məsələyə başqa tərəfdən yanaşaq. Hələ 2024-cü ilin prezident seçkisi qabağı təbliğat kampaniyası zamanı indiki Prezident Məsud Pezeşkian hicab qaydalarının məcburiliyinə qarşı çıxış etmişdi. Düzdür, o, bununla cəmiyyətin bu təbəqəsinin etimadını, səsini qazanmağı hədəfləsə də, bütün hallarda sosial sifariş sayılırdı. Çünki İranda 1979-cu il fevral inqilabından sonra indiki rejim "Hicab və İffət haqqında" qanunu məcburi reallaşdırmağa başlamışdı. O illərdə cəmiyyətin ictimai, mədəni fəal xanımları başda olmaqla çoxsaylı etiraz aksiyaları keçirilmişdi. Hakimiyyət həmin insanları həbs edərək cəzalandırmış, müxtəlif fiziki, mənəvi işgəncələrə məruz qoymuş, hətta edam belə etmişdi. Bir sıra hallarda belə etirazçıların naməlum səbəbdə öldüyü xəbəri də yayılmışdı.
Heç şübhəsiz, bu etiraz hərəkatının əsasını qadınlar təşkil edib. 1979-cu il martın 8-də yüz mindən çox qadın hüquqlarını qorumaq üçün Tehranın küçələrinə çıxmışdı, yeni hakimiyyət tərəfindən bir gün əvvəl ictimai yerlərdə hicabın məcburi taxılması ilə bağlı elan etdiyi fərmana etiraz etmişdilər.
Onda onların etiraz səsini Xomeyni və komandası eşitmədi. O vaxtlardan bu istiqamətdə mübarizə davam edir. Son 25 ildə İranda keçirilmiş bütün etiraz tədbirlərində qadınlar hicaba qarşı olduqlarını bu və ya başqa şəkildə nümayiş etdirmişdi. 2009-cu ildə İranda keçirilən prezident seçkisinin nəticələrinə qarşı etiraz aksiyaları keçirildi. Bu hərəkata "Yaşıllar hərəkatı" adı verilmişdi. Qadınlar həmin nümayiş və mitinqlərin aparıcıları olmuşdu. Onlar çılpaq şəkildə küçələrdə hakimiyyətə etirazlarını bildirmişdilər.
2022-ci ilin oktyabrında "Qadın, həyat, azadlıq" şüarı ilə İranda etiraz aksiyaları iki ilə yaxın davam etdi. Bu baxımdan, Məsud Pezeşkianın hicabda məcburiyyətin olmaması ilə bağlı açıqlamaları və vədləri də təsadüfi sayılmır. Bu, qadınların İran hakimiyyətinin məcburi qaydalarına 46 illik itaətsizliyinin təsiri kimi də dəyərləndirilə bilər.
Belə hesab edirlər ki, İslam Respublikasının ilk təzyiq və cəzaları qadınlara tətbiq olunduğundan azadlıq uğurunda mübarizəni də onlar başlamalıdır.
2020-ci ildə Bütün Azlıqların Hüquqları üçün İttifaq ("Alliance for Rights of All Minorities") rəy sorğusu keçirib. Bu kampaniyanın nəticəsinə əsasən, İran vətəndaşlarının 15 faizi məcburi hicabı dəstəkləmişdi. Respondentlərin 80 faizi isə bunun əleyhinə olmuşdu. Məlumatlara görə, bu sorğuda iştirak etmiş dindar xanımlar belə məcburi hicaba etirazlarını bildiriblər.
Mərhum Prezident İbrahim Rəisi "əxlaq polisi"nin səlahiyyətlərini artırmaqla aksiya keçirənlərə və etiraz tədbirlərində iştirak edənlərə qarşı təzyiqləri artırdı. Hakimiyyətin təzyiqləri nəticəsində onlarla aksiya iştirakçısı öldürüldü, minlərlə etirazçı həbs olundu. Onların bir çoxu hələ də həbsdədir.
Bir ay öncə Məsud Pezeşkian televiziya proqramlarından birində hicab və süzgəclərlə bağlı çıxış edərək bildirib ki, filtrasiyanın problemləri həll edə biləcəyini düşünmək yanlışdır. Onun sözlərinə görə, votsapda süzgəcin götürülməsindən sonra sosial media platformaları öz ofislərini açaraq İranda fəaliyyətə başlamalı idilər, ancaq müharibə (12 günlük İsrail-İran müharibəsini nəzərdə tutur-müəl.) buna mane oldu.
Prezident "Hicab və İsmət haqqında" qanunla bağlı şərh verərkən deyib: "Cəmiyyətdə müharibəyə və toqquşmalara səbəb ola biləcək qanunu qəbul edə bilməzdim. Mən bu qanunu necə tətbiq edəcəyimi bilmirdim".
Təxminən bir il əvvəl Məsud Pezeşkian qəbul edilmiş yeni "Hicab və İffət qanunu"n icrasını dayandırıb.
İslam Cinayət Məcəlləsinin 638-ci maddəsinə əsasən, "ictimai yerlərdə dini örtük olmadan görünən" qadınlar 10 gündən iki aya qədər həbs cəzasına və ya 600 000-dən 3 milyon tümənədək cərimələnə bilərlər.
M.Pezeşkian məlum qanunun icrasını dayandırsa da, ölkədə hicab hələ də məcburidir.
İranda hakimiyyətin əsas ideoloqlarından sayılan, "Keyhan" qəzetinin baş redaktoru Məhəmmədhüseyn Şəriətmədari M.Bahonəri tənqid edərək vurğulayıb ki, onun mövqeyi islami normaların məcburiliyini şübhə altına alır, hakimiyyətin əxlaqi avtoritetinə zərər gətirə bilər. Qəzet, həmçinin qeyd edib ki, Bahonərin qanunun ləğvi haqqında bəyanatı İranın rəsmi siyasəti kontekstində belə bir yanaşmanın məqsədəuyğunluğu barədə suallar doğurur.
İranda tanınmış ruhani ayətullah Seyid Əli Mühəqqiq Damad hicab qanununa etiraz edərək bildirib ki, hicabı çəkiclə düzəltmək olmaz: "Hicab öhdəliklərdən biridir və buna heç bir şübhə yoxdur. Ancaq, eyni zamanda, bu cür davranmaq əks nəticə verəcək: "Qanun icra oluna bilən və insanlar üçün məqbul olmalıdır. Hicabı qanunlarla, çəkiclə düzəltmək olmaz, amma insanların dinini düzəltmək lazımdır. Əsas xalqın inancıdır".
İran hakimiyyəti yasaqlar və uydurma qaydalarının əsirinə çevrilib. Hicab da belələrindəndir. Vaxtilə onu tətbiq etməklə hakimiyyət cəmiyyətə gücünü göstərir, iradəsini zor gücünə ona qəbul etdirə bilirdi. Ancaq indi cəmiyyət onun bu qadağalarına etiraz edir. Tehran dilemma qarşısında qalıb, hicabı rəsmi olaraq ləğv etsə, bir problem, məcburi qaydada tətbiq etsə də, başqa çətinliklərə üzləşir.
Belə ehtimal etmək olar ki, "şiş və kababı" yandırmamaq üçün hakimiyyət hicabdan sakitcə imtinaya üstünlük verir. Başqa tərəfdən, indiki şəraitdə Tehrana əlavə sosial problemin yaranması sərf eləmir. Çünki ölkədə bu istiqamətdə yetərincə çatışmazlıq və s. var. Hicabla bağlı yatızdırdığı etiraz dalğası yenidən baş qaldırıb Tehranın başını ağrıtması onun daxili siyasətdə ziyanına işləyə bilər.
Bunlardan yayınmaq üçün Bahonər bəhs etdiyimiz məsələyə dair açıqlama verir.
Hakimiyyət insanların buna itaətsizlik nəticəsində əldə etdikləri kimi təqdim olunmasını istəmir. Ona görə də ən optimal yolu tutmağa üstünlük verib. Bununla o, həm cəmiyyətin nəbzini yoxlayır, həm də qanunu birdəfəlik ləğv etməməklə hicaba etiraz edənlərə repressiv yollarla təzyiq etmək üçün onu əlində saxlayır. Ancaq bütün hallarda hicab qaydalarının tətbiqində məcburiyyət tarix ola bilər. Artıq İran cəmiyyətində hicabsız, sərbəst geyimli xanımların görünməsi adi hala çevrilib. Bəzilərinin iddia etdiyi kimi, cəmiyyət sərbəst geyimlərə acgözlüklə deyil, normal psixoloji vəziyyətlə yanaşır.
Hicab qaydalarına əməl etmək İslam Respublikasının fundamental dini-ideoloji prinsiplərindən sayılır. Bahonərin açıqlamasına əsaslansaq, bu təməl prinsipi elə hakimiyyət özünümüdafiə üçün qurban verir. Növbəti qurban nə olacaq?!(Report)