Yenixeber.org: Ukrayna prezidenti Zelenskinin 6 ay aralıqdan sonra yenidən Türkiyəyə getməsinin mənası bir az dolaşıqdır. Öncə ötən ilin yayında Zelenski Türkiyəyə səfər ərəfəsini yada salmaqda fayda var. Bu o ərəfə idi ki, Ukrayna Rusiyaya qarşı əvvəl qış, sonra yaz hücumu planlaşdırmışdı, lakin Ukrayna Silahlı Qüvvələri yalnız iyunun ilk günlərində irəlilədi.
Maksimum vəzifə Krımın tutulması hesab edilirdi, qənaətbəxş bir ssenari yarımadaya quru dəhlizinin ləğvi idi. Lakin məlum oldu ki, hücum qruplarının hətta təmas xəttində boz zonanı aşmaqla belə, problemləri var. NATO metodologiyası ilə təlim keçmiş və Qərb silahları ilə təchiz edilmiş bölmələrin döyüş hazırlığını davam etdirdi. Yəni Zelenski Türkiyəyə o zaman gələndə əks-hücumla bağlı vəziyyət hələ də aydın deyil. Qərbdə hesab edirdilər ki, Kiyevə aydın nəticə əldə etmək üçün bir neçə ay lazım olacaq.
Türkiyə Ukraynaya PUA-lardan başqa heç bir silah vermirdi və yenə də Ankara bundan imtina etmədi, Kiyevdə “Bayraqdar”ın zavodunun tikilməsi ilə bağlı razılaşma da əldə edildi. Zelenski həm də ona ümid edirdi ki, Ukrayna tezliklə NATO üzvü ola bilər və Türkiyədən, şəxsən Ərdoğandan bu dəstəyi eşitdi.
Əgər hücum uğursuz olarsa, Kiyev hakimiyyəti sülh və ya heç olmasa atəşkəs haqqında danışıqlara qayıda bilər. Çünki əks-hücum nəticə verməyəcəkdirsə, Ukraynanın müttəfiqləri də son il yarım ərzində verilən bütün hərbi yardımların faydasız olduğunu deyəcəkdilər, dəstək azalacaqdı. Göründüyü kimi, Zelenskinin cəmi altı aydan sonra gerçəkləşən səfərində Ukrayna üçün çox şey dəyişib, son olaraq 10 aya yaxın müdafiə etdiyi strateji şəhərini itirib, Xarkovun işğal altına düşəcəyini gözləyirlər, silahlı qüvvələrin komandanı hələ də tam bilinməyən səbəblərdən vəzifəsini tərk edib, ABŞ vəd edilən maddi yardımı da Konqresdən keçirə bilməyib və sairə...
Ərdoğan 6 ay əvvəl də sülh üçün vasitəçiliyini təklif etmişdi, amma Ukraynanın vəziyyəti indiki kimi özlərinin də etiraf etdiyi kimi, ağır deyildi.
Zelenski iki ildir elə ölkələrə səfər edir ki, orada müharibəni dayandırmaqdan danışılmır, əksinə Ukraynanı daha dərin bataqlığa çəkmək üçün planlar qurulur. Türkiyə yeganə ölkədir ki, Ukrayna müharibəsi başlayandan sülh gündəliyi üçün çalışır. Türkiyə müharibənin ilk 6 ayında taxıl sazişindən başqa, tərəflərin anlaşması üçün bir masada oturmasına və ortaq razılaşma imzalamasına nail olmuşdu. Danışıqlarda Ukraynanı təmsil edən Zelenskinin partiyasının rəhbərlərindən biri yaxınlarda etiraf etdi ki, İngiltərənin o vaxtkı baş naziri Boris Conson razılaşmanın rədd edilməli olduğunu deyib, sonuncu ukraynalıyadək döyüşməyi vacib bilib. Bilmək olmazdı, o razılaşma işləyəcəkdimi, onun hansısa bəndini Rusiya, yoxsa Ukrayna pozacaqdı, amma fakt odur ki, Qərb Türkiyənin vasitəçiliyi ilə əldə olunan sənədin işləməsinə imkan vermədi. Düzdür, ortada o zaman Qərbin “Ərdoğan qorxusu” da vardı. Qərb yaxınlaşmaqda olan seçkidə Ərdoğanın yenidən prezident seçilməsini əngəlləmək istəyirdi və sülh missiyasında onun adının önə çıxmasında qətiyyən maraqlı deyildi. Amma razılaşmanın pozulmasında əsas səbəb tək bu deyildi. Savaş davam etməli idi və Ukrayna üçün danışıqlar masası qurmağı birdəfəlik əngəlləmək istəyirdilər. Ona görə işlərini sağlama aldılar- müharibə edən ölkənin rəhbəri dünyada bəlkə də görünməmiş qanun imzaladı: Rusiya prezidenti Putinlə heç bir danışıq ola bilməz! Zelenski idealist, dövlət də klassik “vor zakon” deyil ki, belə bir net sənəd imzalasın, həm də müharibə edən bir ölkə... Yumorist duyğular və şübhə yoxdur ki, Qərbin də təhriki ilə belə qanunun imzalanması Rusiyaya daha da azğınlaşmaq, irəli getmək bəhanəsi verdi.
Zelenskinin Türkiyəyə səfərində bağlı qapılar arxasında nələr danışıldığını bilmirik. Bilinən odur ki, Zelenski Ərdoğana həbsdə olan Krım tatarlarının siyahısını verib. Bunu Ukrayna lideri prezidentlərin mətbuat konfransında dedi. Zelenski Ərdoğanın Rusiya ilə sülh danışıqları təklifinə etiraz etdi, amma Türkiyə liderinin bu istiqamətdə səylərini qeyd edərək... Zelenski Rusiya ilə danışıqlardan söz düşəndə deyir ki, sülh konfransı ölkəsi üçün vacibdir, hazırda da İsveçrə belə bir tədbir keçirmək üçün dəvətlər hazırlayır. Məsələnin absurdluğu odur ki, Zelenski Türkiyədə də o mövqeyini dedi ki, sülh danışıqları, konfransı keçirilsin, amma Rusiyasız. İndi Ərdoğanın təklifinə də Zelenski belə reaksiya verib: “Hər şeyi bloklayan, məhv edən və öldürən insanları necə danışıqlara dəvət edə bilərik? Biz nəticə əldə etmək istəyirik. Nəticə isə Ukrayna üçün ədalətli sülhdür. Ona görə də əvvəlcə sivil dövlətlər plan hazırlayacaq və yalnız bundan sonra Rusiyanın nümayəndələrini cəlb edəcəklər”. Sülh konfransı yaxşı səslənir, amma orada təklif olunan kompromis olmayacaq, sırf Ukrayna şərtləri ilə sülhdür və ukraynalılar bu formulun dəstəyini təkcə Qərb müttəfiqləri və tərəfdaşlarından deyil, həm də üçüncü ölkələrdən(məsələn, Azərbaycandan) almağa çalışırlar.
Zelenski müharibə yeni başlayanda istəyirdi ki, Putinlə görüşsün, hətta Rusiya prezidentinin Makronu, BMT baş katibini Kremlədəki qəbul etdiyi uzun masada deyil, daha yaxın oturmaq təklifi edirdi, “mən adam dişləyən deyiləm” deyib, üstəlik, zarafat da edirdi. Amma indi israrla “Rusiya olmasın” deyir. Yaxşı bu dövlətlər toplaşıb, bir sənəd hazırladı, bəyanat da verdi, sonra? Rusiya olmadan nə sülh, hansı danışıqlardan, razılaşmadan söhbət gedə bilər, bu Zelenskinin dünya ilə məzələnməsi deyilmi? Rusiya aqressivdir, bəlkə heç masa qurularsa, gəlib orada özünü yenə işğalçı kimi aparacaq, etdiklərinə haqq qazandıracaq. Amma danışıqlar üçün razılığa gəlinməlidir də, bunun başqa alternativ variantı yoxdur. Bu müharibə bir gün sülhlə dayandırılacaq.
Erməni bütün dünyanın gözü qarşısında bizə etmədiyi zülm qalmadı, amma yenə dövlət əli qana batmış qatil Ermənistan rəhbərləri ilə görüşürdü. Bizə Qərbdən həm də deyirdilər ki, tez-tez görüşün, regionda əmin-amanlıq olsun, hətta sülhün əldə olunması üçün torpaqlardan güzəştə gedin. İndi də əlbəttə ki, məsələ Zelenskinin idealistiliyi, ya da yumoristliyi deyil, o həm də situasiyanın girovudur. Onu Putinlə danışıqlara göndərməyəcəklər, belə bir masa qurulacaqsa, ola bilsin o zaman dövlətin başında başqası otursun. Ukraynanın müdafiə nazirindən sonra, Zalujnı da vəzifədən getdi, indi xarici işlər nazirinin də istefaya göndəriləcəyi deyilir. Bu “təmizləmə” Zelenskinin işinə nə qədər yarayır, demək çətindir. İki ay sonra prezidentlik müddəti bitir və mayda qeyri-legitim dövlət başçısı sayıla bilər...(musavat)
Nazim SABİROĞLU