“Biz avtoritarizmdən demokratiyaya keçid etmişik”
Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa İttifaqının təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar işə başlayıb.
"Xeberinfo.com": Məlumata görə, tədbirdə MSK sədrinin müavini Natiq Məmmədov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts, seçki məsələləri üzrə ekspert Sergey Kaleçenko, MSK üzvləri, MSK katibliyinin təmsilçiləri və dairə seçki komissiyalarının nəzdində olan ekspert qruplarının üzvləri iştirak edir.
Tədbirdə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov xatırladıb ki, artıq Azərbaycanın müstəqilliyini əldə etməsi üçüncü onilliyə qədəm qoyub: “Biz avtoritarizmdən demokratiyaya keçid etmişik. Bu müddət ərzində Avropa məkanına daxil olmuşuq. Ölkədə çoxpartiyalı sistem mövcuddur, burada xalqın iradəsi əksini tapır. 5 milyondan artıq seçici, 50-dən çox siyasi partiya var. Azərbaycan bu istiqamətdə inkişaf edir”.
N.Məmmədov bildirib ki, Azərbaycanda keçirilən seçkilərdə problem də olur, çünki seçki geniş prosesdir: “Burada seçicilərin hamısının hüquqlarının təmin edilməsi asan məsələ deyil. Buna baxmayaraq, 2010-cu ildə keçirilən parlament seçkilərində MSK-ya daxil olan şikayətlərin sayı 267, 2013-cü ildə keçirilən prezident seçkilərində isə 19 olub. Bu, yaxşı haldır. Ölkədə seçkilə bağlı təkmilləşdirmə işi aparılır. Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər. Biz azlıqda qalan şəxslərin də şikayətlərini və müraciətlərini araşdırmalıyıq. Seçkiləri 50 min müşahidəçi izləyir: “Seçkilərə təkcə Avropa Məhkəməsi qiymət vermir, həm də beynəlxalq təşkilatların müşahidə missiyası bu işlə məşğul olur. Təəssüflər olsun, bir sıra hallarda bəzi beynəlxalq təşkilatların apardığı müşahidənin nəticəsi Avropa Məhkəməsinin qərarı ilə uyğunlaşmır. Onların apardıqları müşahidənin məkanı və vaxtı ilə bağlı məlumat vermirlər. Kiminsə fikirləri əsasında hansısa qənaətə gəlirlər”.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pilts qeyd edib ki, demokratik seçkilər demokratiyanın əsaslarından biridir: “Buna görə də Avropa İttifaqı müxtəlif proqramlar çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Mərkəzi Seçki Komissiyası bu sahədə nailiyyətlər əldə edib, öz fəaliyyətində beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır. Bizim birgə fəaliyyətimiz seçki prosesinin təkmilləşdirilməsinə öz töhfəsini verir”.
Daha sonra ekspert Sergey Kalçenko seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyası tərəfindən baxılması: Avropa standartları və Azərbaycan qanunvericiliyinə dair Təqdimatla bağlı çıxış edib.
Daha sonra seminar KİV nümayəndələri üçün qapalı şəkildə davam etdirilib.
Qeyd edək ki, seminar sentyabrın 5-dək davam edəcək.