Pənah Hüseyn İsa Qəmbərə qarşı
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu “Əməkdar jurnalist” fəxri adı alması münasibəti ilə təbrik edib.
"Xeberinfo.com": Məlumata görə, P. Hüseyn təbrik məktubunda deyib:
“Əziz Rauf bəy.
Səni 23 iyul tarixinə təsadüf edən ad günü münasibəti ilə təbrik edirəm. Dostlar bilir ki, mən ad günlərinə nadir hallarda, bəzi yubileylərdə təbrik ünvanlayıram. Və 49 yaş da yubiley deyil. Odur ki, bu təbrikim də sıradan bir ad günü təbriki olmayıb, həm də indi sənin ətrafında yaranmış vəziyyətdə bir münasibət ifadəsidir. Dərindən inanıram və sənin də bu məsələdə həmrəy olduğunu bilirəm ki, siyasi mövqeləri, dəyərləri şəxsi münasibətlərə qurban vermək nə qədər yolverilməzsə, şəxsi insani dəyərləri siyasi münasibətlərə görə müəyyənləşdirmək daha artıq bir naqislikdir. Əlbəttə ki, elə hədlər var ki, mütləq seçim qarşısında durmalı olursan və yalnız təmənna etmək qalır ki, Allah bizə bu seçimi qismət etməsin.
“Əməkdar jurnalist” fəxri adını almağını da siyasi konyukturdan sərf-nəzər etsək, ona tam layiq olduğunu və önəmsədiyini bildiyim üçün şəxsən təbrik etmişəm. Sənin bu millət üçün etdiklərinin qarşılığında “İstiqlal” ordeni də azlıq edər, bu ad nədir ki! Gizli deyil ki, son dövrlərdə hadisələrə, perspektivlərə, iqtidara, müxalifətə və onun ayrı-ayrı nümayəndələrinə münasibətdə fərqli, bəzən dramatik fərqli yanaşırıq. Sən mənim bəzi fikirlərimlə, mövqelərimlə, mən də sənin bəzi fikirlərinlə, mövqelərinlə razı deyilik. Qəbul edirəm ki, bir sıra məsələlərdə ola bilər ki, sənin yanıldığın, yanlış olduğun məlum olacaq, bir sıra məsələlərdə isə mənim.
Eyni zamanda, sənə olan hücumlardakı səmimi olanlardan daha çox fürsətçiləri, paxılları, insafsızları da görürəm və bunlara qarşı sənin yanında olduğumu bildirirəm. Sən Azərbaycanın ən istedadlı adamlarından, qüdrətli söz, qələm ustalarından birisən. İnanıram ki bu istedad əvvəllər olduğu kimi gələcək də Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan insanına, xeyrə xidmət edəcəkdir. Bir daha səni ən görkəmli nümayəndələrindən biri olduğun peşə bayramın və sabahkı ad günün münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər Rauf Arifoğlunun fəxri ad almasını hakimiyyətlə barışığa getmək kimi qiymətləndirib.
Buna münasibət bildirən R. Arifoğlu isə İsa Qəmbərə qarşı neqativ mövqe nümayiş etdirməyəcəyini deyib.
Baş redaktorun qardaşı Azər Ayxan isə sabiq başqanın mövqeyinə sərt münasibət bildirib.
“Siz korrupsionerlərlə barışanda biz bunu milli xilas kimi təqdim edib sizi tarixi qınaqdan qorumağa çalışmışıq. Siz isə bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. “Bu, hakimiyyətlə barışmaqdır” deyib Dədə Qorqudluq iddiasına düşürsünüz”, - deyə o qeyd edib.