AXCP-dən qovulma təhlükəsi ilə üzləşən fəallar danışdılar
Partiya fəalları Fuad Qəhrəmanlını tənqid atəşinə tutdular
Ağaşirin Tanrıverdioğlu: “Bu oyunların başında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı durur”
Dəyanət Babayev: “Partiyanın əleyhinə heç bir iş görməmişəm”
"Xeberinfo.com": AXCP-nin iki fəal üzvünün partiyadan çıxarılacağı barədə məlumat vermişdik. Etibarlı mənbədən daxil olan məlumatda göstərilirdi ki, qurumun mayın 8-də keçiriləcək Nərimanov şöbəsinin Məclisində Ağaşirin Tanrıverdioğlu və gənc fəal Dəyanət Babayev partiyadan xaric olunacaqlar.
Yazıda adı keçən şəxslərin mövqeyini öyrəndik.
Hazırda AXCP-nin Nərimanov şöbəsinin təşkilat məsələləri üzrə şöbə müdiri olan Ağaşirin Tanrıverdioğlu yayılan xəbərləri təsdiqlədi: “1 aya yaxındır, AXCP-nin Suraxanı şöbəsindən qovulan üç gəncin bərpa olunması üçün gəncləri başıma yığıb mübarizə aparmışam. Bilirdim ki, bu qərar nə vaxtsa, məni də gözləyir. Mətbuatdan öncə dostlarım mənə məlumat verdilər ki, şöbə sədri öhdəlik götürüb. Mən və Dəyanət Babayevin partiyadan çıxarılması barədə. Bu oyunların başında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı durur. İcazəsiz aksiyalarda iştirakıma və fəaliyyətimə görə, dəfələrlə sədr tərəfindən mükafat almışam. Bilirsiz, söz-söhbətlər gedir ki, AXCP-nin gələcəkdə rəhbərliyində Fuad bəy özünü görür. Əli Kərimlidən sonra. Gələcəkdə ona qarşı tənqidi fikir deyə biləcək şəxslər indidən partiyadan xaric olunur. Bu fikirlər təkcə bizim haqqımızda deyil. Artıq haqq sözünü deyən üzvlərlə bağlı Fuad bəy tərəfindən şöbələrə məlumat verilib. Gələcəkdə hətta Əli Kərimliyə güc göstərib, partiyanı götürmək üçün. Mayın 8-də Məclis çağırılıb. Mətbuat vasitəsilə Fuad Qəhrəmanlıya deyirəm ki, sabah Məclisdir. Demokratik şəkildə Məclis olmalıdır. Müraciət edib deyirəm ki, Fuad bəy, sənin qarşında öhdəlik götürənlərin Məclisə gəlib, səsinə bax. Əgər doğru Məclis olsa, Fuad bəyin xəyalları puç olacaq. Çünki vicdanlı insanlar həyatımı qurban verdiyim, polis dəyənəkləri yediyim, demokratik hərəkat üçün nələrdən keçdiyimi yaxşı bilirlər. Hamısı ilə bir-bir görüşürəm. Onlar Fuad Qəhrəmanlının tapşırığını həyata keçirən Məmməd İbrahimin sözlərinə qulaq asmayacaqlar. Bundan əminəm. Mətbuat mövzunu diqqətdə saxlaya bilər”.
A.Tanrıverdioğlu demokratik şəkildə uduzacağı təqdirdə, əks tərəfi təbrik edəcəyini söylədi: “Düzgün seçki ilə uduzsam, onların əlini sıxacam. Bu partiya heç kəsin özəl sexi, atasının varisi deyil. Xalqın partiyasıdır. Suraxanı variantı olsa, Fuad Qəhrəmanlı başda oturar, ətrafında da 5-6 saxta alqış çalanlar olar. Belə olsa, Məclisin əksəriyyəti mətbuata məlumat verəcək”.
Qovulma ilə üzləşən digər partiya fəalı, Nərimanov şöbəsi sədrinin gənclər üzrə müavini Dəyanət Babayev də bu barədə məlumatının olduğunu bildirdi: “Partiyadan çıxarılacağımın səbəbini Razi Nurullayevlə bağlayırlar. Guya ki, ondan pul alıb, partiya əleyhinə işlər həyata keçirirəm. Məni 2009-cu ildə Razi bəylə Fuad Qəhrəmanlı tanış edib. 2010-cu ildə həbslərdən sonra Razi Nurullayevin seçki qərargahında olmuşam. Mənə çox köməklik edib. Amma ondan pul alıb, partiyanın əleyhinə heç bir iş görməmişəm. Məclisin üzvləri və sədri vicdanlı insandır. Çıxarılacağımıza inanmıram. Amma ola bilsin ki, Fuad Qəhrəmanlının göstərişi ilə məni partiyadan çıxartdılar. Məclisin səsi ilə çıxarılacağıma inanmıram”.(musavat.com)