Saatlar “Bakı vaxtı”na qurulur -Ərdoğanın tarixi Şuşa səfəri və əsas gözlənti
Türkiyə prezidenti Azərbaycana xüsusi missiya ilə gəlir; mədəniyyət paytaxtımızdan dünyaya veriləcək şifrəli mesajlar, cilalanacaq ortaq “Yol xəritəsi”...
Yenixeber.org: Yetərincə mühüm geosiyasi olayların yaşanacağı iyun ayına daxil olmuşuq. Qarşıdakı olaylar şübhə yox ki, ölkəmizin yaxın perspektiv maraqları üçün də təsirsiz ötüşməyəcək. İlk növbədə Ermənistanla davam edən gərgin münasibətlər kontekstində milli mənafeyimizlə bağlı gözləntilər xeyli dərəcədə aydınlaşa bilər.
Bəzi analitiklərə görə, artıq yeni dünya düzəni quruculuğu və geosiyasi qarşıdurmalar kritik fazaya girib və iyun bu xüsusda taleyüklü ay olacaq. Söhbət öncəliklə bu ayın 13-də keçiriləcək “Böyük 7-lər”in London, ardınca - iyunun 14-də Brüsseldə baş tutacaq NATO sammitlərindən gedir. Alyansın zirvə toplantısı çərçivəsində ABŞ prezidenti Co Baydenlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan görüşü də nəzərdə tutulub. Siyasi müşahidəçilərin fikrincə, həmin görüşdə Azərbaycan və Ermənistan daxil, regionda yaranmış yeni vəziyyət də müzakirə edilə bilər. İyunun 16-da isə Bayden Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək.
Baydenlə görüşün ertəsi günü - iyunun 15-də isə Ərdoğan Bakıya gələcək, bir gün sonra azərbaycanlı həmkarı İlham Əliyevlə birgə Şuşaya gedəcək. Bölgəmizlə bağlı iyun ayının ən intriqalı olayı da yəqin ki, elə ayın ortasına - iyunun 16-a təsadüf edəcək. Çünki məhz Şuşadan - təzəcə azad edilmiş mədəniyyət paytaxtımızdan iki qardaş dövlətin başçısı dünyaya mühüm, ortaq mesajlar verəcəklər. Bu mesajlar sözsüz ki, Ərdoğan-Bayden görüşünün nəticələrini də özündə inikas edəcək.
*****
Azərbaycan-Türkiyə müttəfiqliyi isə Baydenlə görüş olsa da, olmasa da, ən yüksək səviyyədədir və dinamik inkişaf edir. Bu müttəfiqlik xüsusən də 44 günlük Vətən müharibəsindən sonra, faktiki “ət-dırnaq” kimi olub və bütün sferaları, özəlliklə də hərbi sferanı əhatə edir. Bunu bölgədəki düşmənlərimiz və rəqiblərimiz də, yaxın-uzaq dost-müttəfiqlərimiz də bilirlər.
Elə dünən - iyunun 3-də Bakıda yüksək səviyyəli Azərbaycan-Türkiyə hərbi dialoqunun 13-cü iclası işə başlayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iclasda təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi-tibbi, hərbi-təhsil, hərbi-sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunur, hərbi və müdafiə sahəsində fəaliyyətin inkişaf perspektivləri və əsas istiqamətləri nəzərdən keçirilir. Azərbaycan tərəfdən iclası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi, Korpus generalı Səlcuq Bayraktaroğlu aparır.
Srağagün isə prezident Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib və orada müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı olub.
*****
Şübhə yox ki, bütün bu müştərək tədbirlər və digər mühüm gəlişmələr Ərdoğanın budəfəki Bakı səfərini daha da özünəməxsus edir. Böyük ehtimalla, iki qardaş ölkənin liderləri yenidən “saat əqrəblərini” tutuşduraraq, ortaq fəaliyyətin sonrakı mərhələsi ilə bağlı “Yol xəritəsi”ni daha da cilalayacaq, ona dolğun mahiyyət verəcəklər. Ermənistana və onun gizli-açıq havadarlarına yeni mesajların və ismarışların ünvanlanması da öz yerində. Yeri gəlmişkən, bu mesajlardan biri də ölkəmizdə nəhayət, Türkiyə hərbi bazalarının yaradılması haqda ola bilər.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev hesab edir ki, Türkiyə Azərbaycanda hərbi baza qura bilər və ölkəmizin Qoşulmamaq Hərəkatına üzvlüyü buna əngəl deyil.
““Qoşulmama Hərəkatı” Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasına maneə deyil. Təşkilat öz üzvlərindən, sadəcə, hərbi bloklara qoşulmamağı tələb edir", - deyə politoloq Axar.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan asılıdır: “Soyuq müharibə illərində SSRİ-nin Varşava paktı ilə ABŞ-ın NATO-su arasında qalan dövlətlər neytrallığını qoruyaraq, belə bir təşkilatda birləşdilər. Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Bu, ölkəmizlə həmin ölkə arasında aparılacaq danışıqlardan asılıdır”.
Ekspert bildirib ki, Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza Alyansın bazası sayıla bilməz: “Məsələ ondadır ki, bu gün bir çox NATO ölkəsinin başqa ölkələrdə hərbi bazası mövcuddur. Misal üçün, ABŞ NATO ölkəsi olsa da, bir çox ölkədə hərbi bazaları var. Bu mənada Türkiyənin NATO ölkəsi olması onun Azərbaycanda hərbi baza yaratmasına heç bir maneə deyil. Onu da qeyd edim ki, bu gün ABŞ-ın hərbi bazası olan ölkələrin bəziləri elə Qoşulmama Hərəkatının üzvüdür”.
*****
Mehmet Seyfəddin Erol
Öz növbəsində Türkiyə Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Erol hesab edir ki, ikinci Qarabağ müharibəsindən sonra Qafqaz yeni bir geosiyasətin qurulmasına şahidlik edir və yeni mərhələdə bölgənin təhlükəsizliyinin, rifahının və sabitliyinin ortaq əməkdaşlıq təməli üzərində qurulması planlaşdırılır.
“Xüsusilə Ermənistanın daxili siyasətindəki böhranlar, onun Qarabağa olan təxribatçı münasibətləri və bəzi regional və regiondan kənar aktyorların burada ”həvəsləndirici rolu" sülhün bərqərar edilməsində əsas çətinliklərdəndir. Son dönəmdə ATƏT-in Minsk Qrupu daxilində gündəmə gətirilən bir sıra təkliflər bu çərçivədə qiymətləndirilə bilər. Fransa başda olmaqla, bəzi Qərb mərkəzli aktyorlar İrəvan və erməni diasporu vasitəsilə sülh mərhələsini dalana dirəmək istəyir", - deyə professor qeyd edib.
Onun sözlərinə görə, burada əsas hədəf türk dünyasının geosiyasətidir: “Çünki 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə gücünün artması Qafqaz bölgəsini Xəzər və ətrafındakı bölgələr (xüsusən Orta Asiya - red.) kontekstində Avrasiya geosiyasətinin qəlbgahlarından birinə çevirdi. Son müharibə ilə Azərbaycan enerji və nəqliyyat (tranzit) təhlükəsizliyi kontekstində Qafqaz bölgəsində açar ölkəyə çevrildi. Azərbaycan bunu cəbhədəki hərbi uğuru ilə möhürlədi. Şübhəsiz ki, Azərbaycanın artan əhəmiyyəti və gücü bəzi regional və qeyri-regional gücləri narahat edir”.
Lakin professor Türkiyənin bütün bu proseslərdən xəbərdar olduğunu və bundan sonra da Azərbaycana qarşı hər hansı bir fəaliyyətə imkan verməyəcəyini qeyd edib: “Türkiyə sonunadək başda ərazi bütövlüyü olmaqla, qardaş Azərbaycanın müstəqilliyinin, suverenliyinin və mənafelərinin qorunması üçün hər cür dəstəyi davam etdirəcək”.
*****
Şübhə yox ki, belə də olacaq. Elə güclü Azərbaycan da bölgədə daha da güclənməklə qardaş ölkənin gücünə əlavə güc qatmaqdadır. Ərdoğanın qarşıdakı səfəri bu xüsusda əlbəttə ki, tarixi ziyarət kimi yaddaşlarda qalacaq, dostları sevindirəcək, düşmənləri isə ciddi şəkildə pərt və pərişan edəcək. Çünki saatlar “Bakı vaxtı”na qurulacaq...
“Müsavat”