Zəngəzurda sərhəd delimitasiyası və demarkasiyası prosesini aktiv şəkildə gündəmdə saxlayan erməni mediası daha bir məlumat paylaşıb.
Yenixeber.org: Erməni KİV Gegamasar icmasının sədri Akop Avetyana istinadla Azərbaycan Ordusunun Kut kəndi istiqamətində daha 200-300 metr irəlilədiyini iddia edib.
“Onlar (Azərbaycan Ordusu) heç yana çəkilməyiblər. Əksinə, bir az da irəliləyiblər. Bu o demək deyil ki, onlar haranısa zəbt ediblər, sadəcə, mövqe tutublar”, – Avetyan bildirib.
Bu məlumatın yalan olduğuna kifayət qədər əsas var. Çünki Azərbaycan Ordusu qüvvələri geri çəkib, ancaq mövqelərdə qalır və hər hansı dəyişikliyin olmadığı açıqlanıb. Bu cür məlumatlar isə sadəcə hazırkı danışıqlarda qıcıqlandırma məqsədi daşıyır.
Ümumiyyətlə, Ermənistan siyasətçilərinin bugünkü fəaliyyətinə baxanda görmək olar ki, onlar məsələni hansı istiqamətə çəkməkdə maraqlıdırlar.
Məsələn:
Hadisəni “krizis” adlandıran Ermənistan TŞ katibi Armen Qriqoryan KTMT Baş katibi Stanislav Zasa zəng edib və Azərbaycan tərəfinin arqumentlərinin “əsası olmadığı” haqda ənənəvi erməni yalanını deyib.
Qriqoryan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də danışıb və ondan yardım istəyib.
Ermənistan XİN rəhbərinin müavini Artak Apitonyan ölkədəki səfirlərlə görüşüb və Azərbaycanın Ermənistanın guya sərhədlərinə müdaxilə etdiyi yalanını onları sırıyıb.
Ermənistan Müdafiə Nazirliyi də boş dayanmayıb. Ölkədəki səfirliklərin hərbi attaşeləri ilə nazirlikdə görüş keçirilib və onları inandırmağa çalışıblar ki, Qaragöldəki bəhs edilən ərazi Ermənistana aiddir.
Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın Fransa XİN başçısı Jan İv Lö Drianla danışığı da baş tutub. Bunun ardınca Fransa XİN Bakı və İrəvana “Azərbaycan Ordusunun geri çəkilməsi barədə” razılığa gəlmək üçün çağırış edib.
Ermənistan müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan KTMT Baş katibi Stanislav Zas, Rusiya müdafiə naziri Sergey Şoyqu, Rusiya FTB-nin Sərhəd Xidmətinin rəhbəri general-polkovnik İqor Konstantinovla “sərhədlə bağlı” müzakirələr aparıb.
Ermənistanın baş nazir vəzifəsinin icraçısı Nikol Paşinyan isə Belarus lideri Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarova zəng edib, sabah keçiriləcək KTMT XİN başçılarının toplantısında sözügedən məsələnin müzakirə olunacağını bildirərək, “vəziyyətlə bağlı” öz maraqlarına uyğun məlumat verib.
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə danışıb və dəstək istəyib və s.
Bütün bu sadaladıqlarımız Ermənistan hökumətinin bugünkü “şikayətlər”inin yalnız bir hissəsidir. Bura Ermənistanın xarici ölkələrdəki səfirlərinin və diasporunun fəaliyyətini də əlavə etsək, Ermənistanın bütün siyasi-diplomatik bacarığını bu olay üzərində qurulan şouya həsr etdiyini görmək mümkündür.
Halbuki bu qədər canfəşanlığa heç bir ehtiyac olmadığı, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı sakit müzakirə getdiyi və Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun da iştirakı ilə aparılan müzakirələrdə müəyyən qərarların artıq qəbul edildiyi, danışıqların 19 mayda davam etdiriləcəyi elan edilib.
Hətta Rusiya XİN başçısı Sergey Lavrovun özü belə bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın apardığı bu şounu darmadağın edən bir bəyanat verib.
S.Lavrov Syerra-Leonenin XİN rəhbəri Devid Con Frensis ilə bu gün keçirdiyi mətbuat konfransında erməni mediasının bu yöndən sualına cavab olaraq deyib:
“Bircə güllə də orda atılmayıb, bircə toqquşma da baş verməyib. Oturublar və sakitcə bu situasiyanı necə həll etməklə bağlı danışıqlar aparıblar. Bizdən də danışıqlarda iştirak üçün xahiş ediblər, bizim hərbçilər də iştirak edib və razılıq əldə olunub. Mən burda hisslərlə oynamaq və insanları qıcıqlandırmaq üçün heç bir səbəb görmürəm, məsələni sakitcə həll edirik”.
Lavrov bildirib ki, insident baş verəndən dərhal sonra Azərbaycan tərəfi bəyanat verərək, anlaşılmazlıq olduğunu elan edib, ən əsası isə Ordusunu delimitasiya və demarkasiyası gözlənilən ərazidən çəkib, danışıqlara hazır olub:
“Sərhəddəki hazırkı işlərlə (demarkasiya və delimitasiya – red.) heç vaxt heç kim məşğul olmayıb və biz tərəflərə təklif etdik ki, onlar bu işlərə başlasınlar, biz isə onlara kartoqrafik materialları təqdim etmək (SSRİ zamanında olan – red.) və məsləhət xidməti ilə bu işdə dəstək olmağa hazırıq”.
Lavrovun bu açıqlaması Ermənistan hökumətinin şousunu dayandırmalıydı. Ancaq hətta bu açıqlamadan sonra da Ermənistan rəhbərliyi həyasızlıqdan əl çəkmir…