Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelər tutması Ermənistanda təşviş yaratdı-David Tonoyan xüsusi mətbuat konfransı keçirəcək
Azərbaycan silahlı qüvvələrinin bütün yay ayları və payızın əvvəllərində Ermənistanla sərhədin Naxçıvan istiqamətində mühəndis işlərini davam etdirməsi, nəticədə yeni strateji yüksəkliklərdə möhkəmlənməsi barədə “Bellingcat” saytında dərc edilmiş məqalə Yerevanda təşvişə səbəb olub. Məsələnin maraqlı tərəfi həmin məqalənin müəllifinin Avstraliyadakı Holokost və Soyqırım Araşdırmaları İnstitutunun analitiki Masis İngilisyanın olmasıdır.
Yenixeber.org: Məqalənin tərcüməsi haqqin.az saytında “Azərbaycan ordusu Naxçıvanda yeni yüksəklikləri tutub” başlığı ilə dərc ediləndən sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təkzib xarakterli açıqlama verməyə çalışıb. Deyib ki, məqalədə göstərilənlər Azərbaycan tərəfində “təhrif olunub” və əslində Naxçıvan istiqamətində mövqelərdə “əhəmiyyətli dəyişiklik” baş verməyib. Ovanisyanın bildirdiyinə görə, o məqalənin müəllifi Masis İngilisyanla da danışıb və müəllif Azərbaycan ordusunun yeni strateji mövqelər ələ keçirməsi barədə yazmadığını bildirib.
Hərçənd Masis İngilisyanın məqaləsinin orijinalında həvəskar peyk çəkilişlərinə istinadən açıq-aydın göstərilir ki, Azərbaycan ordusu yay aylarında və payızın əvvəllərində neytral ərazilər boyu irəliləməkdə davam edib, erməni mövqeləri ilə aradakı məsafəni qısaldıb və nəticədə Ermənistan ordusunun postları, o cümlədən hərbi təchizat yolları bütünlüklə Azərbaycan tərəfinin nəzarəti altına keçib.
Və bu məqalənin virtualaz.org və haqqin.az saytlarında dərc edilmiş xülasəsində heç yerdə qeyd olunmur ki, Azərbaycan ordusu məhz erməni mövqelərini ələ keçirib. Söhbət silahlı qüvvələrimizin yeni əlverişli mövqelərdə möhkəmlənməsindən gedir və hərbi terminlərlə ifadə edildikdə bunu “yeni mövqelərin tutulması” adlandırmaqla heç bir təhrifə yol verilmir. Çünki “yeni mövqelərin tutulması” dedikdə heç də ermənilərin öz mövqelərindən vurulub çıxarılmasından söhbət getmir.
Baxmayaraq ki, M.İngilisyan Azərbaycan ordusunun yeni mövqelərdə möhkəmlənməsi nəticəsində artıq ermənilərin bir postu tərk etdiklərini, qalan postları da məcburi tərk edə biləcəkləri göstərilirdi. Belə olan halda məsələni təhrif edən məhz Ovanistandır və bunu da başa düşmək çətin deyil. Bu ilin yazında Azərbaycan ordusunun Naxçıvan istiqamətində kilometrlərlə məsafədə irəliləyərək strateji əhəmiyyətli Qızılqaya yüksəkliyini tutanda və Şərur rayonunun 90-cı illərin əvvəllərindən tərk edilmiş, Ermənistan mövqelərinin atəşi altında qalan Günnüt kəndinə nəzarəti bərpa edəndə də Ovanisyan durmadan təkzib verməyə çalışırdı. Baxmayaraq ki, erməni hərbi jurnalistləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində “neytral” hesab edilən ərazilərdə necə irəlilədiyi barədə sübutları da yaymışdı. Nəhayət Ovanisyan və onun nazirliyi etiraf etməli oldu ki, Azərbaycan ordusu irəliləyib, amma Ermənistan ərazisinə keçməyib. Baxmayaraq ki, Azərbaycan ordusu Qızılqaya yüksəkliyindən strateji təyinatlı Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı da qazanıb.
Azərbaycan ordusunun bu irəliləməni yay-payız aylarında da davam etdirdiyi barədə yayılmış peyk fotoları Ermənistan Müdafiə Nazirliyini bərk narahat etdiyindən Masis İngilisyan özü də nəyisə təkzib etməyə çalışıb. “Armenpress” agentliyinə açıqlamasında İngilisyan deyib ki, onun məqaləsində Azərbaycan tərəfinin “Naxçıvanda yeni erməni mövqelərini tutması” barədə söz yoxdur. Bu ifadə heç məqalənin azərbaycanca xülasəsində də yoxdur və bir daha qeyd edirik ki, söhbət məhz yeni mövqelərin tutulmasından gedib, erməni mövqelərinin ələ keçirilməsindən deyil.
Artsurun Ovanisyan təkzib xarakterli açıqlamalar verib erməni ictimaiyyətini sakitləşdirməyə çalışdırdığı bir vaxtda Ermənistanın Ararat vilayətinin Zanqakatun kəndinin icma rəhbəri Ovik Karapetyan onu ifşa edib. Karapetyan “news.am” saytına açıqlamasında deyib ki, Azərbaycan ordusu kəndə bitişik ərazilərdə mövqelərini irəli çəkib və nəticədə mövqelər arasında məsafə xeyli qısalıb. Üstləlik kəndin 11 hektar əkin torpağı da bilavasitə Azərbaycan ordusunun yeni mövqelərinin nəzarəti altında qalıb.
Ovanisyan bu dəfə Ovik Karapetyanı təkzib etməyə çalışıb: “Kənd icma nümayəndəsinin dediklərində yeni heç nə yoxdur. Azərbaycan silahlı qüvvələri Ararat vilayətinin Zanqakatun kəndi istiqamətində hansısa yeni irəliləmə həyata keçirməyib. Söhbət bir neçə ay bundan qabaq müzakirə olunan mövqe irəliləyişindən gedir. İndiki halda ancaq bunu demək olar ki, rəqib mövqelərini öz ərazisində irəli çəkib və həmin ərazilər heç vaxt erməni silahlı qüvvələrinin nəzarəti altında olmayıb”.
Ovanisyan deyib ki, yaxın günlərdə müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan sərhədin Naxçıvan istiqamətində yaranmış vəziyyətlə bağlı mətbuat konfransı keçirəcək.(virtualaz)
F.Məmmədov