I Avropa Oyunları ərəfəsi iqtidar da hücuma keçdi; Yayılan sənədlərdən məlum olur ki, hakimiyyət əleyhinə kampaniya ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən yönləndirilir; Milli Şuranın da prosesə cəlb edildiyi deyilir; Polşa və Tiflisdə nələr hazırlanır?
"Xeberinfo.com": Bakıda keçiriləcək I Avropa Oyunlarının startı yaxınlaşdıqca, bu idman yarışının ətrafında ciddi siyasi proseslər baş verməkdədir. Azərbaycan hakimiyyəti “Eurovision-2012"də olduğu kimi bu tədbiri yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıqları başa vurub və yarışın məşəli artıq yandırılıb. Onu da etiraf etmək lazımdır ki, iqtidar nədənsə, xüsusilə QHT sektorunda həbslərlə bütün diqqəti ölkənin daxili siyasətinə cəlb edib və bu da təkcə beynəlxalq demokratik təsisatların deyil, Azərbaycanı istəməyən qüvvələrin də ölkəmiz əleyhinə cəbhələşməsinə şərait yaradıb.
Üstəlik, Ağ Ev administrasiyası ilə münasibətlərdə qismən istiləşmə son günlər yenidən gərginləşib ki, bunun səbəbləri barədə bir çox versiyalar var. Amma indi daha bir sensasion iddia da ortaya atılıb. Məlum olub ki, Azərbaycan iqtidarı əleyhinə kampaniya ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən yönləndirilir! Heç şübhəsiz barəsində danışacağımız sənəddən, belə bir kampaniyaya ABŞ Dövlət katibinin ofisindən yönləndirilməsi barədə məlumatlardan Azərbaycan iqtidarı daha öncədən xəbərdar olub. Sadəcə, indiki məqamda açıqlanması zəruri bilinib...
APA Analitik Mərkəzinin aprelin 28-də yaydığı məlumat əsl sensasiyadır. Çünki burada söhbət təkcə iqtidarın daxili siyasətdə sərt gedişlərinin tənqidi və təftişi deyil, bütün Azərbaycanın taleyinə təsir edə biləcək hadisələrdən-ölkədə sabitliyi pozmaq niyyətlərindən, hətta dövlət çevrilişi cəhdindən gedir.
APA bildirir ki, yaydıqları sənədləri bir neçə gün əvvəl etibarlı mənbədən əldə edib.
* * *
Sənədlərin təfsilatında deyilir ki, “Bakı-2015"lə bağlı Azərbaycan əleyhinə kampaniya ABŞ-da ”National Endowment for Democracy" təşkilatına həvalə edilib.
“Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda ”5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb". Məlumatda deyilir ki, bir müddət öncə mərkəzi fiqur NED olmaqla, Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. “2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait ayrılıb” deyə, bildirilir.
Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlib”: “Bu ayın əvvəlində ”Freedom House" təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla, bir qrup şəxsin ABŞ dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb.
Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla, 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür".
Sənəddə bildirilir ki, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində Milli Şuranın cəlb olunması planlaşdırılıb.
APA-nın əldə etdiyi “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanıb. “Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa Oyunlarının, parlament seçkilərinin, ”Formula 1" yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir" deyə, bildirilir.
Bu ilin yanvar ayının 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin (onların sırasında ermənipərəst təşkilatlar da var) görüşü ilə bağlı sənədlərdə isə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturlarının müzakirə olunduğu, habelə işçi qruplar müəyyənləşdirildiyi qeyd edilib.
APA-nın əldə etdiyi sənəddə qeyd olunub ki, kampaniyanın məqsədi - “hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir”.
Təkliflərə əsasən, sənəddə “siyasi məhbus” kimi təqdim olunan şəxslərin həyat hekayələrinin təbliği, Azərbaycanın mənfi imicinin yaradılması, hakimiyyətdə təmsil olunan şəxslər haqqında kampaniyanın təşkili, Azərbaycanın müasir mənzərəsinin təhrif olunması, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli və qeyri-obyektiv məlumatların dövriyyəyə buraxılması, ölkəmizdə iqtisadi, regional inkişafın təkzib edilməsi və alternativ mənfi xarakterli məlumatların ictimailəşdirilməsi, idman obyektlərinin müasir standartlara cavab verməməsi, l Avropa Oyunlarına çəkilən xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə çatdırılması ilə bağlı qərəzli məlumatların yayılması və digər tədbirlər daxil edilib.
Sənədə görə, hazırda Praqada olan “Azad İqtisadiyyata Yardım” İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub.
İnternetdə isə kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi təmin edilməlidir.
Beynəlxalq səviyyədə aparıcı idman təşkilatlarına müraciətlərin göndərilməsi, beynəlxalq medianın diqqətini idman yarışlarından ayıraraq başqa istiqamətə yönəldilməsi, Avropa Oyunlarında iştirak edən ölkələrdə aksiyalar təşkil edilməsi, xüsusi sənədli filmlərin hazırlanması, onların BBC və “Al-Jazeera” telekanalları vasitəsilə yayılması, Avropa siyasətçilərinə təzyiq məqsədilə mesajlar göndərilməsi, tanınmış idmançıların Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsi planlaşdırılır. Həmçinin bu işləri həyata keçirəcək məsul şəxslərin siyahısı tərtib olunur.
Məlumata görə, bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub və onun icrasına külli miqdarda vəsait ayrılıb. Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq.
Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər.
Kampaniyaya “İnternational Media Support” (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcək. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub.
Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata keçirirlər. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub. R.Vinsent vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb, sonra isə “Article XlX” təşkilatının koordinatoru olub.
Layihənin preambulasında bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin) çağırışlarına biganə yanaşdığına görə “cəzalandırılmalıdır”, ona qarşı koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə edilməlidir.
I Avropa Oyunları həmin kampaniyanın pik zirvəsi kimi müəyyən edilib. Yaxın müddətli perspektivdə məqsəd Azərbaycanı insan hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirmək, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus” kimi təqdim edilən “5-ci kolon” nümayəndələrinin azadlığa çıxmasına nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını fəallaşdırmaq və ictimai qınağı stimullaşdırmaq, Avropa institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı yönəltməkdir.
Beləliklə, layihə sonda Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanlarını bərpa etməklə ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət dəyişikliyi ssenarisinin reallaşdırılmasına hesablanıb.
Təsadüfi deyil ki, bu kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı start verilib. Daha sonra onun əsas hərəkətverici qüvvəsi olan İMS təşkilatının mərkəzi ofisinin yerləşdiyi Kopenhagendə geniş təqdimat nəzərdə tutulsa da, sonradan həmin tədbirin “Article 19”un təşkilatçılığı ilə aprelin 28-də Londonda keçirilməsi qərara alınıb".
APA həmçinin əlavə sənədlərə əsasən iddia edir ki, Azərbaycanla bağlı tədbirlər əsasən Gürcüstan vasitəsilə reallaşdırılacaq və Tiflisin Azərbaycana qarşı kampaniyada platsdarm rolu bir az da genişləndiriləcək.
***
Göründüyü kimi, I Avropa Oyunları ərəfəsi Azərbaycan iqtidarı ciddi təzyiqlərlə üzləşib və bu proses hələ ilkin mərhələdədir. Hakimiyyətin bu sənədləri açıqlamaqda maraqlı olması həm onu göstərir ki, mümkün təzyiqləri önləmək üçün onların da konkret planları var. Xatırladaq ki, hələ ötən ilin sonunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də geniş məqalə yazaraq ABŞ-ı Azərbaycandakı “beşinci kolon” vasitəsilə çevriliş planları hazırlamaqda ittiham etmişdi.
“Yeni Müsavat”