Müəllimlər günü Lənkaranda da qeyd edildi
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü respublikamızın hər yerində olduğu kimi Lənkəran rayonunda da təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə əzəmətli “Şah” sarayında bayram şənliyi keçirildi.
"Xeberinfo.com": Şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova bayram münasibətilə bütün təhsil işçilərini təbrik edərək son illərdə rayonda təhsilin inkişafı sahəsində görülmüş işlərdən, yeni məktəb tikintilərindən, qazanılmış uğurlardan söhbət açdı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov çıxış edərək müəllimləri bayram münasibətilə təbrik edib onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. Bütün Azərbaycan ictimaiyyətinin Beynəlxalq Müəllimlər gününü bayram etdiyini vurğulayan İcra Başçısı daha sonra qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə həmişə yüksək qiymət vermiş, onların sosial qayğılarını daim diqqət mərkəzində saxlamışdır. Hazırda möhtərəm cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Respublikamızın bütün guşələrində məktəb tikintisinə, elm və təhsilə xüsusi önəm verilir. Rayonun tarixində ilk dəfə 1 ildə 11 orta ümumtəhsil məktəbi üçün ən müasir üslübda məktəb binaları tikilib istifadəyə verilmişdir. Ən əsası bütün yeni tikilən məktəb binaları ən keyfiyyətli avadanlıqlarla, kompyuter texnikası və məktəb ləvazimatları ilə təchiz edilmişdir. Bütün bu nailiyyətlər cənab Prezident İlham Əliyevin xalqımızın gələcəyi olan gənc nəslin yüksək səviyyədə elmə, biliyə və mədəniyyətə yiyələnməsi, sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün gördüyü möhtəşəm işlərin parlaq nümayişidir. Son illərdə ölkəmizdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlər məhz cənab Prezidentin ölkədə neft kapitalının insan kapitalına çevrilməsi, milli tərəqqinin daha da sürətləndirməsində mühüm rol oynayacaq bilikli kadrların hazırlanması kimi ümummilli maraq kəsb edən məsələlərin həllinə xidmət edir. Bu sahədə Heydər Əliyev Fondunun xəttilə də böyük işlər görülür. Fond tərəfindən respublikamızın ən ucqar dağ kəndlərində yeni, müasir tələbərə cavab verən məktəb binaları tikilir.
Taleh Qaraşov sonda rayonumuzun ictimai-siyasi həyatında müəllimlərin fəal iştirakına yüksək qiymət verərək rayonda təhsilin keyfiyyətinin ilbəil yaxşılaşdığını söylədi, növbəti illərdə bu uğurların daha da artırlımasını tövsiyə etdi.
İcra başçısı sonra təhsil sahəsində fərqlənən bir qrup müəllimə ŞİH-nin fəxri fərmanlarını və hədiyyələrini təqdim etdi.
Bayram tədbiri rayonun incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdi.