Daşkəsən rüşvət bataqlığında...
Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. Rayonun rəhbəri Əhəd Abıyevin əsas vaxtını Bakıda və Gəncədə keçirməsi nəticəsində ucqar dağ rayonu başdı-başına qalıb.
Xeberinfo.com: Məlumata görə, Daşkəsən kimi sərvətləri olan bölgə özbaşınalıqlar, xaos məkanına çevrilib.
Ə.Abıyevin həftənin əsas günlərində Gəncədə olduğu və ucqar rayonun iqliminə görə kabinetində çox zaman oturmadığı qeyd olunur.
Rayon camaatı isə problemlərini deməyə dövlət məmuru tapmır. Onlar ümidsiz şəkildə bölgə sərvətlərinin məmurlar tərəfindən yağmalanmasını seyr edirlər.
TİA.AZ-ın araşdırma qrupunun əldə etdiyi məlumatlarda söylənir ki, Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. Buna səbəblər var.
İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz.
Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur.
Bunu daşkəsənli sakinlərdən biri qeyd edib. Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki başının Gəncədəki işlərinə və biznesinə qarışdığı qeyd olunur.
Odur ki, ölkə prezidenti İlham Əliyevə ünvanlı müraciətdə Əhəd Abıyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.
Həmçinin, icra başçısının Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub. Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.
Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin rolu var.
Xatırladaq ki, bir müddət əvvəl Əhəd Abiyev yaylaq qalmaqalı ilə gündəmə gəlib, çobanlara Daşkəsən yaylağına qalxmaq üçün rüşvət tələb edib. Çobanlar isə bununla bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər.
Çobanlar bildirirlər ki, Əhəd Abiyevin özbaşına əməlləri nəticəsində onların yaylaq hüquqları kobud şəkildə pozulub. Belə ki, Ə.Abiyevin Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz qohumlarının adınadır.
"Mən 1996-cı ildən Daşkəsəndə kənd və fermer təsərrüfatı ilə məşğul oluram. Təəssüf ki, təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında başqa şəxslərə satılır. Bu işi ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehtiyev həyata keçirməkdə davam edir. Komitə ləğv olunandan sonra icra başçısı onu bu "xidmətlərinə" görə işsiz qoymayıb, yeni vəzifəyə təyin edib".
Bu barədə Daşkəsən rayon, İ.Qayıbov küçəsi 45, ev 21-də yaşayan, "Sahil-M" kiçik müəssisəsinin rəhbəri Məmmədova Nuriyyə Cəlil qızı bildirib. Şikayətçi ona məxsus torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir.
Nuriyyə Məmmədovanın sözlərinə görə, şikayətləri araşdırılması üçün Daşkəsən rayon İcra Hakimiyyətinə göndərilib. Onu dəfələrlə icra başçısı Əhəd Abıyev qəbul edib, vədlər verib. Amma problem həll olunmamış qalıb və təsərrüfat üçün nəzərdə tutulmuş torpaq sahəsi satılmaqda davam edir.