İcra başçısının sahibkarları soyan adamları - SİYAHI
Ağstafada sahibkarların hüquqları tapdanır.
Xeberinfo.com: Məlumata görə, icra başçısı Məhərrəm Quliyev ənənəvi siyasətini davam etdirir və iş adamları kütləvi şəkildə narazıdırlar.
MTN hadisələri və ölkə başçısının iş adamları ilə bağlı dedikləri bu rayonun rəhbəri üçün “bir küləkdir, əsdi, keçdi” deyimi kimi qarşılanıb.
Onların fəaliyyətinə maneçilk törətməsi, qeyri-rəsmi ödənişlərin tələb olunması, eyni zamanda dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan vəsaitin mənimsənilərək əvəzində proqrama əsasən görülməli olan işlər üçün maliyyətin sahibkarlardan tələb etməsi narazılıq yaradıb.
Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, rayonda mədəniyyət mərkəzlərini tikintisi üçün ayrılan maliyyə vəsaiti də icra başçısı tərəfindən mənimsənilir.
Ağstafadan olan sahibkarlar bildirir ki, mərkəzlərin tikintisi zamanı rayondakı sahibkarlardan əlavə kömək istənilib. Başqa sözlə desək, dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsait mənimsənildikdən sonra tikintisi yarımçıq qalmış obyektlərdə işin başa çatdırılmasında sahibkarlarından alınacaq vəsaitə ümid bəslənilib.
Sahibkarlar isə vəsaitin olduqca böyük məbləğ olduğunu bildirərək ödəməkdən imtina edirlər.
Bu işdə icra başçısına etibar etdiyi şəxs- öz müavini Aydın Hacıyev rəhbərlik edir. Sözügedən şəxs icra hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. İcra başçısı işlərin “kurasiyasında” ancaq bu şəxsə güvənir və ikinci birincinin etimadını tam doğruldur.
Məhərrəm Quliyevin rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyərək özü üçün biznes şəbəkəsi qurduğuna dair məlumatlar var. Tikintiyə ayrılan vəsaitlər “təyinatı” üzrə məhz tikintiyə yatırılıb, ancaq bir fərqlə- bu tikintilər dövlət vəsaiti hesabına aparılsa da, əslində icra başçısının şəxsi obyektləri sırasına əlavə edilib. Başqa sözlə, dövlətin pulu, vətəndaşların vergisi hesabına icra başçısı özü üçün yeni-yeni obyektlər tikdirib. Vəsaiti mənimsəməyin digər yolu isə bunu “qanuniləşdirmək” olub. Bunda isə Məhərrəm Quliyevin köməyinə rayonda abadlıq-qurulculuq, tikinti işlərinin aparılması üçün şirkətlərin müəyyən edilməsi məqsədilə keçirilən tenderlər olub. Hansısa “səbəbdən” həmin tenderlərin əksər hissəsini icra başçısının Malik adlı qohumunun rəhbərlik etdiyi şirkətlər “udub”.
İcra başçısını fəaliyyətindən narahat olanlar təkcə rayon sahibkarları deyil. Kənd təsərrüfatı naziri Heydər Əsədov da Məhərrəm Quliyevin fəaliyyətindən narazıdır. Nazirin rayona ayrılan subsidiyaların icra başçısı tərəfindən mənimsənilməsi ilə bağlı daxil olan məlumatları araşdırlmasından sonra bu barədə daha yuxarı instansiyalara məlumat verdiyi və icra başçısının fəaliyyətindən narazılığını ifadə etdiyi bildirilir.