Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…- İLGİNC FAKTLAR
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan Xəstəxanalar tərəfindən dövlət satınalmalarında yol verilmiş nöqsanlar barədə sosial şəbəkələrdə və elektron mediada kifyət qədər geniş məlumatlar var. Burada vəzifəli şəxslər tərəfindən əsassız olaraq əməkhaqqı ödənilməsindən tutmuş, digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə qədər hər cür xəbər tapmaq olar.
Yenixeber.org: Dövlət satınalmalarının internet portalı üzərindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparmışdır. Araşdırmalarda “Bərdə rayon Mərkəzi Xəstəxanası”nin Satınalma Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə şübhə yaradan bir sıra hallar məlum olmuşdur.
“Bərdə rayon Mərkəzi Xəstəxanası” tərəfindən “Liftlərin ehtiyyat hissələrinin və liftlərin aylıq texniki baxışının satınalınması” ilə əlaqədar 23.01.2025-cü il tarixində keçirilmiş kotirovka sorğusunda Bakı şəh. Xətai r., M.Hadi küç., ev 23, m. 137 ünvanında qeydiyyatda olan “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – 1300234641) 11 682.0 (on bir min altı yüz səksən iki manat 00 qəpik) manat məbləğində ən ucuz qiymət təklifi vermiş və satınalma komissiyası tərəfindən qalib seçilmişdir. Bildiriş dövlət satınalmalarının internet portalında 28.01.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” 2024-cü il üçün xərclər smetasının 222441 – “Əsas fondlara xidmət haqqı xərcləri” yarımmaddəsi üzrə – “Liftlərin aylıq texniki baxışının satınalınması” üzrə 05.06.2024-cü ildə başladığı kotirovka sorgusunda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-ni qalib seçmiş və tərəflər arasında 10.018,2 manat məbləğində müqavilə bağlamışdır. Məlumat dövlət satınalmalarının internet portalında 10.01.2025-ci ildə dərc edilib. Kotirovkanın başlanma tarixi 09.08.2024 bitmə tarixi isə 31.01.2025-ci ilə müəyyən edilib. Bu da “Bərdə rayon Mərkəzi Xəstəxanası” satınalmalarda qanunsuzluqlar yol verməsinə əsaslı şübhələr yaradır.
Qeyd edək ki, elektron mediada yayılan məlumatlarda da “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin adı bəzi qurumlarla keçirilmiş bir çox şübhəli satınalmalarda hallanır. Sözügedən məlumatlarda MMC-nin müvafiq sahədə peşəkarlığında, texniki və maliyyə imkanlarında, işçi qüvvəsində, təcrübəsində, bir sıra şübhəli məqamların olduğu bildirilir.
Bundan əlavə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyi Dövlət Statistika Komitəsi kimi ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda da öz əksini tapıb. Araşdırdıqda məlum oldu ki, 27.01.2025-ci ildə Dövlət Statistika Komitəsinin inzibati binasındakı sərnişin liftlərinə qulluqla bağlı xidmətlərin satın alınması məqsədilə kotirovka sorğusu prosedurunda iştirak edən “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin uyğunluq göstəriciləri (müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması) kotirovka sorğusunun tələblərinə uyğun gəlmədiyinə görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci maddəsinə əsasən satınalmadan kənarlaşdırılmış və bu qərar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 23.01.2025-ci il tarixli AİBNDX/SQ-509/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Bu məlumatlar isə “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olmadığını və sənədlərdə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.
Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” MMC (VÖEN 1300234641 ) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 23.06.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23, m. 137 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur. Reyestr məlumatlarında MMC-nin ilk adı 2023-cü ilə qədər “ŞƏHƏRGAH”, ondan sonra “FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY” olmuşdur. MMC nin təsisçisi və ilk qanuni təmsilçisi Ömərov Qüdrət Bayram oğlu olmuşdur. Onun adına “Altun Qaya” MMC də var. “ŞƏHƏRGAH” MMC-nin 2023-cü ilə qədər bir sıra dövlət qurumları ilə keçirilmiş bir çox şübhəli satınalmalarda hallandığından adını dəyişdiyi iddia olunur.
“Bərdə rayon Mərkəzi Xəstəxanası”nın bir şübhəli satınalması da odun yanacağının alınması ilə bağlıdır. Belə ki, səhiyyə ocağı bu məqsədlə bir mənbədən satınalma üsulu ilə fiziki şəxs Əliyev İngilis Nofəl oğlu ilə 8.100 manat məbləğində müqavilə bağlayıb. Portaldakı məlumata görə müsabiqənin başlanma tarixi 23.12.2024-cü il, bitmə tarixi 30.12.2025-cü ilə müəyyən olunub, 10.01.2025-ci ildə dərc edilib.