Vüsal Novruzov istintaqda, “Broker Əbülfəz” həbsin kandarında
Gömrükdəki məlum “yarpaq tökümü”ndən sonra istintaq aparılır

 Bakı Gömrük İdarəsinin keçmiş rəisi, general-mayor Vüsal Novruzov təşvişdədir.


Yenixeber.org: Bu barədə criminal.az-ın yaydığı məlumata görə, Vüsal Novruzov istintaqa cəlb edilib, barəsində cinayət işi başlanıb. 

Belə ki, “dərman mafiyası” ilə bağlı cinayət işi çərçivəsində V.Novruzov da istintaqa cəlb olunub. Onun işi sonradan ayrıca icraata götürülüb.

V.Novruzov uzun illər Azərbaycanda inhisarın başında dayanan yüksək vəzifəli məmurlardan olub. Sahibkarların onurğa sütünunun sındırılmasında birbaşa iştirak edib. 

Ümumiyyətlə, V.Novruzovun general rütbəsi və milyonlar sahibi olmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əməyini danmaq olmaz. 

Qısa zamanda var-dövlət sahibinə çevrilən generalın monopoliyanın yaranmasında xidmətləri az deyil. Onun nəzarətində olan gömrükdə qanunsuzluq iqtisadiyyata təsir edib. 

V.Novruzovdan sonra “Broker” MMC rəhbəri Əbülfəz Məlikov da çətin durumdadır. Hətta onun da sorğu-sual edildiyi deyilir. 

Ə.Məlikov Azərbaycanın sərhəd qapılarının baş inhisarçısıdır. V.Novruzovun və sabiq gömrük rəisi Aydın Əliyevin gözünün işığı olan “Broker Əbülfəz” sahibkarların “qanını içir”di. 

Yerli, hətta xarici iş adamlarının Azərbaycanın gömrük-keçid məntəqələrində soyğunçuluqla üzləşməsi yeni fakt deyil. 

Bu dövlət reketçiliyinin 20 ilə yaxınlaşan tarixi var. Ancaq son 5-6 ildə bu sahədə də məyyən «islahatlar» aparılıb. 

Daha dəqiqi, gömrükdə yığılan rüşvətin mərkəzləşdirilməsi və rəsmiləşdirilməsi, eləcə də sahibkarlara «vahid rüşvət tariflərinin» tətbiq eilməsi istiqamətində ciddi «nəaliyyətlər»əldə edilib. 

Elə «Broker» MMC kimi tanınan, rəsmi sənədlərdə isə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurumun yaradılması da bununla bağlıdır.

Artıq neçə illərdir iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir. Kimlərin hesablarına, bunu müəyyən etmək çətin deyil.
“Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. 

Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir.

Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. 

Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir.

Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. 

Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. 

Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlkov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.

Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.

“Trans Broker” MMC-nin müxtəlif ərazilərdə xüsusi terminalları da yaradılıb. Məsələn, Bakının girəcəyində yerləşən «Meyvəli Bazar»ın yaxınlığında belə bir terminal yaradıblar və ora daxil olan hər bir yük maşını 680 manat pul ödəməlidir. 

Pulu alandan sonra nə qəbz verirlər, nə də kassa mədaxil orderi. Yəni, açıq şəkildə dövlət büdcəsinə keçməli olan vəsait mənimsənilir.

Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Daha sonra isə V.Novruzov vəsifəsindən azad olunub.(palitika.az)