Arzu Rəhimov hara baxır?
“Oğlum 16 ildir ki, xəstədir, ürək genişlənməsindən əziyyət çəkir, 3-cü qrup əlildir, pensiya alır. Ancaq Laçının hərbi komissarı Anar Kazımov bizi süründürür ki, oğlumu pul alıb hərbi xidmətə göndərməsin. Axı 3-cü qrup xəstə necə əsgər ola bilər?”

Yenixeber.org: Bu sözləri şikayət məktubunda Laçından məcburi köçkün İsgəndərov Ələsgər yazıb.
 Onun sözlərinə görə, 19 yaşlı oğlu Bayram İsgəndərov “VTEK”dən kağızı var, dövlətdən pensiya alır. 

Ancaq Laçının hərbi komissarı A.Kazımov hərbi xidmətə yararsız onun oğlunu əsgərliyə göndərməmək üçün 2000 manat rüşvət tələb edir. 

Ə.İsgəndərov qeyd edib ki, komissar ürək xəstəsini gah Zərifə Əliyeva adına göz xəstəxanasına, gah Maştağa xəstəxanasına göndərir: 

“Bayramın bir gözü görmür. Onsuz da bu uşaq xidmətə yararsızdır. Sadəcə, bizi süründürür, qəsdən xəstəxanalarda yoxladır ki, pul qoparsın”. 

Məlumata görə, A.Kazımov Hərbi prokurorun müavini olan əmisi Rasim Kazımova güvənir. Ona görə də Laçın komissarlığında “meydan sulayır”. 

Köçkün rayonda xidmətə yararsız, xəstə uşaqların kasıb valideynlərindən pul qoparmasa əl çəkmir. Onlardan biri də Ə.İsgəndərovdur ki, oğlu Bayrama görə çarəsiz qalıb. 

Onun sözlərinə görə, heç bir halda onu əsgər aparmayacaqlar. Sadəcə, komissar pul qoparmaq istəyir və 2000 manat tələb qoyub: “Mən kasıb adamam, bu pulu hardan gətirim? Bu uşaq 16 ilin xəstəsidir”. 

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir.

Xidmət rəisi, general Arzu Rəhimov isə islahatlar apardığını, heç bir “niqodnıy” biznes olmadığını iddia edir. 

Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür.

SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. 

Məhz bunun nəticəsidir ki, böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər yaşanır.

Əmək fəaliyyəti dövründə bir dəqiqə belə olsa, bu sistemdə çalışmayan Arzu Rəhimov qanunsuz işlərə əl atmaqla cəmiyyətin SHXÇDX-yə olan inamını sarsıdıb. 

Yarandığı gündən adı müxtəlif qalmaqallara qarışan dövlət xidməti bu gün öz profilindən tamamilə uzaqlaşıb. 

Xidmətin yerlərdəki şöbə və idarələrində rəhbər vəzifələrdə çalışan şəxslər hərbi çağırış sistemini bərbad vəziyyətə salıblar. 

Əksər şöbə rəisləri çağırışçı gənclərə qazanc mənbəyi kimi baxırlar. Bu haqda dəfələrlə məlumat vermişik, amma Arzu Rəhimov və aidiyyəti orqanların rəhbərləri hələ də susurlar. 

Faktiki olaraq, görün bu sahə rəhbəri və Laçının komissarı nə günə qalıb ki, 16 ilin xəstəsini, məcburi köçkün ailəsini də incidir, pul istəyir.(fia.az) 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.