Rüfət Aslanlı haqqında şok iddia:Bahalı şərab şüşəsi üzərindəki müəmmalı qrif onunla bağlıdırmı?
Moderator.az saytının bugünkü buraxılışında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə bağlı maraqlı, bəlkə də mübahisəli bir məqalə dərcolunub. Məqalədə bildirilir ki, redaksiyaya R.Aslanlı ilə bağlı bir foto göndərilib və həmin fotodakı şərab şüşəsi üzərində yazılan “Aslanlı” qrifi xeyli dərəcədə müəmmalı və maraqıdır.
Yenixeber.org: Məqalə müəllifi iddia edir ki, Fransa istehsalı olan olduqca bahalı şərabın üzərində yazılan “Aslanlı” ifadəsində MBNP rəhbərindən söhbət gedir.
Yazıda qeyd olunur: "Təbii ki, biz bu iddianın nə dərəcədə həqiqəti əks etdirdiyini sübut etmək imkanından məhrumuq və hətta həmin şərabın istehsalçısı olan dünyaca məşhur şirkətə göndəriləcək sorğuya da cavab alacağımız inandırıcı olmazdı. Biz sadəcə “Google”da axtarış verməklə həmin şərabların olduqca baha olduğunu və bir şüşəsinin 3000-5000, hətta bir neçə 10 min avroya satıldığını müəyyənləşdirə bildik. (Rüfət Aslanlının bir şüşəsinin qiymətinin 18 min avro olan "Petros" şərablarından da vaxtaşırı istifadə etdiyi və ümumiyyətlə onun şərab bilicisi olduğu iddiaları da var)
Eyni zamanda diqqətçəkən bir məqam da şərab şüşəsinin üzərindəki "Aslanlı" ifadəsindən başqa pilləkənlərlə sürətlə yuxarı dırmaşan aslanın fotosu və "dərk et, güclən, yüksəl" şüarıdır. Buradan belə anlaşıla bilər ki, Rüfət Aslanlı düşünüldüyündən də iddialı adamdır və onun əsas hədəfi bank-maliyyə sektoruna nəzarəti tam ələ keçirməklə yanaşı məmur korpusuna da təsir etmə rıçaqlarına sahiblənməkdir.
Bu isə olduqca təhlükəli yanaşma ola bilərdi və biz ötənlərdə Eldar Mahmudovun da oxşar ssenari ilə necə xam xəyallara doğru sürətlə irəlilədiyinin şahidi olduq. Burada bir haqlı sual yaranır. Əcəba, Rüfət Aslanlı bununla nə demək istəyir və ya kimlərə hansı mesajları verir? Bu baxımdan əgər həmin şərab şüşəsinin üzərindəki kodlu mesaj tamamilə çözülsə bir çox sualların cavabı tapılmış olar. Bizimsə bunu deşifrə etmək imkanımız yoxdur. Amma təbii ki, Azərbaycanın müvafiq qurumları asanlıqla bu şərab şüşəsinin üzərindəki "tapmaca"nın cavabını tapa və doğrudan da həmin şərab şüşələrinin üzərindəki “Aslanlı” ifadəsinin konkret olaraq kimdən bəhs etdiyini müəyyənləşdirə bilərlər.
Əgər doğrudan da söhbətin bir azərbaycanlı məmurun ölçüyəgəlməz şərab sevgisindən getdiyi üzə çıxarılacaqsa, bu cəmiyyəti silkələyəcək çox ciddi bir olay olacaq. Çünki “Qaçqınkom” sədrinin ərköyün nəvəsinin törətdiyi tükürpədici hadisədən sadəcə günlər keçib və cəmiyyət hələ də bu məsələni xısınlaşmaqdadır. Çünki Prezident İlham Əliyev az qala hər müşavirədə məmurlara xitab edərək onları təvazökarlığa, xalqın xidmətçisi olmağa səsləyir, hər bir məmurun nümunəvi davranışları ilə cəmiyyətin rəğbətini qazanmalı olduğunu vurğulayır. Eyni zamanda bunları bildirməklə yanaşı dövlət başçısı bir-iki istisna ilə (Sonuncu dəfə avtoşluq edən oğluna görə general Novruzəli Orucovu cəzalandırıb) aşırı humanistlik sərgiləyərək məsələyə təmkinli yanaşır və sanki gözləmə mövqeyi tutur ki, xəbərdarlıqlarından nəticə çıxarılsın.
Amma əgər Rüfət Aslanlının da ölkə başçısının bunca xəbərdarlıqlarına baxmayaraq məmura yaraşmayan, bu azmış kimi nümayişkaranə şəkildə bunu ifadə etməkdən çəkinməyən davranışlar sərgilədiyi bəlli olsa, o zaman onu hansı aqibət gözlədiyini müəyyənləşdirmək çətin olmaz. Bu zaman bəlli olacaq ki, neft sektorundakı qiymət təlatümlərinin iqtisadiyyatımıza neqativ təsirlərini önləmək üçün dövlət başçısının ölkəni yeni inkişaf strategiyasına kökləyəcək Strateji Yol Xəritəsini hazırlayıb həyata keçirməsini əngəlləyən amillərdən biri də bank sektorunda vəziyyəti daha da dramatikləşdirən səriştəsiz addımların atılması, obrazlı ifadə edilsə, Rüfət Aslanlının özünəməxsus "Yol Xəritəsi" cızması imiş...
Xatırladaq ki, MBNP son zamanlar yaradılsa da kifayət qədər strateji qurum hesab olunur və ölkənin bank-maliyyə sistemi tamamilə bu qurumun nəzarəti altındadır. Buna baxmayaraq bu qurumun fəaliyyətindən narazalıq ötən il Milli Məclis iclaslarında da açıq şəkildə deputatlar tərəfindən ifadə olunmuşdu, ölkənin maliyyə-bank sektorunda baş verənlərə cavabdehlik daşıyan digər yüksək çinli məmurların da Rüfət Aslanlının fəaliyyətindən razı olmadığı göz önündədir.
Yeri gəlmişkən, bir müddət öncə onun prezident İlham Əliyevin maaşından 4 dəfə artıq maaş alması barədə də xəbər cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Bütün bunlar onu deməyə əsas verir ki, gözlər Rüfət Aslanlıda və digər məmur həmkarlarından fərqli olaraq daha təvazökar, daha nümunəvi davranışları ilə seçilməyin qayğısına qalmalıdır, əks halda nələrin baş verəcəyini bilməmiş deyil...