Terror hücumlarını qınamaq nə üçün yetərli deyil?
Xeberinfo.com: Ötən aylarda dünya zorakılıq, terror və qarşıdurma səhnələrinə, hətta bir hərbi çevriliş cəhdinə şahid oldu. İstanbuldan Bağdada, Dəkkədən Mədinəyə, Qaziantepdən Ankaraya qədər hər yerdə günahsız insanlar hədəf alındı. Ümid edirəm ki, qısa müddət ərzində bu zülm sona çatar və dünya uzun müddətdir ki, həsrətini çəkdiyi sevgi və birliyə, dinc günlərinə qovuşar.Bu dəhşətli davranışın, yəni terrorizmin altında yatan səbəblər nə olursa-olsun, qəti şəkildə pislənməlidir. Çünki terrorun bəhanəsi və ya haqlı arqumentləri ola bilməz. Müdafiəsiz insanları sadəcə fərqli fikirlərə sahib olduğu üçün, ya da təkcə pis söz dedikləri üçün qətlə yetirmək vəhşilikdir.
İslamın adından istifadə edərək, cihad deyərək qətliam edənlər Qurana görə qatildirlər. Çünki Quran müdafiəsiz, məsum insanları öldürməyin qəddarlıq olduğunu deyir. Allah terroru və hər cür oxşar zorakılıq hərəkətini qadağan edir və bu cür hərəkətlərə qarışanları lənətləyir. Təəssüf ki, vəhşi və qorxunc radikalizm İslam adından hərəkət edir.
Dünyadakı müsəlmanların çox böyük hissəsinin sülhsevər insanlar olduğunu və bu dəhşətli terror aktlarını pislədiklərini deməyə ehtiyac belə yoxdur. Ancaq bu həqiqət radikalizmin İslam dünyasında bir xərçəng virusu kimi yayıldığı və böyüdüyü həqiqətini dəyişdirmir. Bu səbəbdən dinc müsəlmanlar yalnız bu cür hadisələri pisləməklə kifayətlənib, altında yatan səbəbləri anlamağa çalışmadan, ya da xəstəliyi müalicə etməyə çalışmadan geri plana çəkilsələr, bu fəlakətlərin davam etməsi qaçılmaz kimi görünür.
Üstəlik, özlərini sülh tərəfdarı hesab edən bir çox müsəlman da radikalların ideologiyalarını qidalandıran eyni batil inanclara sahibdirlər. Buna görə bir müsəlman şiddətə qarışmasa, ancaq fanatik mentalitetə inanaraq inkar edənlərə qarşı kin bəsləsə, bu da eyni şəkildə yanlış olar. Həmçinin bunu haqlı çıxarmaq məqsədi ilə Qurandan başqa mənbələrə müraciət etsə, o da həmin səhv ideologiyanın bir başqa əsiri halına gələr. Elə bu səbəbdən radikalizmin təbiətini və səbəblərini anlamaq və bunu həll etməyin yollarını İslamda axtarmaq ilk addım olmalıdır.
Terrorizm dünya liderlərinin qınaması, yürüşlər, ya da sadəcə "İslam sülh dinidir" deməklə bitmir. Uydurma hədislərdən və ənənəvi fanatik təfsirlərdən təmizlənmiş Qurandakı İslam sülh dinidir. Quranda söz azadlığı, fikir azadlığı və qardaşlıq var. Ancaq fanatiklərin və radikalların ağlındakı İslam anlayışı çox fərqlidir və bu problemi həll etmək üçün israrla Qurandan dəlillərlə maarifləndirmə ilə bu həqiqətləri İslam dünyasına göstərmək lazımdır. İslam dünyasını əhatə edən batil etiqadlardan təmizləmək üçün təcili olaraq geniş miqyaslı iş aparmaq lazımdır. Qərb dünyasının dəstəyi çox əhəmiyyətlidir, amma burada ən böyük vəzifə müsəlmanlara düşür.İnsanları fanatik düşüncədən xilas etməyin ən yaxşı yolu sistemli və düzgün maarifləndirmə proqramı tətbiq etməkdir. Müsəlman ölkələrdəki dini təhsil yalnız Qurana əsaslanmalıdır. Yeni nəsillər inancı uydurma hədislər ehtiva edən həddindən artıq mühafizəkar kitablardan deyil, Quranın özündən öyrənməlidirlər.
İfrat mühafizəkarlıq olaraq da tanınan fanatik anlayış insanları qaranlığa sürükləyir. Fanatiklər öz fikirlərinə həddindən artıq bağlı olur və bütün başqa fikirləri inkar edirlər. Lazım bildikləri təqdirdə zorakılığa əl atmağa meyilli olurlar.
Həqiqətlərə qarşı gözləri qapalı olduğundan, əks fikirlərə hücumla cavab verməkdə tərəddüd etmirlər. Buna görə də, dünyadakı insanlar, həyat ideologiyası kimi şiddəti qəbul edən minlərlə qrupa bölünürlər. Sayı getdikcə artan bu qrupların hər biri özünü doğru yolda görür və digərlərinə yaşama haqqı tanımır. Bunun bir nəticəsi olaraq da müharibə və münaqişə sonsuza qədər davam edir.
Bütün bu qarışıqlıq, dünya miqyasında maarifləndirmə tədbirləri ilə sona çata bilər. Haqq yolda olan müsəlmanlar Quranda təsvir edildiyi kimi, problemləri danışaraq həll edirlər. Bu baxımdan fikir ayrılığı və ya uyğunsuzluqlar müzakirə olunarkən, zorakılığın heç bir növünün qəbul edilməz olduğunu və bunun dini baxımdan olduğu kimi, qanunla da yol verilməz olduğunu deməyə ehtiyac belə yoxdur. Bu həqiqət hər kəs tərəfindən çox açıq şəkildə başa düşülməlidir. Quran İslamın insan həyatına verdiyi dəyəri və insan öldürməyin çirkinliyini bir ayədə belə açıqlayır:
…kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar… (Maidə surəsi, 32)
Adnan Oktar